Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin sədri... Desəm ki, əsərlərini oxumuşam, yalan danışaram. Heç özüylə də tanış deyilik. Amma imtahana hazırlaşan tələbələr kimi, arayıb axtarıb, onun haqqında xeyli məlumat toplaya bilmişəm…
Filoloq-alim Elşad Səfərli onu belə xarakterizə edir: “Qafar Cəfərli imzasının məsuliyyətində orijinal üslublu, zəngin dilli və obrazlarının psixolojisində "davranan" bir yazıçının ədəbi hisslərini duydum. Mən hər yeni ədəbiyyat cəbhəsinə ayaq basan şairə, yazıçıya sadəlövh yanaşmağı xoşlamıram; üstəgəl, uzaq bölgələrdə, o cümlədən Lənkəranda yaşayıb-yaradan bir istedadlı qələm sahibi olsun.”
Ədəbiyyatşünas-tənqidçi Allahverdi Eminov isə söyləyir ki;- “Qafar Cəfərlinin "Saatın 61-ci dəqiqəsi" hekayələr və povestlər kitabını əlyazma halında oxuyanda, nə gizlədim, püxtələşmiş bir yazıçının nəsr dünyagörüşünü duyub yaşadım. Mən onun hekayələrində xarakterlərin davranışını, müəllifin süjet qurmaq fərdiliyini, yaxud avtobioqrafik xüsusiyyətini müşahidə etdim. Və mənə elə gəldi ki, yazıçılıq psixologiyasına xas keçirilən hisslərin hamısını özündə ehtiva edir.”
Bəli, bu günkü söhbətim AYB-nin Lənkəran Bölməsinin sədri, yazıçı, publisist Qafar Cəfərlidən olacaq. Onu sizə kəşf edib tanıdığım kimi, təqdim etmək istəyirəm. Ola bilsin ki, haradasa zəndim məni aldadar, amma əminəm ki, onun obrazını olduğu kimi təsvir etməyə gücüm çatacaq...
Müdrik adamdır, söylədikləri düşüncələrindən qaynaqlanır. Necə deyərlər, boğazdan yuxarı danışmır, fikirlərini yazıçılara xas ardıcıllıqla ifadə edir, sanki süjet xətti qurur. Rəsmiyyətə meyillidir, amma bunun arxasında sadə bir insanın gizləndiyi aydın nəzərə çarpır. Xarakteri güclüdür, adama “köhnə” kişiləri xatırladır. Qürurlu və məğrurdur. Heç vaxt müvazinətini itirmir. Videolentlərdəki çıxışlarını izlədikcə jestləri, “bədən dili” onun yaxşı adam olduğundan xəbər verir...
Deyir ki,- “Lənkəran şəhəri orta əsrlərdən üzü bu yana həmişə bölgənin mədəniyyət mərkəzi olub. Təbii iqlim şəraitinin gözəlliyi və sərvətlərinin bolluğu şəhərin iqtisadi və mədəni inkişafında başlıca rol oynayıb. Təsadüfi deyil ki, buradan elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər, dövlət xadimləri ilə yanaşı, ciddi ədəbi fəaliyyətlə məşğul olan adamlar da çıxıb. Mənbələrdən məlum olur ki, hələ Xl-Xll əsrlərdə Lənkəranda məktəb və mədrəsələr, sufi ocaqları, təkyələri fəaliyyət göstərib. Məzarları müqəddəs ziyarətgaha çevrilən Şeyx Camaləddin və onun şagirdi, bütün Şərqdə məşhur olan Şeyx Zahid Gilaninin sufi məktəbləri buranın güclü elm mərkəzi olduğundan xəbər verir. Azərbaycanın müxtəlif şəhərlərindən elm öyrənmək üçün buraya gələnlərin arasında Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin də olub. Onlar təkcə təriqət başçıları olmayıb, eyni zamanda bədii yaradıcılıqla məşğul olmaqla, öz irfani fikirlərini şeirlə xalqa çatdırıblar. Əsərlərinin çox kiçik bir hissəsi bizə çatan bu böyük şəxsiyyətlərin yaradıcılığı bölgə ədəbiyyatının ilkin nümunələri kimi səslənir. Sonrakı əsrlərdə bu missiya davam etsə də, bir-birini əvəz edən feodal müharibələri zamanı kitabxanalar kütləvi şəkildə yandırıldığı üçün bizə gəlib çatmayıb.”
Söylədiklərində pafos axtarmağa dəyməz, nə də ki, yazıçı təxəyyülünün ifadəsi kimi yanaşmaq da olmaz. O, yerlibazlıqdan çox uzaqdır. Bəziləri kimi,- mənim elim bütün ellərdən yaxşıdır- düşüncəsindən də danışmır. Hadisələrə obyektiv dəyər verməyi bacarır...
Filologiya elmləri doktoru Vaqif Yusifli onun haqqında söyləyir;- “Öncə onu deyim ki, Qafar Cəfərli yaxşı yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. "Günahsız mələk", "Namus yarası", "Gecənin lal fəryadı" və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, "Tanrının göz yaşları" romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir. "Ömür yolu" avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.”
Ciddi görkəmi var. Bəlkə də, bu ciddilik uzun müddət çalışdığı sahənin xarakterindən vücuduna hopub, deyə bilmərəm, amma çox işgüzar adamdır. O, AYB-nin Lənkəran Bölməsinə sədr təyin olunandan bəri, bir sıra uğurlara imza atıb. Şəhərin yaradıcı adamları ilə mehriban münasibət qura bilib. Tez-tez ədəbi-bədii tədbirlər keçirib gənclərin maariflənməsinə töhfə verməyə çalışır. Professor Vaqif Yusifli fikirlərini belə yekunlaşdırır: “Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu - yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.”
Bəli, güman edirəm ki, onun haqqında öyrənib bildiklərimi sizinlə bölüşə bildim. Bu gün - martın 7-si Qafar Cəfərlinin doğum günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)