İordaniyadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə Əmmanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə soydaşlarımızla yanaşı, azərbaycanlı diplomatlar, İordaniya ictimaiyyətinin nümayəndələri, yerli KİV-in təmsilçiləri iştirak ediblər.
AzərTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İordaniyadakı səfiri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilmiş cari ildə UNESCO-nun mənzil-qərargahında, həmçinin digər ölkələrdə və Bakıda beynəlxalq tədbirlər keçirilib. Dahi şairin yaradıcılığından da bəhs edən səfir bildirib ki, Nizami Gəncəvinin əsərləri müxtəlif dillərə tərcümə edilib, dünyanın bir sıra ölkələrində onun adı əbədiləşdirilib.
Tədbirdə çıxış edən Azərbaycan icmasının fəalı Səbinə Namazova, həmçinin filoloq alimlər Nizami Gəncəvinin əsərlərində humanizm ideyaları, sülhə, dostluğa və ədalətə çağırışdan söhbət açıblar.
Tədbirin sonunda fortepianoda Azərbaycan klassik musiqisi ifa olunub.