Mədəniyyət Nazirliyi martın 11-dən 14-nə kimi Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribusiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edib.
Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunub.
Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirilib.
“Ədəbiyyat və incəsənət”
(15.03.2024)