Bakıdakı “Holidey İnn” otelinin böyük konfrans zalında Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Simurq” Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə Assosiasiyanın Qurultayı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Qurultayda çıxış edib. O, Ümummilli liderin mədəniyyətə, mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət-qayğısından söz açıb, bu unudulmaz diqqət-qayğının ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam və inkişaf etdirildiyini bildirib.
Fazil Mustafa Assosiasiyanın, şəxsən Assosiasiya prezidenti, görkəmli kulturoloq, professor Fuad Məmmədovun uzunmüddətli, çoxşaxəli və səmərəli fəaliyyətini təqdirlə qeyd edib, ürək sözlərini bölüşüb. O, Mədəniyyət Komitəsinin təbrik məktubunu professor Fuad Məmmədova təqdim edib.
Məktubda deyilir:
“Hörmətli Fuad müəllim,
Sizi, Sizin timsalınızda “Simurq”un bütün üzvlərini Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyinə həsr olunmuş VII Qurultay münasibəti ilə təbrik edir, Qurultayın işinə uğurlar diləyirəm! Azərbaycan kulturologiya məktəbinin yaradıcısı olan görkəmli alim kimi Sizin elmi və ictimai fəaliyyətiniz, uğurlarınız sayəsində “Simurq” bir Azərbaycan brendinə çevrilib. “Simurq” məktəbi keçmiş yeni nəsil aydınlarımız tarix, kulturologiya elmimizdə, vətəndaş cəmiyyəti quruculuğunda öz töhfələri ilə seçiliməkdədir.Bəlli olduğu kimi, Simurq quşu Azərbaycan mifologiyasında xeyirxahlığın, yeni həyatın, dirçəlişin rəmzidir. Görkəmli Azərbaycan aydınlarının təşəbbüsü ilə yaranan assosiasiyanız da xeyirxahlığa, dirçəlişə xidmət edərək, öz adını tam doğruldub. Təsadüfi deyil ki, assosiasiyanız ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanınır.Çox şadıq ki, “Simurq”un 30 illik yubileyini Qarabağda işğal mədəniyyətsizliyinə son verib, quruculuq-abadlıq mədəniyyətinə başlamağımızın 3-cü ildönümündə keçirirsiniz.
Sizi, assosiasiyanızın hər bir üzvünü Milli Məclisin Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ictimai fəaliyyətinizdə yeni uğurlar diləyir, ən xoş arzularımızı yetiririk”!
Komitənin təbrik məktubu üçün təşəkkür edən professor Fuad Məmmədov öz növbəsində, Komitə sədrinin “Simurq”un 30 illik yubiley medalı ilə təltif olunduğunu bildirib, medalı və müvafiq sertifikatı Komitə sədrinə təqdim edib.
Qurultayda digər təltiflər də olub.
96 yaşlı akademik, görkəmli heykəltaraş Ömər Eldarovun təltif olunduğu
“Simurq”un ali mükafatını - tunc Simurq quşu heykəlciyini akademikə Fazil Mustafa təqdim edib.
Onu da vurğulayaq ki, Qurultayda
“Simurq”un xarici üzvləri - “Sülh Mədəniyyəti İnstitutu”nun (UNESCO) rektoru, “Avropa-Asiya” Beynəlxalq Akademiyasının prezidenti, “Simurq”un vitse-prezidenti, akademik Engel Tagirov (Tatarıstan), “Sivilizasiyaların dialoqu” Açıq Universitetinin prezidenti Sühəyl Fərəh, “Dünya Söz Akademiyası”nın prezidenti, akademik Hayrəttin İvgin (Türkiyə) və b.-ları iştirak edib.
Professor Fuad Məmmədov çıxış edərək Assosiasiyanın 1990-cı ilin aprelində təhsil və maarifçilik uğurlarını inkişaf etdirmək məqsədilə yaradıldığını bildirib. “Simurq”un görkəmli nümayəndələri tərəfindən Azərbaycan xalqının ruhi mədəniyyətinə vətəndaş yardımı üçün təsis edilən yeni tipli, ilk çoxşaxəli, mədəniyyət təşkilatı olduğunu qeyd edən professor deyib: “Assosiasiya innovativ mədəniyyət konsepsiyalarını hazırlayıb, Azərbaycanda və xaricdə üç yüzdən çox elmi maarifləndirici layihə, konfrans, seminar, mühazirə və ustad dərsləri həyata keçirib. Qurultay ərəfəsində Assosiasiya fədakar üzvlərinin 30 ildən artıq yaradıcılıq fəaliyyətini əks etdirən “Ruhi mədəniyyətin inkişafına xidmət” adlı fundamental əsər nəşr edib”.
Tədbirdə Milli Məclisin üzvü, Mədəniyuət Nazirliyi İctimai Şurasının sədri, akademik Nizami Cəfərov, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları çıxış edərək, assosiasiyanın təsisçiləri və üzvlərini 30 illik yubiley münasibətilə təbrik edib, yeni uğurlar diləyiblər.
Daha sonra alim və tədqiqatçıların müəllifi olduğu kollektiv monoqrafiya təqdim olunub və assosiasiyanın ən fəal azərbaycanlı və xarici üzvlərinə medal, diplom və təşəkkürnamələr verilib.
“Ədəbiyyat və incəsənət”
(24.12.2023)