Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Dünən növbəti dəfə ana dili günümüzü qeyd etdik.
“Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim.
Doğransam da dilim-dilim...”
Qəlbimdəki ana dili sevgisini ifadə etməyə dahi Xəlil Rza Ulutürkün bu misraları ilə başlamaq istədim. Çünki mən də öz dilimi ən az bu şəxsiyyət qədər sevir, onu ürəyimdən çıxarmıram, mənimsəyirəm. Ana dilimi öz ölkəmə “yenilməz qala” bilirəm!
Bu dili qoruyub saxlamaq hər bir azərbaycanlının borcudur. Yaddaşlara, kitablara həkk etmək isə gənc nəslin—bizim öhdəmizdədir. Mənə görə dilimizin yaşaması ölkəmizin sərhədlərlərində küləkdən ayıq dayanan millətimin var olmasıdır. O millət ki, illərlə kürələrdə dəmir, od gölündə, buz gölündə gəmi olub tarixin ən amansız hadisələrinə də sinə gərərək Məmməd Arazın misralarının haqqını verib. O millət ki, bir ölüb min doğulub. Bu hadisələri yad etdikcə mübariz xalqımın özü qədər mərd nümayəndəsi Bəxtiyar Vahabzadənin bu misralarını xatırlayıram:
“Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin?!”
Ana dilimizi sevərək, sülh şəraitində azad şəkildə öyrənməyimizdə tarixin böyük sınaqlarına tab gətirərək onu yaşadanların əməyi də az deyil. Tarixdə elə insanlar var ki, onlar haqqında yazmaq, danışmaq, o insanları gələcək nəsillərə tanıtmaq hər kəsin payına düşür. Həmin şəxslər dünyanın və vətəndaşı olduğu ölkənin ayaqda durmasında, xalqının, dilinin, mənəvi dəyərlərinin qorunmasında əsl səbəbkarlardır.
Öz adını tarixə yazdırıb bir ömür Azərbaycan xalqının başıdik, alnıaçıq şəkildə yaşaması üçün böyük xidmətlər göstərən şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. İstər Birinci Katib, istərsə də Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Heydər Əliyev Azərbaycançılıq ideologiyasının inkişafını, millətpərvərliyi, Vətən sevgisini ön planda tutaraq bu xalqın heç bir xalqdan asılı olmadan yaşaması üçün bütün ömrünü fəda etmişdir. Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yetirdiyi fəal dil siyasəti Azərbaycanda milli azadlıq ruhunu yüksəltdi. 1995-ci il noyabrın 12-də qəbul olunan konstitusiyada Azərbaycan dili respublikanın dövlət dili kimi elan olundu. Dahi şəxsiyyətin şərəfli dil siyasətinin mötəbər yolu hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində o dövr üçün gərgin hal sayılan Azərbaycan dilində çıxışı ilə başladı. Onun dilimizə qayğısı nəticəsində ali məktəblərdə dörd cildlik “Müasir Azərbaycan Dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyası” dərs vəsaitinə mükafatlar verildi, təhsil ocaqlarında Azərbaycan dilinin öyrədilməsi üçün ayrılan saatların miqdarı artırıldı. Bütün bunlar Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun tətbiqi yolunda misilsiz xidmətlərindən xəbər verir.
Ulu Öndər ölkənin xarici siyasətində uğurlu olduğu qədər daxili siyasətə də böyük önəm vermiş şəxsiyyətdir. “Təhsil millətin gələcəyidir” deyərək xalqın maariflənməsinə, millətin imzasını da imzalar içərisinə daxil etməyə, gənclərin təhsilə yönləndirilməsinə diqqət cəmləyən Heydər Əliyev bu gün müstəqil Azərbaycan gənclərinin və uşaqlarının heç bir asılılığı olmadan, dövlətin dəstəyi ilə rahat şəkildə təhsil almasına səbəb olan dahi liderdir.
Elə Heydər Əliyevin timsalında Azərbaycan dilinin yaşaması üçün xidmətlər göstərən şəxslərə görə bu gün dilimiz yaşayır. Bu dil Məhəmməd Hadi ilə çalınan türkün nəğməsində, Şahdağına qalxıb söz istəyən Tofiq Bayramın misralarında, türkün dilini dünyada ən istəkli dil kimi qələmə verən Şəhriyarın sözlərində, dilimizi “bir-birimizlə əhdi-peymanımız” adlandıran Bəxtiyar Vahabzadənin qələmində yenidən canlanır, təzədən nəfəs alır.
Bu gün mən Azərbaycan gəncinin, Azərbaycan tələbəsinin hisslərinin tərcüməçisiyəm! 21 fevral—Beynəlxalq Ana Dili Günü idi və mən bu gün azad dilli Azərbaycanam!
Yazımın başlanğıcındakı kimi sonunda da dahi Ulutürkün misralarını yada salmaq istəyirəm:
“Sağdır dilim,
Demək sağdır şərafətim, ləyaqətim.
Sağdır demək milyard yaşlı məmləkətim!”
“Ədəbiyyat və incəsənət”
(22.02.2024)