Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Həyatın qəribəliyinə bir baxın. 1906-ci ilin 15 dekabrında – eyni gündə dünyaya gələn iki görkəmli alimimizin ikisi də geologiya sahəsində parlayıb, ömürləri də eyni ildə - 1981-ci ildə qırılıb. Qısa da olsa, gəlin onların fəaliyyət yollarına nəzər yetirək.
Həsən Əhmədov Qərbi Azərbaycanın Zəngəzur qəzasının Sisyan rayonunda anadan olub. 1933-cü ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun Geoloji kəşfiyyat fakültəsini bitirib, müxtəlif işlərdə çalışıb, 1951-ci ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin direktoru, 1965-1977-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olub. Həsən Əhmədov 1959-cu ildə professor elmi rütbəsini alıb, 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib. Onun ən böyük fəaliyyəti Qobustan-Şamaxı neft-qaz rayonunun tədqiqidir, eləcə də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsinin və kəşfiyyatının ilk təşkilatçılarından biri olmasıdır. SSRİ rəhbərliyi ona Qubkin adına mükafatı da bu böyük əməyə görə verib. 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi çalışan alimimiz Türkiyənin 7 illik geoloji planını da hazırlayıb. Alim 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. Onun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazırlanıb. H.Əhmədov iki dəfə “Şərəf” ordeni, üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı, “Əmək rəşadəti”, “Əməkdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 1981-ci il iyul ayının 9-da Bakıda vəfat edən alimimizə “ruhu şad olsun” deyirik.
Dünya Ağalarova isə Şamaxıda anadan olub. 1932-ci ildə Azərbaycan Neft İnstitutunun geoloji şöbəsini bitirib. 1949- 1954-cü illərdə Türkmənistan SSR EA Geologiya İnstitutunun paleontologiya laboratoriyasının rəhbəri olub və Türkmənistan Dövlət Universitetində paleontologiyadan mühazirələr oxuyub. 1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat Neft və Layihə İnstitutunda stratiqrafiya laboratoriyasına rəhbərlik edib. O, 1965-ci ildə Azərbaycan paleontoloqu, geologiya-mineralogiya üzrə professor adını alıb. Dünya Ağalarova Azərbaycanın neftli-qazlı vilayətlərinin pliosen çöküntülərinin mikrofaunasını öyrənməyə başlamış ilk alim - paleontoloqdur. O, geologiya-mineralogiya sahəsinə bir sıra yeniliklər gətirib, bir-birindən uzaq olan kəsilişlərdəki eyni yaşlı çöküntüləri korrelyasiya etmə ideyasını ilk dəfə o tətbiq edib. Onun geologiya-mineralogiya sahəsində elmi kadrların hazırlanmasında böyük xidmətləri olub, 100-dən artıq elmi əsərin müəllifidir. Elmi nailiyyətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilən Dünya Ağalarova 1981-ci il avqust ayının 15-də Bakıda vəfat edib, Allah rəhmət eləsin!
Olduqca maraqlıdır, görəsən bu iki şəxs həyatda tanışmı idilər?
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)