Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib

 

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova uzun sürən xəstəlikdən sonra fevralın 6-da 92 yaşında vəfat edib.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı  Mədəniyyət Nazirliyinə istinadən  məlumat verir. 

Qeyd edək ki, R.Axundova 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, Moskvada Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti kimi çalışıb. 1971-ci ildən həmin teatrın baletmeysteri, 1990-cı ildən baş baletmeyster kimi fəaliyyət göstərib. Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Astafyev), Jizel ("Jizel", A.Adan) və s. rolları ifa edib.

Həyat yoldaşı Maqsud Məmmədovla birlikdə Azərbaycan Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu verib.

 

O, həmçinin Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləyib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.