Gülnarə Cəmaləddin yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, Sumqayıt ədəbi mühitinin ağsaqqalı Əşrəf Veysəllinin doğum günü - 83 yaşı münasibətilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddinin yazdığı təbrik yazısını diqqətinizə çatdırır.
Bu şəhərdə onu sevməyən yoxdu. Bunu əminliklə deyirəm. Böyükdən kiçiyə hamı onu sevir. O, xöşbəxt adamdı, bəxtiyar şairdi. Şairlik zülüm olsa da, o qədər sevgi qarşısında çəkdiyin zülmə-zillətə dəyər.
Hər misrasında ürək döyüntüsü, hər sətrində özündən nəsə var. Güclü poetik yaddaşı, ciddi yumor hissi və hazırcavablığı ilə yadda qalıb.
Sumqayıtlı şairlərin USTAD deyə ərklə müraciət etdiyi, qürur duyduğu şairdi Əşrəf müəllim.
Şeirləri nəğmə kimidi. Ruhunu tərpədir, adamı özündən alır. Əşrəf müəllim böyüklə böyük, kiçiklə kiçikdir. Ürəyi, ruhu, şeirlə, sözlə yoğrulub. Yorulanda da sözün çiyninə baş qoyub, təsəllini də sözdən alıb.
Ağsaqqal kimi də hər kəsin yerini və dilini bilir. Çətin anlarda insanlara dayaq olur, yol göstərir. Öz imzası və öz sözü ilə ruhumuza hopub...
Bu gün Əşrəf müəllimin də faniylə yolçuluğa başladığı gündür. Faninin işindən agah adamdı, bəzən ona sözardı nələrsə pıçıldayır...
Bəzən açıq-aşkar ona aldanmadığını da söyləyir.
Gününüz və günümüz mübarək,Əşrəf müəllim, əziz insan, mübarək adam! Sizə əbədiyyət ömrü arzulayırıq!
“Ədəbiyyat və incəsənət”
(06.03.2024)