Prezident İlham Əliyev “Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.
Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir”.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(23.02.2024)