Komitə sədri Estoniyada yaşayan azərbaycanlı şairi təbrik edib

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Tartu Universiteti Türk Dili Mərkəzinin müdiri, Estoniya-Azərbaycan Cəmiyyətinin başqanı, şair, tərcüməçi, professor Xaqani Qayıblını 60 illik yubileyi ilə bağlı təbrik edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Məclisdən məlumat verilib. 

Təbrik məktubunda tanınmış ictimai və mədəniyyət xadiminin fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:

 

“Hörmətli Xaqani müəllim,

Sizi 60 illik yubileyinizlə bağlı təbrik edir, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurları diləyirəm!

Siz şair, tərcüməçi, publisist, ictimai və mədəniyyət xadimi, Estoniya Prezidentinin şəxsi tərcüməçisi, Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin, Estoniya-Türkiyə Mədəni Əlaqələr Cəmiyyətinin (İdarə Heyətinin), Estoniya Akademik Şərqşünaslar Cəmiyyətinin, Estoniya Jurnalistlər Akademiyasının üzvü və digər ictimai, elmi görəvlər daşıyaraq, çoxşaxəli, məhsuldar fəaliyyətlə məşğulsunuz.

1989-cu ildə Təhsil Nazirliyinin xətti ilə, Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya – Tartu Universitetinə göndərilmisiniz. Siz orada həm Filologiya, həm də Jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbə olmusunuz. Siz həmçinin Fin-Uqor dilləri üzrə ilk azərbaycanlı alim, Estoniyanın fəxri vətəndaşlığını alan ilk türksünüz.

“Eston və türk dillərində feil quruluşlarının müqayisəsi” (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işiniz sizə elm aləmində şöhrət qazandırıb.

1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazılarla çıxış edirsiniz.

Əsərləriniz eston, gürcü, rus, latış, alman dillərinə və bir sıra qardaş türkcələrə çevrilib. 5 kitab və 1 monoqrafiyanın müəllifisiz. Bir çox beynəlxalq simpozium və konfransda yaddaqalan məruzə ilə çıxış etmisiniz.

“Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası” (2004) və “Türkcə-estonca, estonca-türkcə turist sözlüyü”nün (2000) müəllifi, “Estonca-azərbaycanca sözlüy”ün (2005) redaktorusunuz.

“Danabaş kəndinin əhvalatları” (C.Məmmədquluzadə), “Mən burdayam İlahi” (V.Səmədoğlu), “Kim dedi ki, Simurğ quşu var imiş?” (K.Abdulla), “Halarvadı” (B.Abdullayev) isə estoncaya çevirdiyiniz əsərlərdən bir qismidir.

Sizi ictimai, elmi və ədəbi-mədəni yaradıcılıq uğurlarınız, eləcə də, 60 illik yubileyinizlə bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

 

Qeyd edək ki, martın 16-da Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, Azərbaycan Yazıçılar Birliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Xaqani Qayıblının yaradıcılıq gecəsi təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.