Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə bir məşhurun qızından söhbət açmaq istəyirəm. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Sonra Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ali təhsilə yiyələnib. 2002-ci ildə mtbuatda jurnalist kimi fəaliyyətə başlayıb. Bir müddət sonra "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olub. 2018-ci ildən isə Bakı Kitab Mərkəzinin direktorudur. Həm də yazıçıdır və bir neçə kitabın müəllifidir. Yazıçı olmaqla yanaşı, o, eyni zamanda gözəl publisistdir. Xeyli müsahibə və məqalələri var...
Deyir ki,- “Bəli, hər bir qələm sahibi ilk növbədə insandır. O da musiqidən, kinodan, kitabdan təsirlənə bilir. Əgər robot olsaydı, deyə bilərdim ki, qələm adamı heç nədən təsirlənmir, bu hiss ona yaddır. Əlbəttə ki, mən də bütün bunlardan təsirlənmişəm. Qəribədir, atamla mənim oxşar cəhətlərimiz çoxdur. Yəqin ki, hər ikimiz də ədəbiyyatçı ailəsində doğulmuşuq, ondandır. Bizim tərbiyəmizdə, formalaşmağımızda kitabların rolu danılmazdır. Ancaq bu, o demək deyil ki, yalnız hansısa əsərdən təsirlənib yazıram. Əgər insanda istedad varsa, bu, mütləq üzə çıxacaq. Əgər atam yalnız kiminsə əsərindən təsirlənib yazsaydı, o, heç vaxt Xalq yazıçısı olmazdı. Hətta mən atamın əsərlərinin oxucusu olsam da, ondan təsirlənməmişəm. Tənqidçilər də deyir ki, biz tamamilə müxtəlif üslublarda yazırıq. Doğrudur, “Altıncı” povestim var ki, onu atamın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsərinin davamı hesab edirəm, amma əslində üslubumuz çox fərqlənir. Çalışmışam ki, bu povestdə obrazlar da, üslub da olduğu kimi qalsın. Bunlar hamısı olan şeylərdir. Dünya da bunu qəbul edir. Ancaq, əgər sən kiminsə əsərini götürüb mənimsəsən, bu artıq plagiat olar. Mənim vicdanım heç vaxt buna yol verməz...”.
Əla! Düz tapdınız, söhbətimin qəhrəmanı Günel Anarqızıdır. 1972-ci ildə Bakıda dünyaya gəlib. Ağlı kəsəndən, evdə yüzlərlə kitab görüb. Əvvəlcə onları vərəqləyib şəkillərinə tamaşa etsə də, əlifbanı öyrənəndən sonra oxumağa başlayıb. Beləcə, oxuya-oxuya böyüyüb, böyüyə-böyüyə də oxuyub...
“Bizim ailə haqsız tənqidlərə çox məruz qalıb, artıq vərdiş etmişik. Babamdan tutmuş mənədək hamımız zaman-zaman bu “tənqidlərin” mərkəzində olmuşuq. Mənim demək istədiyim başqadır. Həm Yazıçılar Birliyinin üzvü kimi, həm də yazıçı kimi deyə bilərəm ki, Anarın xalqı qarşısında həm yazıçı, həm də ictimai xadim kimi xidmətləri danılmazdır. Bunu atam olduğu üçün demirəm. Həqiqəti belə düşündüyüm üçün deyirəm. Tənqidlər onsuz da həmişə olur. Bir də ki, tənqid edən adamın gərək özü də ortaya nəsə qoysun və kimisə tənqid etməyə haqqı çatsın. Özündən qat-qat böyük olan, millətə daha çox xidmət etmiş adamı tənqid etməyin də bir səviyyəsi olmalıdır. Səviyyəsizin, özünün heç bir xidməti olmayan adamın durub nəsə deməyi çox gülməli görünür”, - söyləyir.
Kübar xanımdır. Bu ona daşıdığı gendən bir ərmağandır. Elə düşünməyin ki, qazandığı uğurlarda atasının əməyi var, əsla. Bütün nailiyyətlərə öz istedadı, işgüzarlığı ilə nail olub. Çox mədəni və intizamlıdır. Əgər yazıçılıq istedadı ona atasından ötürülübsə, bu xüsusiyyətləri isə anası, akademik Zemfira Səfərova ona aşılayıb...
Deyir ki,- “Hazırda rəhbərlik etdiyim Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürüb. Əslində, Fondun rəhbəri Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür. Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildiriblər. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi. Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Deyir ki, memarlıq abidələri bizim tariximizdir...”.
Erkən gəncliyində ailə həyatı qurduğu üçün, ona nənə olmaq sevincini yaşamaq orta yaşlarından nəsib olub. İki qızı, bir neçə nəvəsi var. İşləri nə qədər çox olsa da, övladlarına qulluq etməyi çox sevir...
“Sözsüz ki, mənim dincəldiyim yer evimdir. Evimi istədiyim kimi qurmuşam, ona görə də burada rahatlıq tapıram. Yay aylarında bağa köçəndə, əlbəttə, orada da dincəlirəm, amma yenə də şəhər evimi daha çox istəyirəm və buraya hər zaman tələsirəm. Qəribə səslənsə də evdə olan vaxtımın çox hissəsini mətbəxdə keçirirəm. Ona görə yox ki, biş-düşlə məşğulam. Səbəbi odur ki, mətbəx mənə daha rahatdır. Mətbəxdə yığcam bir televizorum var, səhərlər ona baxıram. Evdəkilər narahat olmasınlar deyə qapını bağlayıram və səhər saatlarını orada keçirirəm. Adətən hamıdan tez oyanıram, ətirli çay dəmləyib onun keyfini yaşayıram. Qonaq otağında isə axşam vaxtı daha çox oluram, evimə gələnləri orada qarşılayıram. Uşaqlarım bişirdiyim yeməkləri çox sevir, məndən bəzən xüsusi bir şey hazırlamağı xahiş edirlər. Bir müddət əvvəl nəvəmin ad günü idi. Qızım istədi ki, nəvəmin ad gününə şah plovu bişirim. İnandırım sizi, hələ belə sürətlə yemək bişirməmişdim. Çünki hərdən vaxt məhdudiyyəti də olur. Tez-tez yorğunluq da...
Elə xanımlar var ki, yemək bişirməklə arası yaxşıdır, evə nə qədər yorğun gəlsələr belə, yeməyi həvəslə hazırlayırlar. Mən təəssüf ki, o qadınlardan deyiləm. Ona görə də çalışıram bu işləri səhər görüm, axşam isə dincəlməyə üstünlük verirəm”, - söyləyir.
Heç vaxt xüsusi pəhriz saxlamır. Necə deyərlər, nənə olsa da hələ ki, gözəlliyini, təravətini itirməyib. Yağlı, qızardılmış yeməkləri xoşlamır. Az kalorili, xeyirli qidaya üstünlük veririr və ən əsası da idmanla məşğul olur. Düşünür ki, fiziki aktivlik çox şeyin dərmanıdır. Xəstələnməmək üçün idmanla məşğul olmaq zəruridir. Həm də idman insanın ovqatını yaxşılaşdırır, sağlamlığını gücləndirir və artıq çəkinin qarşısını alır...
Martın 6-sı yazıçı, jurnalist, publisist Günel xanımın növbəti ad günü idi. Ona yaradıcılıq uğurları arzulamaqla yanaşı, möhkəm can sağlığı, eləcə də nəvələrinin xeyir işlərini görməyi diləyirəm...
Yeni yaşınız mübarək, Günel xanım!
“Ədəbiyyat və incəsənət”
(07.03.2024)