SƏNİ UNUTMADIQ! - Bu gün Qənirə xanım Paşayevanın doğum günüdür Featured

 

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi mərhum millət vəkili Qənirə Paşayevanın doğum günü münasibətilə paylaşım edib. Mətni diqqətinizə çatdırırıq.

Bu gün Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin üzvü, Mədəniyyət Komitəsinin sədri (mart 2000 - sentyabr 2023),  Asiya Parlament Assambleyasının sədr müavini (yanvar 2023 - sentyabr 2023) ünlü telejurnalist, yazıçı-publisist, ictimai xadim Prof.Dr. Qənirə xanım Paşayevanın (07.03.1975, Düz Qırıqlı, Tovuz - 28.09.2023, Bakı) doğum günüdür. 

Qənirə xanımın "Qarabağ hekayələri" (ortaq; 5 dildə), "Xocalı soyqırımı: Şahidlərin dilindən" (ortaq; iki dildə), "Dünyanın itirdiyi böyük insan - ATATÜRK", "Dünyanı dəyişdirən alimlər", "Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar" (3 cilddə), "Onun sevgi məktubları", "Aşk başka", "O", "Məndən sonra", "Sevgidən eşqə", "Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi…", "Quzey Kıbrıs və Kıbrıs türkləri", "Qənirə Paşayeva ilə addım-addım Qaqauziya", "Addım-addım Özbəkistan", "Qardaşım QAZAXISTAN", "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası", "Addım-addım Yaponiya", "Addım-addım Albaniya", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" (ortaq), "Qarabağdan doğan Günəş – Xurşudbanu Natavan" (ortaq), "Bir Vatandan bir Vatana - Almas Yıldırım" (ortaq), "Ağ filin uğur gətirdiyi ölkə - Tailand", "Sirlər dünyasına səyahət - Misir", "Tovuz şəhidləri (44 günlük Vətən müharibəsi)", "Tarixə adını yazan Azərbaycan qadınları" və b. kitabları gün üzü görüb; o, həmçinin onlarla kitabın önsöz yazarı, redaktoru, məsləhətçisi, rəyçisi olub. 

Qənirə Paşayevanın "filmoqrafiya"sı da zəngindir: "Apreldən əvvəl may..." (2001), "Erməni soyqırımı. Türkün sözü" (2001), "Mənə inanın!" (2007), "Ruhum qarabağlıdır" (2012) və b. filmlər onun ssenarisi, rejissorluğu əsasında çəkilib.

Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, ona müraciət edən vətəndaşlara yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir. 

Əziz Qənirə xanımı doğumunun 49-cu ildönümündə sevgi-sayğı ilə anırıq. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(07.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.