“Ədəbiyyat və incəsənət” portalı şair, publisist Əkbər Qoşalının 7 fevral - Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş yazısını təqdim edir.
7 fevralda Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri baş tutdu. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş respublikamızda keçirilən ilk seçki bir sıra özəlliklərlə, İLKlərlə yaddaşlara həkk olunacaq.
Bəli, müstəqillik dönəminin bütün ölkə boyu keçirilmiş ilk seçkisindən danışırıq.
7 fevral seçkisi dövlət başçımızın Bakıda deyil, Xankəndidə səs verdiyi ilk seçki oldu! – Dövlət başçısının öz ailəsi ilə məhz Xankəndidə səs verməsinin mahiyyətini “bilənlərə salam olsun”!
7 fevral seçkisi elə bil seçki oldu ki, namizədlərin heç biri uduzmuş sayılmaz. Zəfər seçkisinin uduzanı olmaz ki! Bu bir tarixi hadisəydi, namizəd olaraq da, seçici olaraq da iştirak toy-bayrama getmək kimiydi… Bütün vətəncanlılar şaddı, qürurluydu!
İllər uzunu nə deyir, nə eşidirdik? –
“Bircə Qarabağ azad olunsun!”;
“Xankəndini kim azad etsə, onun qızıldan heykəli qoyulmalıdır!”;
“Xocalının qisasını alan, Şuşaya bayraq sancan komandana can qurban”! –
Yəni, şanlı ordunun Müzəffər Ali Baş Komandanı ilə eyni seçkidə yarışmaq, ölkənin uğurlarına birgə sevinib, qarşıda duran vəzifələri ekranda-efirdə birgə müzakirə etmək şansı qazanan heç bir siyasətçi uduzmuş sayılmaz. Bu seçkinin biləvasitə qalibi İlham Əliyev olsa da, qalib olan bütövlükdə xalqımız, dövlətimizdir! – Dünən səsvermə məntəqələrinə gələrək öz vətəndaş hüququnu, məsuliyyətini nümayiş etdirən hər kəs Azərbaycanın böyük gələcəyinə səs verdi. Səslərimiz Qarabağda, Gündoğar Zəngəzurda həyatın canlanmasına, ölkəmizin dörd yanında daha firavan həyatın şəkillənməsinə xidmət edəcək.
7 fevraldakı səslərimiz Qazaxın 7, Naxçıvanın 1 kəndinin azadlığı, Zəngəzur dəhlizinin açılması, Böyük qayıdışın daha da sürətlənməsi, Qərbi Azərbaycana qayıdışın geridönməz xarakter alması, bir sözlə, qüdrətli Azərbaycan üçündür! Belə bir inam içində keçirilən seçkilərdə uduzmaq kədər deyil, mübarəklikdir.
Siz təsəvvür edin, iraq olsun, Qarabağ hələ də işğal altında qalmış olaydı və dünənki seçkilərdə uduzmuş hansısa namizəd daha yüksək səs almış olaydı... – Bu, kimə, nəyə gərək olar, nəyə yarardı və ondan necə ilhamlanmaq, zövq almaq olardı?
Bilməm, fikrimi çatdıra bildimmi?
Bəli, respublikamızın paytaxtında və müxtəlif bölgələrində öz tərəfdarları ilə, seçicilərlə, o cümlədən ilk dəfə səsverən gənclərimizlə keçirilən çoxsaylı görüşlər, insanların istəklərini, qayğılarını biləvasitə özlərindən eşitmək imkanı digər namizədlərin növbəti seçkilərə hazırlıqları üçün mənəvi bazadır, dəyərli bilgilərdir. Məsələn, qalib Azərbaycanın parlamentində təmsil olunmaq qürur qaynağ deyilmi?.. Yaxud bütöv Azərbaycanın hətta bir bələdiyyəsinin üzvü olmaq belə, işğal altındakı şəhər-kəndlərimizi parlamentdə təmsil etməkdən daha üstün deyilmi?
İlham Əliyevin 7 fevral seçkisindəki möhtəşəm qələbəsi onun haqqı, xalqımızın qədirbilənliyi, vətəncanlılığı və minnətdarlığının təcallasıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)