Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə başlanılıb

Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən Azərbaycan Aşıqlar Birliyində (AAB) bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.

 

Bu barədə AzərTAC-a məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, iki cilddə çap olunması nəzərdə tutulan antologiyada hazırda da aşıqlarımızın repertuarında mühüm yer tutan dastanlara yer veriləcək. Belə ki, günümüzün ustad aşıqlarından Ələddin Göyçəli, Fətulla Göyçəli, Ağamurad Şirvanlı, Arif Əsgərov, Altay Məmmədli, Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nasğıyev, Elman Talıstanlı, Məmməd Bozalqanlı, Nizami Şirinov, eləcə də İxtiyar Qocayev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Şöhrət Kərimov, Elbrus Hüseynov, Anar Kərimov, Anar Qurbanov və digərlərinin repertuarından lentə alınmış “Abbas və Gülgəz”, “Qurbani”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Valeh və Zərnigar”, “Alıxan və Pəri”, “Şah İsmayıl və Gülzar”, “Yəhya bəy Dilqəm”, “Aşıq Hüseyn və Reyhan xanım” və digər dastanların yenidən sənətsevərlərə və geniş oxucu kütləsinə çatdırılması nəzərdə tutulur.

 

Toplunun ilk cildi bu ilin birinci yarısında ictimaiyyətə təqdim olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.