Tarixdə elə günlər olur ki, bir xalqın qürur rəmzinə çevrilərək min illərlə yaddaşlarda qalır.
1918-ci ilin 7 dekabrında Azərbaycan Demokratik Respublikasının parlamentinin ilk iclası keçirilib. Saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı olub. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləyib. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçiliblər. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edib. Parlament yeni hökumətin təşkil olunmasını Fətəli xan Xoyskiyə tapşırıb. O Fətəli xan Xoyskiyə ki, həmin 7 dekabr günündə 43 yaşı tamam olurdu. Nuxada (indiki Şəki) dünyaya göz açan, bütün şüurlu həyatını Azərbaycanın azadlığına, inkişafına və demokratiyasına həsr edən bu böyük insan Məmməd Əmin Rəsulzadənin əsas çiyindaşı və silahdaşı sayılırdı.
İndi bu gündən 103 il əvvələ baxanda insan anlayır ki, tarixdə bizim də xalq olaraq qürurlana biləcəyimiz anlar olub. Amma həmin anları yaşayan o böyük kişilərin heç ağıllarına da gələ bilməzdi ki, 103 ildən sonra bizlər onlara necə qiymət qoyacağıq.