Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əsas tarixi hadisələri və bayramları diqqətinizə çatdırırıq. Bu gün beynəlxalq sferada daha bir ədəbiyyat yönümlü bayram keçirilir. Vinni Pux günü adlanan həmin bayram barədə artıq ayrıca məlumat vermişik. İndi isə gəlin keçid alaq digərlərinə.
Marqarita Vengerski və Pekinsayağı ördək günləri
Xristian dünyası bu gün Marqarita Vengerskinin xatirə gününü qeyd edəcək. Bu, katoliklərin ənənəvi bayramıdır, Marqarita Vengerski macar kralı 4-cü Belanın qızı olub, Bizans imperatoru Nikeyin də həyat yoldaşı. Katolik kilsəsinin çiçəklənməsində, müsbət insanlıq keyfiyyətlərinin – nəcibliyin, xeyirxahlığın, düzgünlüyün bərqərar olmasında əhəmiyyətli rol oynayıb.
Yaddan çıxarmayaq ki, bu gün Amerikadakı mətbəx bayramı ikidir: Milli qurmanlar üçün kofe günü, bir də Milli Pekinsayağı ördək günü.
Tezaurus günü
Latıncadan mənası xəzinə olan tezaurus dilin leksikasını tam dəqiqliklə, tam geniş izah edən lüğətdir. Bu bayram 1779-cu ilin 18 yanvarında doğulmuş Piter Markın ad gününə salınıb, belə ki, Mark bütün həyatını filosoflar üçün xüsusi lüğət kitabını hazırlamağa sərf edib.
Yeri gəlmişkən, Azərbaycanda da tezauruslara ciddi ehtiyac var, biləsiniz. Bizim dilimiz gözəldir, amma o, xüsusən rus dilindən ixrac olunan sözlər və vulqar ifadələrlə (dajelər, ujelər, vapşelərlə) korlanıb. Üstəlik, fellərin əksəriyyəti (qoymaq, soxmaq, salmaq, basmaq, çalmaq və s.) “türkün sözü” sığortası ilə “ayıb ifadə” vermək anlamı daşıyır. Bu da dilə ciddi təpkidir. Dilin yeni söz yaratmaq ənənəsi də çox süni görünür. Bir ara çimərlik paltarına “geyçim”, hamam xələtinə isə “çimgey” adını vermələri yəqin ki yadınızdadır.
DVD-nin yarandığı gün
1996-cı ilin bu günündə Digital Video Disc – yəni DVD yaranıb. 6 diskdən ibarət CD –ROM-da yerləşən məlumatlar bir DVD diskində yerləşdirilib.
1995-ci ilin 18 yanvarı yaponlar üçün qara gəlib, Kobede baş verən 7,2 ballıq zəlzələ nəticəsində 6,5 min nəfər həlak olub. 1991-ci ildə Bundestaq dalbadal 4-cü dəfə Helmut Kolu federal kansler seçib. 1964-cü ildə The Beatles ilk dəfə ABŞ hit paradında yer alıb, “I want to hold your hand” mahnısı ilə. 45-ci olan mahnı cəmi iki həftə sonra artıq 1-ciliyə yüksəlib.
Siqaret qutularının üzərinə yazılan “Siqaret çəkmək sizin sağlamlığınız üçün ziyanlıdır” yazısının mənşəyini bilirsinizmi? 1964-cü ilin 18 yanvarında ABŞ həkimləri Konqresə çağırış ediblər ki, siqaret qutularının üzərinə onların ziyanı barədə mütləq qeyd yazılmalıdır, Konqres də belə bir tapşırıq verib. Sonra bu ənənə ÜST-ün də xoşuna gəlib, bütün dünyada yayılıb.
1926-cı ildə Arbatdakı “Xudojestvennaya” kinoteatrında Sergey Eyzenşteynin “Potyomkin zirehli gəmisi” filminin premyerası olub. Bu film SSRİ-nin ilk kult filmidir, eləcə də dünya kino tənqidçiləri hər zaman onu bəşəriyyətin ən dəyərli filmləri sırasına salırlar.
1919-cu ilin bu günündə Londonda “Bentli Motors” kompaniyası yaranıb. 1919-cu ilin bu günündə həm də Versal sülh konqresi keçirilib, bu barədə də portalımızda ayrıca yazı verilib.
İki yazarın anım günü
1947-ci ilin bu günündə görkəmli rəqqasə Afaq Məlikova dünyaya gəlib. Xalq artistimiz barədə ayrıca yazı verilib. 1941-ci ilin bu günündə mərhum dahi kinorejissorumuz (tək elə “Bir cənub şəhərində” filmi nəyə desəniz dəyər) Eldar Quliyev, 1933-cü ilin bu günündə videomaqnitafonu kəşf etmiş Rey Dolbi, 1876-cı ildə bir vaxtlar abidələri ucaldılan, rayonlar, küçələr adı ilə adlandırılan, əslində Azərbaycanın müstəqillik haqqını əlindən alıb ruslara verməkdə yardımçı olan Məşədi Əzizbəyov dünyaya gəliblər.
18 yanvar həm də iki tanınmış Azərbaycan yazıçısının vəfatı günü kimi yaddaşlarda qalıb. 2018-ci ilin bu günündə yazıçı, Azərbaycan Respublikası Xatirə kitabının baş redaktoru Nahid Hacızadə 82 yaşında dünyadan köçüb.
1983-cü ilin bu günündə isə yazıçı-dramaturq, “Onun bəlalı sevgisi” filmi ilə, eləcə də “Kəcil qapısı” romanı ilə milyonların rəğbətini qazanmış Seyfəddin Dağlı 61 yaşında vəfat edib.
Ruhları şad olsun.
“Ədəbiyyat və incəsənət”
(18.01.2024)