Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa komitə adından “Hüseyn Razini anırıq” adlı paylaşım etmişdir. Paylaşımın mətnini oxucularımıza təqdim edirik.
Bu gün Naxçıvan Muxtar Respublikasının (1981) və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1984),
şair-dramaturq, jurnalist
Hüseyn Razinin anım günüdür (Hüseyn Məmməd oğlu Rzayev; 17.10.1924, Dəstə, Ordubad – 27.02.1998, Dəstə, Ordubad).
Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsinin tanınmış məzunlarından və II Dünya müharibəsinin iştirakçısı olmuş Hüseyn Razi Ordubadda səkkizillik məktəbdə müəllim, Dəstə kənd klubunda müdir, Naxçıvan Radio Verilişləri Redaksiyasında redaktor, "Şərq qapısı" qəzetində ədəbi işçi, AzərTAC-ın Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri vəzifələrində çalışıb.
Hüseyn Razi uzun illər "Şərq qapısı"nda "Ədəbiyyat və İncəsənət" şöbəsinin müdiri olub (1962-1989), sonra təqaüdə çıxıb.
1947-ci ildə ilk şeirləri "Şərq qapısı" qəzetində, "İnqilab və mədəniyyət" (indiki "Azərbaycan") jurnalında çap olunub; bundan sonra dövri mətbuatda davamlı olaraq çıxış edib. O, poetik yaradıcılıqla yanaşı, peşəkar tərcümə ilə də məşğul olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzətov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə çevirib.
Ədibin şeirləri fars, fransız, rus dillərinə və qardaş dillərə çevrilib.
Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulub. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerkin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli araşdırma işinin müəllifidir.
"Buludlar arasında" (povest; 1961), "Ana məhəbbəti" (şeirlər; 1960), "Ömür yolları" (şeirlər; 1964), "Həyəcanlı gecə" (povest; 1966), “Səsləşə dağlar" (şeirlər; 1970), "Ayrılmaram (şeirlər; 1981), "Sahil həsrəti" (şeirlər; 1985), "Gözün aydın" (şeirlər; 1996) adlı və b. kitabları gün üzü görüb.
Sayğılarla anırıq.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(27.02.2024)