Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasından 155 il ötür.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, böyük ədibin yubileyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Gürcüstanda da müxtəlif işlər görülür, layihələr icra olunur. Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə böyük ədibin Tbilisidə yaşayıb yaratdığı evin bərpasına başlanılıb.
AZƏRTAC-ın xüsusi müxbiri C.Məmmədquluzadənin vaxtilə Tbilisi şəhəri, Mtatsminda rayonu, Besiki küçəsi, 24 ünvanında yaşadığı evin hazırkı durumu və burada aparılan bərpa işləri ilə maraqlanıb. Ev-muzeyin himayədarı, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov AZƏRTAC-a müsahibəsində deyib ki, böyük ədib uzun illər Tbilisidə yaşayıb yaradıb və “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. “Qeyrət” mətbəəsi də bu evin zirzəmisində fəaliyyət göstərib. Ev-muzeyin ədibin 150 illiyinə qədər bərpa olunacağı gözlənilirdi. Tbilisidə səfərdə olan Azərbaycanın rəsmi nümayəndələri ev-muzeyə dəfələrlə baxış keçiriblər və məkanın təmir olunması üçün müvafiq dövlət qurumları qarşısında məsələ qaldırıblar. Binanın bərpası ilə əlaqədar səfirlik ilə Tbilisi şəhər meriyası arasında danışıqlar aparılırdı. Sonda Tbilisi şəhər meriyası ev-muzeyin bərpasına razılıq verib və hazırda binada bərpa işləri gedir. Bərpa işlərinə bu ilin fevral ayında başlanılıb. Hazırda binada özülbərkitmə işləri görülür. Sonra binanın otaqlarının divarlarında bərpa işləri aparılacaq.
Onun sözlərinə görə, ev-muzeyinə sadəcə olaraq birinci mərtəbə və zirzəmi hissə aiddir, bu da ümumi sahənin 180 kvadratmetrini təşkil edir. Qalan 180 kvadratmetri isə ikinci mərtəbədə yaşayan ailələrə məxsusdur. Binanın bərpasına ümumilikdə 350 min lari vəsait ayrılıb. Bunun da 3 faizi SOCAR-n Gürcüstan nümayəndəliyi tərəfindən ödəniləcək. Binada bərpa-bərkitmə işlərinin bu ilin avqust ayında başa çatdırılması nəzərdə tutulub. Bərpa-bərkitmə işləri başa çatdırıldıqdan sonra isə muzeyin təmirinə başlanılacaq. Muzeyin bərpası Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək.
İsaq Novruzov bildirib ki, aprel ayında uzun illər nəinki Qafqazda, hətta bütün Yaxın Şərqdə yeganə illüstrasiyalı və rəngli satirik jurnal olan “Molla Nəsrəddin”in Tbilisidə ilk sayının işıq üzü görməsindən (7 aprel 1906-cı il) 118 il ötür.
Qeyd edək ki, ikiotaqlı muzey 200-dən çox yaşı olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Deyilənlərə görə, vaxtilə binanın hər iki mərtəbəsi Mirzə Cəlilə məxsus olub. Sonradan binada ailələr məskunlaşıb, birinci mərtəbədəki ikiotaqlı mənzil ev-muzeyi kimi qorunub saxlanıb. 1997-ci il oktyabrın 11-də həmin evdə C.Məmmədquluzadənin ev-muzeyi açılıb.
Binanın fasadından tikilinin qəzalı vəziyyətdə olduğu aydın görünür. Pas atmış navalçalar və pəncərə məhəccərləri, ovulub dağılmış fasad binada uzun illərdir ki, heç bir təmir-bərpa işlərinin aparılmadığını əyani olaraq sübut edir. Yaxınlıqda yeni binanın inşa olunması da tikilinin fasad hissəsinə ciddi ziyan vurub. Onu da qeyd edək ki, C.Məmmədquluzadənin binanın fasadına vurulan xatirə lövhəsi də köhnəlib. Lövhədə gürcü və kiril əlifbaları ilə yazılan tanıtım məlumatlarındakı səhvlər də diqqət çəkir. Lövhədə yazılıb: “Azərbaycanın böyük demokrat ədibi Mirzə Cəlil Məmmədquluzadə 1897-1918-ci illərdə bu binada yaşayıb yaratmışdır. 1906-1918-ci illərdə məşhur “Molla Nəsrəddin” məcmuəsini nəşr etdirmişdir. (1866 Naxçıvan – 1931 Bakı)” yazısı əks olunub. Göründüyü kimi, ədibin anadan olduğu və öldüyü tarix də düzgün yazılmayıb. Ev-muzeyinin olduğu mənzilin interyerinin vəziyyəti də olduqca acınacaqlıdır. Otaqların tavan və bütün divarlarında dərin çatlar var. Divarlar hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Muzeyin yalnız bir otağında az sayda da olsa, müəyyən eksponatlar qorunub saxlanılıb. Bunlar əsasən C.Məmmədquluzadə və ailə üzvlərinin fotoşəkilləri, “Molla Nəsrəddin” jurnalının nüsxələri, məcmuədə dərc olunan Abdulla Şaiqin portreti, tar və kamança və digər materiallardır. Muzeyin eksponatlarının siyahısının heç vaxt tərtib edilmədiyi məlum olur.
Muzeydə bu günümüzə qədər mühafizə edilmiş eksponatların hazırda SOCAR-ın binasında saxlanıldığı bildirilir.
Azərbaycan ictimai fikrinin formalaşmasında misilsiz rol oynamış C.Məmmədquluzadənin Tbilisidəki ev-muzeyinin bərpası və təmiri böyük ədib və yazıçının 155 illiyinə ən böyük töhfələrdən biri olacaq.
“Ədəbiyyat və incəsənət”
(26.02.2024)