Yeni ilin ilk yazısı Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Hər bir ölkənin qınanılası hansısa əməli fəaliyyət sahəsi ola bilər – ekologiya, səhiyyə, qadın azadlığı, demokratik təsisatların inkişafı, silahlanma, dözümlülük (tolerantlıq) və s. və i. Amma elə fəaliyyətlər var, o sahədə müəyyən ölkələr artıq özünü dəfələrlə sübut edib və qınanılması acı gülüş doğurur. Belə acı gülüşlər qınayan tərəfə qarşı haqlı ikrah hissi oyadır, həmin qarşı tərəfin açıq-aydın qərəzindən xəbər verir.

 

Əlbəttə, dövlət müstəqilliyini bərpa tarixi cəmi bir qərinə təşkil edən Azərbaycan Respublikasında da hansısa sahədə daha çox iş görülməli, hansısa əməli fəaliyyəti gücləndirmək, hansısa işə təxirəsalınmazlıq dərəcəsi verməliyik – bu, dartışma mövzusu deyil; lakin tolerantlıq, multikulturalizm, hələ-hələ dini azadlıqlarla bağlı Azərbaycana irad bildirmək urvatlı iş deyil. – “Urvatlı iş deyil” – bu yöndə deyilə biləcək bəlkə ən yumşaq deyimlərin ən yumşağıdır. Bəlkə də, heç bu qədər yumşaqlıq lazım da deyil. – Söhbət ABŞ Dövlət Departamentindən gedirsə, yumşaqlığa yer qalmır zatən. Axı, dünya ölkələrində dini azadlıqların durumu ilə bağlı illik hesabatı Allah qoymasa, ABŞ Dövlət Departamenti niyə hazırlayır ki? – ABŞ Dövlət Departamenti BMT-nin, Qoşulmama Hərəkatının, cəhənnəm, heç olmazsa, Avropa Birliyinin orqanıdırmı ki? – Yox!. – Pəki, o zaman, hər ölkə belə bir hesabat hazırladar və açıqlar, hərəsi də öz çıxarlarına uyğun... – Elə deyilmi? – Onda, daha BMT-yə, digər beynəlxalq qurum-quruluşlara nə hacət vardır? –  Hərə közü öz ocağına, qabı öz qabağına çəksin, nə bilim, kimi də özfəaliyyətlə məşğul olsun, qurtarsın-getsin...

Biz bəyəm Amerikanın bir ştatıyıqmı? Gör kim dini azadlıqlarla bağlı hesabat hazırlayır? – ABŞ azadlıqların boğulması sahəsində ən abırsız özkeçmişə, bekara təcrübəyə və davam edən ayrımçılığa sahib olan ölkədir. Ayrı-ayrı ştatlarında azadlıqların günü bu gün də qanunla buxovlanmaqda olduğu bir ölkə bizə dini azadlıqlarla bağlı irad bildirə bilməz. Heç olmazsa, öncə öz ölkəsində dini, milli, irqi ayer-seçkilik təzahürlərini aradan qaldırsın da, sonra danışarıq...

Hesabatın digər bölümləri ilə işim yox – özləri bilər, ancaq Azərbaycana aid hissəsi əsassızmı? - əsassız, gerçəklikdən uzaqmı? – uzaqdan uzaqdı. Uzun sözün qısası, qərəzli iddialar tioplusudur ABŞ Dövlət Departamentinin növbəti illik hesabatı.

Bəli, dünyada dini və milli dözümlülük ocağı, örnəyi kimi tanınan Azərbaycanı belə buraxma, yaramaz iddialarla tanıtmağa ABŞ-ın siyasi, hüquqi haqqı çatmır; söhbət, yaxın-uzaq coğrafiyalarda şəhərləri, ölkələri xaraba qoymuş ABŞ-dan gedincə mənəvi haqdan danışmağasa ümumən dəymir...

Dünyanın dörd yanında çoxsaylı savaşlar, qarşıdurmalar yaradan (yaratmadıqlarını da alovlandıran), milyonlarla insanın ölümünə, qaçqın, məcburi köçkün yaşamına mübtəla olmasına, səfalətlərə ABŞ, məhz ABŞ səbəbkar olub. Belə bəd əməllər keçmişdə olsaydı nə vardı? – Davam edir və ABŞ-ın nə vaxt xəkə qoyacağı heç bəlli olmaz...

Sözügedən adıyaman hesabatın obyektiv olmamasına dəlalət edən faktorlar yetərincədir; ən əsası, hesabatı ermənilərin tərtib etməsi açıq-aydın görünür və dərhal da, bir sürü sual doğurur. Bəs ABŞ Ermənistanla Azərbaycan arasında barış istəyirdi guya? Bir tərəfə şiddətlə siyasi basqı, digər tərəfə riqqətli dəstəkləmi barışcıl olurlar? Tərəfsiz vasitəçilik missiyası beləmi olur?

Adıyaman hesabatın Azərbayacana aid olan bölümünü kim hazırlamış olsa, “yaxşıdır”? – Biz adını deyək, siz heç təəcüblənməyin: Dövlət komissiyasının, başçısı Daniela Aşbaxyan olan İctimai xidməti. Bu xanımın bəlli səbəblərdən dünyaca ünlü Kim Qardaşyanla bu və ya digər parametrlər üzrə doğmalığını, qohum-əqrabalığını hələ dəqiqləşdirməsək də, onun Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olduğu dəqiqdir. Daniela Livanın Los Ancelesdəki konsulluğunda işlədiyini danmır.

Başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində  işləməsi, ABŞ-ın xarici siyasətinin müəyyənləşməsində iştirakı özü qanunsuzluq deyilmi və də, xoruzun quyruğu görünmürmü?

Ayrıca, adıyaman hesabata dinlə heç bir bağlılığı olmayan işlərin də daxil edilməsi, onun konkret siyasi məqsədə xidmət etdiyini göstərməkdədir.

Adıyaman hesabatın xarakteri – daha doğrusu, xaraktersizliyi göstərir ki, bu “sənəd” dini ayrı-seçkiliyə qarşı mübarizə məqsədilə deyil, tam tərsinə, bu ayrı-seçkiliyi daha da artırmaq və beynəlxalq ictimaiyyətinin gözündə qanuni don biçmək məqsədi daşıyır.

Çox ilgincdir, həmin o adıyaman hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda qısamüddətli və qaçınılmaz antiterror tədbirləri sonucunda yaranmış duruma “əsaslanır”. Amma bu həncəri əsaslanmadır ki, həmin ərazilərin üç on illik boyunca işğal altında saxlanılması və 100 minlərlə günahsız azərbaycanlının öz doğma ev-eşiyindən qovulması, 60-dan çox məscidin, digər dini-mədəni obyektlərin darmadağın edilmısi nəzərə alınmır. Ustad Fikrət Sadıq belə yerdə deyirdi: “Əslində, əslində əslində deyil”...

Uzun sözün qısası, ABŞ Dövlət Departamenti belə urvatsız hesabatla öz qərəzini, ədalətsizliyini növbəti dəfə nümayiş etdirmiş oldu.

Amma belə “sənəd”lər bizim nəzdimizdə bir şey ifadə etməz; əlbəttə, nə Azərbaycan hakimiyyəti, nə də, xalqımız belə cızmaqaraları qəbullanmır (qəbullanmamalıdır). Dövlətimiz bundan sonrakı dönəmdə də öz üslubunu, ahəngini məhz milli maraqlarımıza, dövlət çıxarlarımıza uyğun davam və inkişaf etdirməlidir.

 DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.