Xalqının maariflənməsi üçün canını fəda etdi Featured

BU GÜN FİRİDUN BƏY KÖÇƏRLİNİN DOĞUM GÜNÜDÜR

 

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər bir xalqı məhv etmək, onu adam toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin. 

 

Bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim, ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən, ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanan, nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi  Firidun bəy Köçərlinin doğum günüdür. 

 

Firidun bəy Əhməd ağa oğlu Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdur.

1872-1876-cı illərdə Şuşada Mirzə Kərim Münşinin məktəbində, 1879-cu ildə isə bir il  Şuşada rus məktəbində təhsil almışdır.

O dövrdə Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayan məşhur rus pedaqoqu A.O.Çernyayevski Şuşaya gəlmiş, Firidun bəyin adını da Qori Müəllimlər Seminariyasında oxuyanların siyahısına daxil eymişdir. Və o, 1879-1885-ci illər ərzində burada təhsil almış, müəllimlərindən A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət qurmuşdur.

1884-cü ildə "Təlimi-Sokrat" əsərini qələmə almış, 1885-ci ildə Seminariyanı biririb İrəvan gimnaziyasına təyinat almışdır.

1885-1890-cı illlərdə o, İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris etmiş, pansion mürəbbisinin köməkçisi vəzifəsini daşımışdır. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə Firidun bəy dəfələrlə mükafatlandırılmış, "Kollecski sekretar", "Titulyar sovetnik" və "Statski sovetnik" rütbələrinə layiq görülmüşdür.

Burada çalışdığı dövrdə o, Zöhrabzadə ilə birlikdə "Təlimi-lisami-türkü" adlı dərslik tərtib etmişdir.

On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy 1886-cı ildə 23 yaşındaykən İrəvanda teatr tamaşası, yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil etmişdir.

1890-cı ildə İrəvanda "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını tamaşaya qoymuşdur.

1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Baxçasarayda "Tərcüman" mətbəəsində çap olunmuşdur.

1892-ci ildə A.S.Puşkindən tərcümə etdiyi 'Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab halında çapdan çıxmışdır.

1895-ci ildə Firidun bəy İrəvanı tərk etmiş, 1895-1918-ci illərdə pedaqoji fəaliyyətini Qoridə davan etdirmişdir.

M.Y.Lermontovun "Üç xurma ağacı" və A.Koltsovun "A kişi, niyə yatıbsan" şeirlərinin tərcüməsindən ibarət kitabı Şuşada çap edilmişdir. "Tatar komediyaları" adlı ilk elmi məqaləsi  isə "Novoye obozreniye" qəzetində dərc olunmuşdur. 

1897 -ci ildə o, Badisəba xanım Köçərli ilə ailə həyatı qurmuşdur.

1898-ci ildə onun  "Ərəb əlifbası və onun qüsurları" silsilə məqaləsi "Qafqaz" jurnalında dərc olunmuşdur.

1900-cü ildə Müəllimlər seminariyasının ümumdünya Paris sərgisində Qori seminariyasından nümayiş etdirilən eksponatlar sırasına Firidun bəyin kitabları da daxil edilmişdir.

Firidun bəy Köçərli  1899-cu ildə III dərəcəli "Müqəddəs Anna" ordeni, 1902-ci ildə isə II dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur.

1903-cü ildə  Tiflisdə onun "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabı rus dilində çap edilmişdir.

Mirzə Fətəli Axundovun "Aldanmış Kəvakib" povestini də rus dilinə məhz Firidun bəy çevirmişdir.

1904-cü ildə A.P. Çexovun "At familyası" hekayəsini tərcümə edib kiçik bir müqəddimə ilə onu "Şərqi-Rus" qəzetində dərc etdirmişdir.

1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalını təqdir etmiş, jurnalın ilk üç aylıq fəaliyyəti barədə icmal hazırlayıb onu "Tiflisskiiy listok" qəzetində dərc etdirmişdir.

Həmçinin "İrşad" qəzetində "Bir darülmüəllimin kifayətdir" adlı məqalə ilə çıxış edərək, Azərbaycanda müstəqil müəllimlər seminariyasının yaradılması məsələsini qaldırmışdır.

"Znaniye" qəzetində Cəlil Məmmədquluzadənin "Usta Zeynal" kitabçası haqqında eyni adlı məqaləsi çap olunmuşdur.

1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, daha sonra Qori seminariyasının Azərbaycan şöbəsinin Qori seminariyasının Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin olunmuşdur. 

"Vətən dili" dərsliyi haqqında "Cənab Şirvanskinin rəyi münasibəti ilə"  adlı məqaləsində A.O. Çemyayevskinin adı çəkilən dərsliyini müdafiə etmişdir.

1911-ci ildə M.F.Axundzadənin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Tiflisdə keçirilən təntənəli yığıncaqda məruzə ilə çıxış etmiş və eyni zamanda "Mirzə Fətəli Axundov" adlı kitabı çap olunmuşdur.

1912-ci ildə isə Bakıda "Kaspi" mətbəəsində "Balalara hədiyyə adlı" kitabı işıq üzü görmüşdür.

M.Ə.Sabirin xəstəliyi, ona maddi kömək göstərilməsi barədə "Bəradərim cəlildən çap olunmasını iltimas edirəm" adlı məqaləsini "Molla Nəsrəddin"  jurnalında, Vəfati şair məqaləsini isə "Məlumat" qəzetində dərc etdirmişdir.

1913-cü ildə "Azərbaycan ədəbiyyatı tarixi" adlı üç cildlik əsərini tamamlamış, lakin, əsərin Bakıda çapı üçün göstərilən səyləri baş tutmamışdır. 

“Molla Nəsrəddin” jurnalında "Ana dili" adlı məqaləsini dərc etdirmiş, Qoridən Bakıya Abdulla Şaiqə məktub yazaraq "Azərbaycan ədəbiyyat tarixi materialları" nı çap etdirmək səylərini davan etdirmişdir.

1915-ci ildə "Kaspi" qəzetində "Dost və müəllim N.O.Lomourinin xatirəsi"adlı məqaləsi dərc edilmişdir.

1916-1917-ci illərdə Qori seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərmiş, təkliflər irəli sürmüş və siyasi proseslərə qoşulmuş, "Müsavat" partiyasına üzv olmuşdur.

1918-ci ildə Qori Müəllimlər seminariyasının Azərbaycan şöbəsini tədris ləvazümatı və avadanlığı ilə birlikdə öz xərcinə Qazax şəhərinə köçürmüş, bunun əsasında Azərbaycan müəllimlər Seminariyası yaradılmış, Firidun bəy Seminariyanın direktoru təyin olunmuşdur. 

Və bundan sonra həmçinin Qazaxda ilk dəfə olaraq uşaq evi açılmışdır.

1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurasının üzvü seçilmiş, "İstiqlal bəyannamısi"ni imzalamışdır.

1919-cu ildə Fevral ayının 1-də "Müsavat" partiyasının səyyar bürosunun Mərkəzi Komitəsinin təşəbbüsü ilə təşkil edilmiş Qazax şöbəsinə sədr seçilmişdir.

1920-ci ildə "Vətən dili"nin I hissəsinin yenidən işlənməsində böyük xidmətləri olmuş, onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və silistikasını zəngimləşdirmişdir.

1920-ci ilin mayında Qazax kommunistləri  Köçərli və digər "Müsavat" üzvlərini "xalqa xəyanətdə", "milli nifaq" törətməkdə ittiham etmiş, Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinin təqdimatına əsasən Firidun bəy həbs edilmişdir.

Gəncə üsyanı yatırıldıqdan sonra erməni daşnaklarının təşəbbüsü ilə XI ordunun xüsusi şöbəsi tərəfindən ədib bolşeviklərə qarşı etirazların iştirakçısı kimi, 58 yaşında faciəli şəkildə qətlə yetirilmişdir.

Bəli, xalqımızın ən işıqlı şəxslərindən biri bolşevik-daşnak birliyinin qurbanı olmuşdur. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.