Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin iclası keçirilib

Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin ofisində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin iclası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə şairlər, nasirlər, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin, Jurnalistlər Birliyinin üzvləri, o cümlədən Afaq Şıxlı, Əliş Əvəz, Mirabbas Ağdabanlı, Nəsib Nəbioğlu, Samid Ağayev, Sultan Mərzili, İntiqam Kazımov iştirak ediblər.

 

AYB Moskva bölməsinin sədri Abuzər Bağırov şair İlham Bədəlbəylini ad günü münasibətilə təbrik edib. A.Bağırov bölmənin fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib, 2024-cü il üçün nəzərdə tutulan prioritet layihələri diqqətə çatdırıb. O bildirib ki, bu il bir neçə yubiley və yaddaqalan tarixlərlə, o cümlədən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması ilə əlamətdardır.

 

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov çıxışında təşkilatın fəaliyyət proqramında Azərbaycan dili və ədəbiyyatının inkişafı ilə bağlı bir sıra prioritet layihələrin yer aldığını deyib. O, ədəbiyyat xadimlərinin yaradıcılığına dəstək verməyə hazır olduğunu bildirib, birgə tədbirlərin keçirilməsini təklif edib.

 

İştirakçılar Nəsib Nəbioğlunun doğma yurdu Kəlbəcərə səfəri barədə söhbətini maraqla dinləyiblər. Sonda gənc şair İntiqam Kazımov öz şeirlərini oxuyub.

 

“Ədəbiyyat və incəsənət”

(30.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.