Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev dekabrın 6-da Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Tani ilə görüşüb.
“Ədəbiyyat və incəsənət portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, Azərbaycan və Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilən görüşdə Azərbaycanın Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və səfirliyin nümayəndələri də iştirak edib.
Nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın tarixi, incəsənəti, zəngin ədəbiyyatı, musiqi mədəniyyəti, xalq sənətləri, o cümlədən ölkəmizin xalçaçılıq məktəbləri, şəbəkə sənəti və digər mövzular barədə həmsöhbətini ətraflı məlumatlandırıb. Cari ilin Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edərək, dahi şair və mütəfəkkirin yaradıcılığından söhbət açıb, onun zəngin irsinin regionumuzun hüdudlarından çox uzaqlarda şöhrət tapdığını və dərindən araşdırılıb tədqiq edildiyini söyləyib.
Elnur Əliyev, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq, ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini izah edib. Azərbaycanın təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də qələbə qazandığını qeyd edib. Mədəniyyətin ölkələr və xalqlararası münasibətlər üçün körpü rolu oynadığını bildirərək, bu xüsusda mövcud potensialdan geniş istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində nazir Şeyx Əbdülrəhman bin Həməd Al Tani ölkələrimiz arasında ikitərəfli münasibətlərin və mədəni əlaqələrin mövcud səviyyəsindən məmnunluğunu ifadə edib, müştərək səylər və birgə fəaliyyət vasitəsilə bu əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.