UNESCO ərəb xəttatlığını özünün Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edib.
Bu barədə məlumat təşkilatın rəsmi səhifəsində yerləşdirilib.
Məlumatda UNESCO ərəb xəttatlığını “axıcı yazı sənəti, harmoniya və gözəlliyin ifadəsi” kimi təsvir edib.
Səudiyyə Ərəbistanı İrsini Mühafizə Cəmiyyətinin icraçı direktoru Əbdül Məcid Məhbub bildirib ki, ərəb xəttatlığı ərəb-müsəlman dünyasının simvoludur, lakin müasir dünyada öz aktuallığını itirir və bu sahədə mütəxəssislərin sayı sürətlə azalır.
O, həmçinin qeyd edib ki, xəttatlığın mədəni irs siyahısına salınması bu sənət növünün qorunub saxlanmasına müsbət təsir göstərəcək. Bildirib ki, xəttatlıq Səudiyyə Ərəbistanı və Ərəb Dövlətləri Liqasının rəhbərliyi altında 16 müsəlman ölkəsinin əməkdaşlığı nəticəsində siyahıya daxil edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi 2020 və 2021-ci illəri Ərəb Xəttatlığı İlləri elan edib. Bununla bağlı hətta Ər-Riyadın Milli Muzeyində ərəb yazısının yaranması və xəttatlığın inkişaf tarixinə, onun müasir incəsənətlə əlaqəsinə həsr olunmuş sərgi keçirilib.