Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bəli, Avropadakı əsas qüvvələrin Azərbaycana qarşı itələyici təsiri duyulduqca Ermənistanın bu məkanda güclənməsi hiss edilməkdədir.
Ermənistan dünəndən etibarən rəsmi olaraq Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür. Respublika Roma əsasnaməsinə qoşulan ümumən 124-cü, Şərqi Avropadan isə 19-cu üzv-dövlət oldu.
Mərasimdə ICC Prezidenti Ermənistan parlamenti tərəfindən Roma statutunun ratifikasiyasını mühüm və cəsarətli qərar adlandırdı.
Xatırladaq ki, Ermənistanın Qanunverici orqanında Haaqa Məhkəməsinə üzvlük səsverməsi keçən ilin oktyabrında baş tutub. Hakim partiyadan 58 deputat “lehinə" səs verib, müxalifətdən 25 deputat səsvermədə iştirak etməyib.
Ermənistanın üzvlüyünü salamlayan mərasim barədə Euronews telekanalının reportajında vacib bir detal diqqət çəkdi. Rusiya Ermənistan tərəfindən sənədin ratifikasiyasına fəal şəkildə qarşı çıxıb. Səbəbi də odur ki, ICC Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya qanunsuz deportasiyası ittihamı ilə həbsi üçün Order verib. Və bu sanksiyaya avtomatik olaraq Ermənistan da ikiəlli səs verməli olub.
Kreml Ermənistan hakimiyyətinin qərarını Rusiyaya qarşı son dərəcə düşmən addım adlandırdı.
Gəlin unutmayaq ki, Kremlin Ermənistandan qisas almaq üçün açarı bir iqtisadi sanksiyalar, bir də Azərbaycan - Ermənistan konfliktidir, Rusiya illərdir ki, bu konfliktdən öz manipulyasiya aləti kimi yararlanmağa cəhd edir.
Və ölkəmizin Ermənistana qarşı daha ciddi köklənərək, hazırda mübahisə predmetinə çevrilən Zəngəzur dəhlizi məsələsində aktiv hücumçu mövqeyi sərgiləyəcəyi baş verərsə, bu Rusiyaya fayda verməklə yanaşı, dünya ictimaiyyətini daha çox antiAzərbaycan ovqatına kökləyəcəkdir.
Ayının min oyunu var, bir armudun başında.
Ümidvarıq ki, Azərbaycan Prezidenti nəyi necə edəcəyini gözəl bildiyindən, yenə də Azərbaycanı bu presendentdən itkisiz çıxarmağı bacaracaq.
Şəkildə: Haaqada keçirilən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü kimi Ermənistanı salamlayan təntənəli mərasimdən.
(Foto: Euronews)
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)