“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xətai Sənət Mərkəzində (XSM) “Baharın rəngləri” adlı respublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb.
Plener Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və XSM-in təşkilatçılığı ilə gerçəkləşir.
Xətai Sənət Mərkəzindən AzərTAC-a bildiriblər ki, layihədə iştirak etmək istəyən 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər fevralın 5-dək müvafiq anketi tamamlayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. adresinə göndərməlidirlər.
Plenerə tək və ya qrup şəklində qoşulmaq olar. İştirakçı akvarel boyaları ilə bahar mövzusunda bir rəsm əsərini ərsəyə gətirməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.
Ən yaxşı 100 əsər sərgilənmək üçün seçiləcək. Sərgilənəcək əsərlər, müəlliflər və sərginin vaxtı XSM və Dövlət Rəsm Qalereyasının sosial media hesablarında paylaşılacaq.
Sərginin virtual kataloqu da hazırlanacaq. Sərgilənəcək əsərlər XSM-in kolleksiyasında saxlanılacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflərə hədiyyə və sertifikat təqdim ediləcək.
Layihənin media dəstəkçiləri arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də var.
“Ədəbiyyat və incəsənət”
(16.01.2024)