“Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin təqdimatı keçirilib

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin təqdimatı keçirilib. İstanbul Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyi və Bakıdakı Yunus Əmrə İnstitutunun təşkil etdiyi layihə Türk-İslam sivilizasiyasının zəngin və seçkin nümunələrini dünyaya tanıtmaq məqsədilə həyata keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, qonaqlar əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində bəşəriyyətin ortaq mədəni mirasına həsr edilən sərgi ilə tanış oldular.
Tədbirin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə bildirdi ki, mədəniyyət hər bir xalqın bioqrafiyasıdır. Mədəniyyət amili insanın həyatına və şüuruna bağlı olan anlayışdır: “Biz mədəniyyəti yalnız insan şüurundan ala bilərik. Bir az əvvəl mərkəzin foyesində təşkil olunan sərgini seyr etdiyimiz zaman bəşəriyyətin inkişaf tarixini gördük. Eyni zamanda mədəniyyətlərin inkişaf etdiyi mühitləri görə bildik. Tarixi, mədəniyyəti bilmədən gələcəyi yaratmaq mümkün deyil. İnsanlar öz kimliyini, dəyərlərini və tarixini, eləcə də dünyada var olmalarının səbəblərini bilməlidir. Onlar bu səbəbləri unutduqları zaman müharibələr baş verir”.
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası haqqında söz açan Vasif Eyvazzadə layihənin dekabrın 2-də gerçəkləşən tərəfdaşlıq forumunu qeyd etdi. Bildirdi ki, uzun illərdir beynəlxalq təşkilatlar sülh mədəniyyəti ideyasını inkişaf etdirirdilər: “Ancaq Azərbaycan hökuməti 44 günlük Vətən müharibəsindən sonra mədəniyyəti inkişaf etdirmək üçün sülhün vacib olduğunu ideya kimi irəli sürdü. Bugünkü tədbirin təşkilatçıları iki dövlət, bir millət olan qardaş ölkələrin nümayəndələridir. İdeya da bu xalqın kökündə olan sülhpərvərlik və dünya mədəniyyətinə açıqlığı nümayiş etdirir”.
Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç çıxışında layihənin ilk dəfə Bakıda təqdim olunmasının əhəmiyyətini vurğuladı. Bildirdi ki, bu layihə ilə türk sivilizasiyasının zəngin və seçkin nümunələrini bütün dünyaya tanıtmaq və bu yolla özümüzü müasir dünyaya təqdim etmək niyyətindəyik.
Daha sonra proqram “Mədəniyyət şüuru” mövzusunda panellə davam etdi. Paneldə professor Bekir Karlığa, Türkiyə Böyük Millət Məclisinin üzvü, professor Celal Erbay və Beynəlxalq Mədəniyyət Araşdırmaları Dərnəyinin sədri Ahmet Selamet çıxış edərək fikir və düşüncələrini bölüşdülər.
Panel iclasdan sonra “Sivilizasiya alimi Biruni” sənədli filmi nümayiş etdirildi. Qeyd edək ki, film Şərq dünyasının böyük təfəkkür sahibi, ensiklopediyaçı alim Əbu Reyhan əl-Biruninin (973-1048) həyat və fəaliyyətinə həsr olunub.
Bildirək ki, bir il davam edəcək “Mədəniyyət mirası: ortaq keçmiş və ortaq gələcək” layihəsinin ölkəmizdən sonra Mərakeş, İran, Qazaxıstan, Özbəkistan, Rusiya və ABŞ-da təqdimatı keçiriləcək. Proqramın bağlanışının Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.