Varis, “Ədəbiyyat və incəsənət”
Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu, Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadənin bu il 140 illik yubileyidir.
Taleyin ironiyasına baxın ki, uzun illərdir, hansısa məmurun, məmurların direktivləri əsasında bu adı çəkmək qeyri-rəsmi də olsa yasaq edilib. Dərsliklərdən uzaq düşüb, teleməkandan iraq qalıb, Cumhuriyyətdən danışılanda belə onun adı “unudulub”. Bunlar azmış kimi, bu görkəmli şəxsiyyət kiçildilib, təhqirlərə belə məruz qalıb.
Amma milyonların ürəyində Rəsulzadə adı yaşayıb, onun Novxanıdakı abidəsi, Ankaradakı məzarı daim anılıb, tər çiçəklərdən əskik olmayıb.
Biz tarixi kimlərinsə ambisiyalarına qurban verənlərdən idik, çox şükür ki, bu tarixi ədalətsizliyə yeni ilin gəlişi ərəfəsində Azərbaycan prezidenti İlham Əliyev son qoydu. O, Rəsulzadənin 140 illiyinin qeyd edilməsi barədə sərəncam imzaladı. Və bununla da tarixi saxtalaşdıran “ideoloqlara” yerlərini göstərdi.
Bizdə çox qəribə davranışlı orta ranqlı məmur tayfası var. Onlar bir vaxtlar Rusiya deyibən bar-bar bağırar, Türkiyəyə həqarət yağdırardılar. Azərbaycan prezidenti ölkənin siyasi kursunun Türkiyə yönəli olduğunu bəyan edəndən sonra həmin bu məmurlar türkpərəst olub da hazırda özlərini ən radikal pantürkist kimi aparırlar.
Və mən əminəm ki, prezident sərəncamından sonra Rəsulzadəyə daim böhtan və iftira yağdıranlar da ən qatı Rəsulzadəçi olacaqlar.
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2023-cü il
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)