Bu gün Od çərşənbəsidir Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət” 

 

Bu gün ikincisi çərşənbə  - Od çərşənbəsidir və bizi Novruzdan cəmi 2 çərşənbə ayırır. 

 

Novruz bayramı dörd əsas çərşənbəni – Su, Od, Yel və Torpaq çərşənbələrini özündə birləşdirir. Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir.

Xalqımızın qədim bayramlarından olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. 

Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Ona görə də tonqal qalamaq adəti illərdir ki davam edir. 

İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər. Qalanan tonqal isə həmişə nəyə isə işarə olub. Bunu “Dədə Qorqud” filmindən də xatırlayırıq.

 

Azərbaycanda martın 12-də Yel çərşənbəsi, martın 19-da isə Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Od çərşənbəniz mübarək, əziz oxucularımız!

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.