Gənclər Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi çərçivəsində növbəti təqdimat keçirilib

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Səfurə Həsənovanın müəllifi olduğu Ulu Öndər Heydər Əliyevə həsr olunan “Mənəvi atam” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına kitabxanadan məlumat verilib. 

 

Məlumatda bildirilir ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü Elnurə İsgəndərova Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəb-Muzeyinin yaradıcısı və direktoru Səfurə Həsənovanın qələmə aldığı “Mənəvi atam” kitabının müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin tərəqqisinə yönəlmiş tarixi xidmətlərindən, dövlət gənclər siyasətindən, onların hərtərəfli inkişafında və formalaşmasındakı rolundan bəhs etdiyini söyləyib.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. Kitabxananın “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət - Heydər Əliyev 100” layihəsinin Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, azərbaycançılıq məfkurəsinin banisi, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirildiyini bildirib. O, Ulu Öndərin elm, təhsil, ədəbiyyat, mədəniyyət sahəsinə olan qayğısından, müəllim peşəsinə, kitab və kitabxana məfhumuna bəslədiyi dərin ehtiramdan danışaraq, Heydər Əliyevin bütün həyatı və varlığı ilə Vətəninə, xalqına bağlı olan dahi dövlət xadimi, Zəfər Tarixinin banisi olduğunu söyləyib. Ulu Öndərə həsr edilən hər bir tədbirin, təqdimatın, qələmə alınan əsərin dahi şəxsiyyətin xatirəsinə dərin hörmət və ehtiram əlaməti olduğunu bildirərək, Səfurə xanıma bu şərəfli yolda yaradıcılıq uğurları arzulayıb.

Müəllif Səfurə Həsənova rəhbərlik etdiyi Heydər Əliyev Məktəb-Muzeyinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verərək, “Mənəvi atam” kitabının bu muzeydə dəyərli eksponatlardan birinə çevriləcəyini bildirib. Ulu Öndərə olan sonsuz ehtiramından söz açaraq, Heydər Əliyevin daim Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığını, Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda qətiyyətlə, böyük müdriklik və əzmkarlıqla çalışdığını və xalqımızın bunu heç bir zaman unutmayacağını, nəşr edilən kitablar, qələmə alınan əsərlər və digər incəsənət nümunələri sayəsində bu tarixi faktların gələcək nəsillərə ötürüləcəyini bildirib.

Tədbir iştirakçıları “Mənəvi atam” kitabının böyük sevgi ilə yazıldığını, çox maraqlı üsluba malik olduğunu və “Heydər Əliyev İli”nə dəyərli töhfə olduğunu bildirdilər.

Tədbirin sonunda Səfurə Heydər “Mənəvi atam” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.