Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı başa çatıb.

 

AzərTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabi Milli Sərgi Mərkəzində üç gün davam edən tədbir zamanı mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivənin müzakirəsində dünyanın müxtəlif ölkələrindən təhsil və mədəniyyət nazirləri, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.

UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı üzv dövlətlər, siyasətçilər, BMT-nin agentlikləri və digər tərəfdaşlar üçün “Mədəniyyət və İncəsənət Təhsili üzrə Çərçivə” sənədini qəbul etmək istiqamətində platforma təmin edib. Konfransın proqramı UNESCO-nun İncəsənət Təhsili üzrə Yol Xəritəsini təqdim edən 2006-cı il Lissabon Konfransına, eləcə də 2010-cu Seul Konfransına əsaslanır. Tədbirdə sözügedən sahələr üzrə təcrübə mübadiləsi aparılıb, inteqrasiya olunmuş siyasətlər və yaradıcı təşəbbüslər vasitəsilə təhsildə mədəniyyəti möhkəmləndirməyə kömək edə biləcək tövsiyələr verilib.

Konfransda çıxış edən UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransının həmsədri Məhəmməd Xəlifə Əl Mübarək deyib: “Davamlı təhsilin idarə edilməsi ənənəsinə əsaslanaraq, biz bu strateji mühüm tədbiri təşkil etməkdən qürur duyuruq, çünki burada dialoqa təkan veririk, eyni zamanda, qlobal mədəniyyət və incəsənət təhsilinin problemlərini müzakirə edirik. Qlobal Mədəniyyət və İncəsənət Təhsili Çərçivə Proqramı əsasında burada verilən tövsiyələri məktəb kurikulumlarında və ondan kənarda həyata keçirmək məqsədilə üzv dövlətlər üçün yeni təlimat hazırlanacaq”.

Tədbirdə yeddi mövzu ətrafında müzakirələr aparılıb. Bunlar, mədəniyyət və incəsənət təhsilinə bərabərhüquqlu çıxış; mədəni müxtəliflik daxilində və onun vasitəsilə keyfiyyətli və müvafiq ömürboyu öyrənmə; davamlı, ədalətli gələcəkləri formalaşdırmaq bacarıqları; mədəniyyət və incəsənət təhsili ekosistemlərinin sistemləşdirilməsi və qiymətləndirilməsi; rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə mədəniyyət və incəsənət təhsili; mədəniyyət və incəsənət təhsilinin dəstəklənməsi üzrə tərəfdaşlıq və maliyyələşdirmə; monitorinq, araşdırma və məlumat mübadiləsidir. Tövsiyələrdə rəssamların rezidentura proqramları və təbliğat təşəbbüsləri də daxil olmaqla, resursların və vasitəçilik fəaliyyətlərinin inkişafına təkan verilməsi, təhsil işçiləri üçün müxtəlif mədəni fənlər üzrə illik təlim proqramlarının həyata keçirilməsi məsələləri də yer alıb.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.