Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
İlk 20 Yanvar idi ki, ürəyimizdən “şəhidlərin qisası tam alındı” kəlmələri keçdi. Axı ərazi bütövlüyümüz bu 20 Yanvarda tam bərpa olunmuş şəkildə idi.
Bununla belə, şəhidlərimiz üçün yenə ürəyimiz qan ağladı. 20 Yanvarda, Qarabağ müharibəsində görün bir, necə insanlarımızı itirmişik…
Mən onlardan biri haqda hədsiz kədərlə, dərd içərisində danışmaq istəyirəm.
Evin tək övladı olan, 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə daxil olan, oxuya-oxuya həm də ofisiant işləyən, havalar isinəndə ailəsinə dəstək olmaq üçün axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışan Müşfiq Orucovdur şəkildə gördüyünüz bu yaraşıqlı gənc.
Aprel döyüşlərində 21-yaşında qəhrəmancasına şəhid oldu Müşfiq.
Bu qədər əqillə, dərrakə ilə, çalışqanlıqla kim bilir, hansı zirvələrə ucalacaqdı. Amma ömrünü müharibə yarımçıq bitirdi. Bəli, müharibənin üzü çox sərtdir, o çox amansız və qəddardır.
İndi Müşfiq yalnız ürəklərdə yaşayır, onu sevənlərin ürəklərində.
İstərdim, onu ya bir yazıçı öz romanında, ya bir rejissor öz filmində, ya bir bəstəkar öz simfoniyasında, ya bir rəssam öz rəsmində əbədiləşdirəydi.
Belə oğulları itirmək həqiqətən də ədalətsizlikdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.01.2024)