“Lider ucalığı” - BU GÜN AZƏRBAYCAN PREZİDENTİNİN AD GÜNÜDÜR Featured

 

Adəm İsmayılov, fəlsəfə doktoru

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılmış, bütün dünyaya dövlət dayanıqlığı və ictimai-siyasi, sosial-iqtisadi və mədəni tərəqqi nümunələri nümayiş etdirən müstəqil Azərbaycan Respublikası müasir mərhələdə özünün sivilizasiya təcəssümü apofeozuna çatmışdır.

 

Əlbəttə ki, dahi Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin hərtərəfli möhkəmləndirilməsi və dinamik inkişafı işinin ardıcıl davamçısı kimi, dünya miqyaslı görkəmli dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixə düşmüşdür.

Azərbaycanın ərazi bütövlüyünün bərpası, respublikanın istər sənaye, nəqliyyat-energetika, ticarət-iqtisadi, istərsə də hərbi-strateji və mədəni kontekstdə regional və planetar rolunun gücləndirilməsi istiqamətində həqiqətən də titanik fəaliyyətinin məntiqi nəticəsi olaraq, İlham Əliyevin müasir dövlət arxitekturası onun təşkilati, siyasi, intellektual dühası ilə həmahəngdir.

Bu məqalədə onun daxili siyasətinin əsas prinsipləri üzərində retrospeksiya prizmasından dayanaraq, bu iki onillik ərzində Azərbaycan cəmiyyətinin sosial-iqtisadi vəziyyətinin əsas mərhələlərini xatırlatmaq məqsədəuyğundur.

Heydər Əliyev 1993-cü ildə Azərbaycan dövlətçiliyinin bərpası prosesinə başlayaraq, Azərbaycan cəmiyyətinin dayanıqlığını üzə çıxaran yeni ictimai-siyasi və sosial-iqtisadi inkişaf modelini aydın şəkildə formalaşdırmaqla, həyata keçirməyə başladı. Bu model ən qısa tarixi dövrdə dərin siyasi və sosial-iqtisadi böhranın nəticələrini aradan qaldırmağa və Azərbaycanı postsovet məkanında ən dinamik inkişaf edən respublikalar sırasına gətirməyə imkan verdi.

Aparılan iqtisadi islahatlar nəticəsində Heydər Əliyev tərəfindən iqtisadiyyatın möhkəmliyinin və çevikliyinin əsası qoyuldu. İnflyasiya prosesi möhkəm şəkildə sabitləşdirilmiş, büdcənin doldurulması, xarici investisiyaların daxil olması, o cümlədən maliyyə-kredit problemlərinin həlli mexanizmləri tənzimlənmişdir.

Eyni zamanda respublikanın bütün sənaye-istehsalat kompleksinin fəaliyyətinin davamlılığını və stabilliyini təmin etmək məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafının üzərində durmaqla nəqliyyat-enerji layihələrinin, sənaye istehsalı proseslərinin gələcək inkişafı və təkmilləşdirilməsi nöqteyi-nəzərindən görüləsi işlər hələ çox idi.

2003-cü ildə Prezident İlham Əliyev Azərbaycan rəhbərliyinin sükanı arxasına keçərək, ümummilli lider Heydər Əliyevin cəmiyyətin daxili siyasi və iqtisadi vəziyyətinin yaxşılaşdırılması kursunu davam etdirdi və modernləşmiş iqtisadiyyat ideyalarını, onun gələcək inkişafı yolları və metodlarının diversifikasiyasını həyata keçirməyə başladı.

Bunun əsası ilkin olaraq Prezidentin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı, həmçinin də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Fərmanı idi.

Respublikanın sosial siyasəti sahəsində vətəndaşlara göstərilən xidmətlərin asan formada həyata keçirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən "ASAN xidmət" mərkəzləri yaradılmışdır.

2012-ci il sentyabrın 5-də İlham Əliyev "ASAN xidmət" mərkəzlərində göstərilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsini nəzərdə tutan növbəti "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Fərman imzalamışdır.

Respublika Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın neft strategiyasını şəffaf şəkildə davam etdirərək 2004-cü il fevralın 3-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsinə dair sənədlərin imzalanması mərasimini keçirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi 2006-cı il iyulun 13-də baş tutdu.

2014-cü il sentyabrın 20-də Bakıda "Əsrin müqaviləsi"nin 20-ci ildönümü və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş mərasimdə Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Yunanıstanın Baş naziri Antonis Samaras, Monteneqronun Baş naziri Milo Cukanoviç və digər xarici nümayəndələr iştirak edirdilər, bu da Azərbaycanın və onun lideri İlham Əliyevin dünya neft, nəqliyyat-enerji siyasətində rolunun beynəlxalq səviyyədə tanınmasının bariz sübutu idi.

2017-ci il sentyabrın 17-də İlham Əliyevin iştirakı ilə "Yeni Əsrin Müqaviləsi" imzalanmışdır, məlumata görə, Azərbaycan və beynəlxalq neft şirkətləri konsorsiumu "Əsrin Müqaviləsi"nin uzadılması - 2050-ci ilə qədər Xəzərin Azərbaycan sektorunda üç neft yatağı - "Azəri", "Çıraq" və "Günəşli"nin birgə işlənməsi barədə razılığa gəlmişlər. Əvvəlki müqavilə 2024-cü ilə qədər qüvvədə idi. Yeni sazişdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) öz payını 11%-dən 25%-ə yüksəltdi.

Prezident İlham Əliyevin ölkəyə 20 illik rəhbərliyi dövründə aqrar istehsal sahəsində də hərtərəfli islahatlar aparılıb. Faktiki olaraq, onun rəhbərliyi altında yenidən yaradılmış, müasir qlobal texnoloji tərəqqinin bütün standartlarına cavab verən maddi-texniki baza Azərbaycan dövlətinin iqtisadi həyatının bu mühüm sahəsinin irəliləyən inkişafı üçün münbit, stabil zəmin yaratmışdır.

Prezident İlham Əliyevin kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, taxılçılığın, ipəkçiliyin, üzümçülüyün, çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun və nar bağları sahələrinin genişləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti sərhəd tanımır. Məhz elə o, ölkədə aqrar-sənaye istehsalının gücləndirilməsi, vətəndaşların yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları ilə fasiləsiz təmin edilməsində əsas hərəkətverici qüvvə rolunu oynamış, ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

Prezident İlham Əliyevin misilsiz parlaq sosial siyasəti son 20 ildə sosial sahəyə dövlət büdcəsinin illik xərclərini 20 dəfədən çox artırmağa imkan vermişdir. Məhz bu dövrdə minimum əməkhaqqı 38, orta aylıq əməkhaqqı 12, minimum pensiya 14, orta aylıq pensiya 18, yaşa görə orta aylıq pensiya 19, əlilliyə görə pensiyası 14, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artmışdır. Hər il pensiyaların ödənilməsinə ayrılan vəsait iki onillikdə 30 dəfə artmış və altı milyard manata çatmışdır.

Azərbaycan dilinin dövlət statusunun möhkəmləndirilməsi, onun linqvistik, terminoloji və ədəbi inkişafı məsələsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz elə bu, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının imzalanmasına səbəb oldu. Sənədin icrası problemlərinə Prezidentin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası nöqteyi-nəzərindən baxılırdı. Proqrama 5 prioritet məsələ daxil idi: normativ-hüquqi bazanın yaxşılaşdırılması, dilin tədrisinin və istifadəsinin genişləndirilməsi, dilin KİV-lərdə təbliği və dilin öyrənilməsi və tanıdılmasında informasiya-kommunikasiya texnologiyalarından istifadə.

Prezident İlham Əliyevin dövlətin humanitar həyatının bütün sferasının şəffaflaşdırılmasına yönəlmiş fəaliyyətində Azərbaycan xalqının və dövlətinin obyektiv, hərtərəfli, əfsanəvi deyil, həqiqi elmi məzmunla dolu tarixi problemi mühüm yer tutur. Prezidentin humanitar siyasətinin bu vektorunun aktuallığı, bütün ölkə vətəndaşlarının milli tarixi diqqətlə öyrənməsi və bilməsi zərurəti ilə yanaşı, həm də erməni saxtakarları və onların xarici havadarlarının Azərbaycan dövlətçiliyinin inkişafının müxtəlif mərhələlərində dövlət milliyimizin mövcudluğu faktlarının toxunulmazlığını şübhə altına almaq, Azərbaycan xalqının qədim mədəniyyətini ləkələmək və gözdən salmaq üçün bitməyən cəhdləri ilə motivasiya olunur.

Bu məqsədlə İlham Əliyev 2018-ci il yanvarın 10-da "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında", yanvarın 18-də isə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.

Yeri gəlmişkən, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan Respublikasının demokratik həyat prinsiplərinin inkişafında davamlılığı təmin etməklə, Prezident İlham Əliyev maneəsiz söz və məlumat azadlığı, plüralizm, fikir müxtəlifliyi və siyasi hərəkatlar əsasında KİV-lərin fəaliyyəti üçün hər cür şərait yaratmışdır. Bu vektor Prezident İlham Əliyevin humanitar siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.

2015-ci il yanvarın 19-da İlham Əliyev "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzaladı.

Prezident İlham Əliyev 2020-ci ilin sentyabrında yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət təbrikində respublika ictimaiyyətinin diqqətini özünün təhsil sahəsində fabulasına yönəltdi: "Mən hələ 2004-cü ildə demişdim ki, biz "qara qızıl"ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Son 20 il ərzində paytaxt və regionlarda 3630 məktəb, 450-dən çox uşaq bağçası tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2003-2023-cü illərdə sosial yönümlü büdcə xərcləri 20 dəfədən çox artmışdır".

Respublikada ən mühüm qlobal tendensiyalara uyğun olaraq inkişaf edən konstruktiv ali təhsil sistemi formalaşmışdır. Azərbaycan Boloniya prosesinin tamhüquqlu iştirakçısına çevrilmiş, maddi-texniki bazasının köklü şəkildə modernləşdirilməsi üzrə layihələr həyata keçirilmiş, təhsil müəssisələrinin idarə edilməsi və maliyyələşdirilməsinin yeni formaları tətbiq edilmişdir.

Ümumilikdə, Azərbaycanda 52 ali təhsil müəssisəsi var. Bunlardan 40-ı dövlət, 12-si özəldir. 2020-2021-ci tədris ilində bakalavriat pilləsində təhsil alanların sayı 171 820, magistratura pilləsində təhsil alanların sayı 16 920 nəfər olub. Onlardan 94 941 tələbə dövlət sifarişi ilə təhsil alıb.

Bütün bu göstəricilər Prezident İlham Əliyevin böyük əməyinin və onun yaratdığı texnoloji-təşkilati Azərbaycan təhsili modelinin son dərəcə maksimum səmərəliliyinin nəticəsi olan, inkişaf etmiş ölkələrin heç birinin müvafiq sistemindən geri qalmayan keyfiyyətli ali təhsilin inkişaf etmiş sistemini nümayiş etdirir.

Azərbaycanın bütün böyük şəhərlərində çoxlu mədəniyyət mərkəzləri, konsert zalları və kinoteatrlar var. Musiqi, teatr və təsviri sənətə sanki ikinci nəfəs gəldi və yaradıcı tərəqqinin yeni yüksək səviyyəsinə yüksəldi. Prezidentin rəhbərliyi ilə Azərbaycanın mədəniyyət sahəsinin yaradılması və daha da çiçəklənməsi məsələlərinin həllinə kompleks yanaşma işlənib hazırlanmışdır.

Respublikada onlarla musiqi festivalı ("Muğam aləmi", "İpək yolu", Qəbələ festivalı), sərgilər (Avropa Şurasının mənzil-qərargahında "XII və XXI əsrləri birləşdirən universal körpü: Nizami Gəncəvi yaradıcılığı (1141-1209)" layihəsi çərçivəsində sərgi "Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi və beynəlxalq əhəmiyyətli konfranslar (Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və s.) keçirilmişdir.

Multikulturalizm kimi sosial-mədəni və siyasi anlayış minilliklər boyu hər zaman dini dözümlülüyü, torpağında yaşayan etnik, konfessional icmalara qarşı tolerantlığı ilə seçilən Azərbaycan xalqına xas idi. Bununla belə, multikulturalizm İlham Əliyevin humanitar siyasətində Azərbaycanda sülhü, sabitliyi, millətlərarası münasibətlərdə mədəni qarşılıqlı zənginləşməni bəyan edən siyasi kantata kimi səslənirdi. Buna əsaslanaraq, 2016-cı il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdir.

Bu baxımdan, ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək göstərən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın geniş əhatəli fəaliyyətini qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun xətti ilə dünyanın ölkələrində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin səyləri sayəsində, Azərbaycan inkişaf etmiş idman dövlətinə çevrilməyə başladı. 2013-cü ildə o, "I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzaladı.

Beləliklə, tarixdə ilk dəfə Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Azərbaycanın paytaxtı - Bakıda keçirildi. Avarçəkmə yarışları Mingəçevir şəhərində təşkil olunmuşdu.

Bu beynəlxalq tədbir bütün dünyada böyük rezonans doğurmuş, Azərbaycanın və onun rəhbəri İlham Əliyevin nüfuzunun artmasına səbəb olmuşdur.

Bu uğur IV İslam Həmrəyliyi Oyunlarının təşkili ilə davam etmişdir. 2015-ci il sentyabrın 18-də İlham Əliyev "IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalanmışdır. Eyni zamanda "İslamiada-2017" kimi də tanınan bu oyunlar Bakıda 2017-ci il mayın 12-də açılmış, mayın 22-də başa çatmışdır.

Siyasətdə belə bir formul var: "Çoxları zirvəyə qalxmağı bacarır, yalnız bir neçəsi zirvədə qala bilir". Məmnuniyyətlə bildirirəm ki, 2003-cü ildə Azərbaycanda dövlət hakimiyyətinin zirvəsinə yüksələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mürəkkəb, Azərbaycan xalqı üçün bu qədər zəruri 20 illik fəaliyyəti ilə nəinki bu zirvədə qaldı, həm də dünyanın bir çox dövlət və siyasi xadimləri üçün əlçatmaz olan, fəth edə bilmədiyi dövlət-siyasi zirvəsinə ucaldı!!!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.