Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz xalq şairimiz Ramiz Rövşən, eləcə dəeyni gündə dünyaya gəlmiş və eyni ildə vəfat etmiş iki görkəmli alimimiz – Həsən Əhmədov və Dünya Ağalarovanın barədə ayrıca söz açaçağıq. Bu günə təsadüf edən digər əlamətdar hadisələri də diqqətinizə çatdırırıq:
15 dekabr.
Beynəlxalq Zamenqof, yaxud Esperanto günü
Bu gün beynəlxalq dil yaratmaq sahəsində böyük təhqiqatlar ortaya qoyaraq esperanto dilini yaratmış polşalı Lazar Zamenqofun doğum günüdür, bu şərəfə belə bir günü dünyada qeyd edirlər. Hazirda dünyada iki milyon insan bu dildə danışır, əlbəttə ki, heç də az deyil.
Bizlər də türk dünyası üçün ortaq türk dili yaratmaq amacındayıq, xeyirli və uğurlu olsun.
Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günü
Rus demokratlarının təklifi ilə təqvimə salınmış bu gündə vurğulanır ki, hər il müxtəlif şəraitlərdə 20-yə yaxın rus jurnalisti və reportyoru həlak olur, bəzi jurnalist ölümlərinin üstü açılmır, Vladislav Listyevin, Dmitriy Xolodovun qatilləri hələ də azadlıqdadırlar. “Soverşenno sekretno” holdinqinin rəhbəri Artyom Borovikin haylı-küylü qətlinin də əsl sifarişçisi gizlədilməkdədir. Yeri gəlmişkən, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli də illər ötsə də müəmma pərdəsi altındadır.
Peşəkar fəaliyyətləri zamanı həyatlarını itirən jurnalistlərin xatirə günündə bir nəfəri anmaq isə xalq olaraq borcumuzdur. Söhbət Qarabağda çəkiliş apararkən erməni gülləsinə tuş gəlmiş milli qəhrəman Çingiz Mustafayevdən gedir. Canlarını fəaliyyətləri yolunda fəda etmiş bütün jurnalistlərə, reportyorlara Allah rəhmət eləsin!
“Pişik otaranlar günü”
Ramedilməz, sırtıq ev pişiklərinin əlində əsir-yesir olmuş insanlar üçün belə bir məzəli günü təqvimə salıblar ki, pişikləri ağıllandırmaq yolları insanlara agah edilsin. Əlbəttə ki, maraqlı təyinatdır. “Ay pişik, brız” deyib bizlərin nadinc pişikləri təpiklə qovmasının fövqündə duran mədəni tədbirlər varmiş, deməzsənmiş.
Eyfel qülləsi və “Qurdlar vadisi”
Bu gün amerikalılar üçün Milli ədvalı latte günüdür, habelə Milli limonlu keks günüdür; Kanadalılar üçün bayraq günüdür, ağcaqayın yarpaqlı hazırkı bayraq 1964-cü ilin bu günündə qəbul edilib; Yəhudilər üçün növbəti xolokost acısı günüdür, 1941-ci ilin bu günündə Ukrayna ərazisində, Drobıtski Yarda faşistlər 15 min yəhudini öldürüblər. Bu günü kino günü kimi də qeyd edənlər az deyil. Çünki 1939-cu ilin 15 dekabrında premyerası Atlantada baş tutan “Küləklə sovrulanlar” filmi ilk dəfə dünyaca populyar film kimi tarixə düşüb. Rejissor Devid Selznikin bu filmi bir ildə kinoprokatdan rekord gəlir əldə edib, növbəti ildə isə 9 Oskar qazanıb; Fransızlar isə bu gün elliklə Eyfel qülləsinə baş çəkəcəklər, axı bu gün dünyaca şöhrətli fransız memarı və mühəndisi Aleksandr Qustav Eyfelin doğum günüdür. Bu şəxs tək Eyfel qülləsini deyil, tarixdə qalan onlarla şedevr tikintinin, o gümlədən Nyu-Yorkdakı Azadlıq statuyasının müəllifidir.
1915-ci ilin bu günündə New York Times qəzetində ilk dəfə “Osmanlıda erməni genosidi” məqaləsi dərc edilməklə qondarma erməni soyqırımı termini tarixə düşüb. Bu gün həm də “Qurdlar vadisi” filmi ilə adını kinematoqrafiya tarixinə yazmış türk aktyoru və prodüsseri Necati Şaşmazın (1971), habelə dünya rəngkarlığında yeni məktəb yaratmış görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin (1909) doğum günüdür.
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)