Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə - 5 fevrala təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq:
Beynəlxalq Skautlar Günü
Skaut yaşı 6 yaşdan ta ki 21 yaşa qədər hesab edilir. Bu gün 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc skaut hərəkatının sıralarında birləşərək, «Hər gün bir xeyirxah iş görək” devizi altında fəaliyyət göstərirlər. Skaut sözünün tərcüməsi kəşfiyyatçı deməkdir, skaut hərəkatının banisi isə general Robert Baden-Pauell olub. Bu general istefada olarkən “Oğlanlar üçün kəşfiyyat” kitabını yazıb. Bu kitabda da o, yeniyetmə və gənclərin bir vahid ideya ətrafında birləşməsinin əsasını qoyub.
O cümlədən ölkəmizdə də fəaliyyət göstərən Skaut təşkilatı – müstəqil, qeyri-siyasi qurumdur, bu, uşaq, yeniyetmə və gənclərlə bir iş proqramıdır ki, özlüyündə bütün çətinliklərə baxmayaraq daim ayaqda qalmağı ehtiva edir. Skautların vətəni İngiltərə hesab edilir, 1907-ci ildə bu ölkədə ilk boyskaut düşərgəsi açılıb.
Skaut qalstukunu sonradan sovetlər götürüb pioner qalstuku kimi istifadə ediblər, eləcə də “Həmişə hazır ol” şüarını.
Skautun yaşadığı qaydalar şərçivəsi isə bunlardır: faydalı olmaq, bütün skautların dostu və qardaşı olmaq, xeyirxah, alicənab olmaq, yalan danışmamaq, təbiəti qorumaq, gülümsər olmaq, çətinlikdən qorxmamaq.
Azərbaycan skautlarının andı bilirsiniz necədir? And içirəm öz şərəfimə, məndən asılı hər bir şeyi edəcəyəm ki, Allah və Azərbaycan qarşısında olan borcumu yerinə yetirim, hər vaxt başqalarına kömək edim, skaut qanunlarına tabe olum.
Skaut gününüz mübarək, əziz uşaq, yeniyetmə və gənclər.
Ümumdünya Nutella günü
Bu bir uşaq bayramıdır, məşhur yerfındıqlı şokolad pastasının şərəfinədir. Bu qidanı bütün dünyada uşaqlar çox sevirlər, amma bir çox rejionda, xüsusən müharibələr və aclıqlar çəkən Afrika və Mərkəzi Asiya regionunda uşaqlar ona tamarzıdırlar. Nutella günündə xüsusən avropalı və amerikalı uşaqlar aclıq çəkən uşaqlara sovqatlar, mütləq də Nutelle göndərirlər.
Səhər naharına dondurma günü
Bu dadlı qidanı adətən insanlar səhərlər yeməzlər, amma bu gün insanlardan məhz səhər naharına dondurma yemək təvəqqe olunur. Bekarçılıqdan ortaya çıxan bir gündür əlbəttə. Qayğısız əcnəbi insanlar bilmirlər ki, başlarını nə ilə qatsınlar.
Monarx günü
Monarx günüdür həm də bu gün. Amma bu monarx o monarxdan deyil, yəni, kilsə ilə əlaqəli bir gün deyil. Söhbət nimfalid ailəsindən olan kəpənəkdən gedir, Şimalı Amerikada məskunlaşmış bu kəpənək olduqca valehedici olduğuna görə şəninə gün təsis ediblər.
Finlandiyada bayraq, Burundidə birlik, Danimarkada Şahzadə Merinin tacı, Pakistanda Kəşmirlə həmrəylik, Argentinada Linkoln və Buanes-Ayres karnavalları günüdür. İsraildə Tu bi-Şvat bayramıdır. Yəhudi təqvimi ilə şvat ayının 15-ci günündə qeyd edilən bu bayramın qeyri-rəsmi adı “Ağaclar üçün Yeni il” adlanır, insanlar bir-birini görcək gülümsəyərək “Roş xa-Şana La İlanot” söyləyirlər.
O ki qaldı Amerikaya, onlarda bu gün Milli şokoladlı fondyu günüdür. Fondyu – çörək, kartof və əridilmiş pendirin şokoladla süfrəyə verilməsidir.
La Skalada “Otello”nun premyerası
2009-cu ilin 5 fevralında Somalı piratları rəsmən 3200000 dollar pul alaraq Ukraynanın “Faina” gəmisini 17 nəfər ekipajla birgə azad edərək tarixdə ilk presidentin əsasını qoyublar. 1991-ci ildə Qırğızıstanın paytaxtı 65 il bolşevik terrorçusu Frunzenin adını daşıdıqdan sonra Bişkek olub. 1958-ci ilin 5 fevralı qəribə bir olayla yadda qalıb. Jorjiya sahillərindəki təlim zamanı aviaqəzada hidrohen bombası itib. Hələ də həmin bomba tapılmayıb. 1952-ci ildə Nyu-York üçişıqlı işıqfor işlədilən ilk şəhər kimi tarixə düşüb. 1924-cü ildə BBC radiosu Qrinviç abservatoriyasından dəqiq vaxt siqnalları verməyə başlayıb. 1920-ci ildə Ukraynada ataman Maxno vərəqələr yayaraq yerli xalqı rus bolşevikləri ilə mübarizəyə səsləyib. 1916-cı ildə Sürixdə “Kabare Volter” – dadaizmin yarandığı məkan fəaliyyətə başlayıb. Dadaizmin əsas prinsipləri irrasionalizm, mövcud kanon və stereotiplərin dağıdılması olub. 1887-ci ildə Milanın La Skala teatrında Verdinin “Otello” operasının premyerası olub. 1783-cü ildə İtaliyanın Kalabriya əyalətində tarixin ən uzunmuddətli zəlzələsi qeydə alınıb – iki ay davam edən yeraltı təkanlar və sunami 180 yaşayış məskənini dağıdıb, 60 min insan həyatını itirib.
Üç dahi azərbaycanlının doğulduğu gün
1985-ci ilin 5 fevralında dünya futbolunun ən parlaq ulduzu – Kriştianu Ronaldu, 1968-ci ildə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, 1878-ci ildə fransız mühəndisi, “Sitroen” kompaniyasının yaradıcısı Andre-Qustav Sitroen, 1840-cı ildə Amerika silah konstruktoru, pulemyotu kəşf etmiş Qayri Maksim, 1812-ci ildə fransız baronu, Puşkini dueldə öldürmüş Jorj Dantes dünyaya gəliblər.
Təqvimdə çox az sayda günlər var ki, həmin gün bir xalqa məxsus bir neçə dahi insan doğulur. 5 fevral da belə günlərdən biridir. 1939-cu ilin bu günündə dünyaşöhrətli azərbaycanlı yazıçı, ssenarist Rüstəm İbrahimbəyov, 1923-cü ildə tanınmış azərbaycanlı tarzən Baba Salahov, 1918-ci ilin bu günündə isə dahi azərbaycanlı bəstəkar, dünya musiqi irsində əvəzsiz yerə malik Qara Qarayev doğulublar.
Niyə də 5 fevralı dahilər günü elan etməyək ki?
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)