MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN 140 İLLİYİNƏ NÖVBƏTİ YAZI
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Məhəmməd Əmin Rəsulzadə!
O, 1884-cü ilin 31 yanvarında Bakı quberniyasının Novxanı kəndində dünyaya göz açmışdır. Azərbaycanın ictimai-siyasi xadimi eyni zamanda cümhuriyyətin qurucularından biri, Azərbaycanın Milli Şurasının Rəyasət Heyətinin sədri olmuşdur.
Vəfatı 1955-ci ilin 6 martı.
Bir çoxları onu sadəcə wikipediyanın ilk abzasında qeyd olunan məlumatlar qədər tanıyır.
Əsrlər keçsə belə Azərbaycan Respublikasının ilk ulu öndəri olan Məhəmməd Əmin Rəsulzadə sadəcə ictimai-siyasi xadim və cümhuriyyəti elan edənlərdən biri olmamışdır. Məhəmməd Əmin Rəsulzadə 71 illik ömürünün 40ilini mühacirətdə, dəfələrlə həbsdə və sürgünlərdə keçirməsinə baxmayaraq daim azadlıq şüarları səsləyərək ilk dəfə milliyət və türkçülük anlayışını bir araya gətirmiş, qədəm basdığımız torpağı bizə Vətən deyə ərməğan etmiş və bu gün torpaq uğrunda can verən şəhidlərimizin daim mavi səmada dalğalandırdığı Azərbaycan bayrağını xanımı ilə birgə ilmək-ilmək işləmiş və müstəqilliyimizi əfəndilərə xitab edərək "Əfəndilər yarın cümhuriyyəti" elan etmişdir.
Hələ erkən yaşlarda təhsilini yarım qoyub siyasi fəaliyyətə keçmiş Rəsulzadə Fizuyat jurnalında, İrşad və Tərəqqi qəzetlərində siyasi azadlıqla bağlı məqalələr və elmi əsərlər nəşr etdirmişdir. Mövcud fəaliyyətindən dolayı dəfələrlə həbs edilən Rəsulzadə yaşadığı çətinliklərə baxmayaraq öz ideologiyasını irəli sürməkdən və yaymaqdan əsla boyun qaçırmamışdır.
1918-ci il 27may tarixində Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi və Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Xəlil bəy Xasməmmədovun böyük təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti elan edilmiş, tarixi müstəqilliyimiz yolunda ilk addım atılmışdır.
"Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Bu sözləri ilə qəlbləri fəth edən ulu öndər fəailyyətini ilk olaraq təhsil sahəsinə yönəltmiş, ilk dəfə müstəqil əlifbadan istifadə edilməsinə icazə verilmişdir.
O, öz gündəliyində bayraq haqqında yazırdı ki, öz milliyyətini və dinini bilməyən xalq ayaqda qala bilməz, şəhidini unudanın torpağı Vətən olmaz. Tarix boyu hələ Göytürk dövlətindən bu yana mavi rəng türkçülüyü simvolizə etmişdir. Mavi rəngin ardından gələn qırmızı şəhid qanına işarə olmuş və ən sondakı yaşıl rəng islamı dayaq tutan ölkə olmağımızı simvolizə etmişdir. Hətta, o zaman yaxınlarından bir kəsin (adı qeyd olunmur) yaşıl rəngin ən sonda gəlməsinin səbəbini soruşmasına Rəsulzadə öz qeydlərində yazır ki:
"Qoy, bizim türkçülüyümüz və türk qanından olan şəhadətimiz islamı özünə dayaq bilsin. Lakin, biz dini yox dünyəvi dövlətik".
Azərbaycan Demokratik Respublikasının elan edilməsinin 35ci ilini qeyd edən zaman Rəsulzadənin çıxışından:
İstiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mən edilən Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabitə və əmniyyət qüvvələri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı.
Xalqı öz ana dilində oxutmağa başladı. Türkcəni dövlətin rəsmi dili elan etdi. Orta və ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələrinə cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı.
Hakimiyyət milli məclisin əlində idi. Parlamentdən etimad almadıqca heç bir hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı.
O, öz ömrünü damarlarında türk qanı axan xalqa kimliyini xatırlatmağa həsr etmiş, bu gün uğrunda can verənlərin yatdığı torpağın üstündə gəzən bizlərə odlar yurdunun hər diyarını, hər daşını Vətən etmişdir.
Məhəmməd Əmin Rəsulzadə hətta, sonuncu nəfəsində belə dilindən Azərbaycan sözləri süzülərək 1955ci ilin 6martında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişir.
Bu gün ondan bizə xatirə olaraq Novxanıda hal-hazırda baxça kimi fəaliyyət göstərən evi, heykəli, xatirələrini qeyd etdiyi gündəliyi və əsərləri qalmışdır.
Bu gün artıq Rəsulzadənin anadan olmasından 140 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən bu il Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi geniş qeyd ediləcək.
Ey ulu öndər, bizlərə ərmağan etdiyin Vətənə sahib çıxacağımıza və əmanətinə gözümüz kimi baxıb səni əsla peşman etməyəcəyimizə ümidlərim hələ də, yaşayır. Biz səni və sənin ruhunun əziz xatirələrini qanımızın hər damlasında, sonuncu nəfəsimizə qədər yaşadacağıq. Nurlar içində yat!
“Ədəbiyyat və incəsənət”
(31.01.2024)