Motsartı, Dümanı, Cavidi aparan gün Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas tarixi hadizələri diqqətinizə çatdırırıq.

 

5 dekabr. Ümumdünya yerin təki günü

6 qatdan ibarət olan, sualtı sular üçün filtr rolunu oynayan yerin təki özündə 45 faiz mineral hissəcik, 25 faiz su, 25 faiz hava və 5 fazi üzvü maddələr daşıyır. Ekosistemin qorunmasında əhəmiyyətli rol oynayan bu qat bitkilər aləminin həyat mənbəyi hesab edilir. Yerin təkinin qorunması vacibdir, bu gün insanlara xilaskarlıq missiyası tapşırılacaq.

 

5 dekabr. Şəhid daxili işlər naziri Məhəmməd Əsədovun ildönümü

1991-ci il noyabr ayının 20-də Azərbaycanın dövlət xadimləri öz vəzifə və vətəndaşlıq borclarını yerinə yetirmək üçün vertolyotla Ağdam şəhərinə uçarkən Qarakənd səmasında dəhşətli, yaddaşlardan silin­məyən qanlı vertolyot faciəsi baş verdi. Sanki hansısa xəyanətkarlıqla vertolyota doldurulub erməni terrorçularına yem olaraq göndərilən şəxslərin hamısı müstəqilliyimizin qatı tərəfdarları, vətənpətrvərlər idi. Xalqımızın azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə şəhid olan bu şəxslərin arasında daxili işlər naziri Məhəmməd Nəbi oğlu Əsədov da var idi.

Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. Uzun illər partiya-sovet işlərində çalııbş, 1982-ci ildə Moskva Təhlükəsizlik Akademiyasını qırmızı diplomla başa vurub, Azərbaycan Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. 1990-cı ilin may ayında Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsinə təyin edilib, nazir işlədiyi müddətdə vaxtının çoxunu Qarabağ bölgəsində keçirib, əsgərlərlə çiyin-çiyinə səngərlərdə gecələyib. 1990-cı il noyabr ayının 5-də general-mayor rütbəsini alıb.

Allah ona rəhmət eləsin!

 

5 dekabr. Mandelanı, Cavidi, Moneni, Dümanı, Motsartı aparan gün

Vanna günü. Duş sevənlər ən azı bu gün vərdişlərini dəyişməlidirlər. Nindzya günü. Bu Şərq sənətini bir gün mənimsəmək pis olmazdı. Fransada əfvetmə, Niderlandda Klozum (keşiş), Avstriyada Krampus (cadugər) və Amerikada komfortla yemək günü.

2017-ci ilin bu günündə Beynəlxalq Olimpiya Komitəsi dopinq istifadəsinə görə Rusiya qış olimpiya yığmasını 2018-ci il oyunlarından kənarlaşdırıb. 2013-də Nobel mükafatçısı, CAR-ın prezidenti olmuş Nelson Mandela vəfat edib. 1966-cı ildə məşhur fransız müğənnisi Patrisiya Kaas doğulub. 1949-cu ildə Qüds İsrailin ilk paytaxtı elan olunub. 1946-cl ildə məşhur ispaniyalı tenor Xose Karreras doğulub.

1941-ci ildə Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri – Stalin repressiyasının qurbanı Hüseyn Cavid İrkutsk həbsxanasında işıqlı dünyaya əlvida deyib. (Cavid barədə bu gün Heyran xanımın ayrıca yazısı gedəcək).

1940-cı ildə Azərbaycan teatr və kinosunun unudulmaz aktyoru Ağasadıq Gəraybəyli vəfat edib. 1936-cı ildə Qazaxıstan və Qırğızıstan SSRİ tərkibində müxtar respublikadan ittifaq respublikasına keçiblər. Həmin gün SSRİ-də Stalin Konstitusiyası da qəbul edilib. 1926-cı ildə məşhur fransız rəssamı, impressionizmin banisi Klod Mone dünyadan köçüb. 1925-ci ildə SSRİ-nin ilk kult filmi olan “Potyomkin zirehli gəmisi” ekranlaşdırılıb. 1924-cü ildə Azərbaycan kinosunun incise sayılan “Şərikli çörək” filminin rejissoru Şamil Mahmudbəyov dünyaya gəlib. 1901-ci ildə adı uşaqların dillərində əzbər olan amerika rəssamı Uolt Disney dünayaya gəlib. 1879-cu ildə ABŞ-da ilk ATS yaradılıb. 1870-ci ildə Aleksey Düma – dünyaşöhrətli fransız, Quba hamamında çimib çimmək günah sayılan avropalıları bədbəxt adlandıran dahi yazıçı dünyadan köçüb. 1803-cü ildə rus şairi Fyodor Tütçev doğulub. 1791-ci ildə başqa bir dünyaşöhrətli şəxs – Avstriya bəstəkarı Volfqanq Amadey Motsart dünyadan köçüb. 1766-cı ildə dənizçi Ceyms Kristi Londonda ilk auksion keçirib, yeri gəlmişkən, indi Kristis düenyanın ən məşhur auksionudur. 1496-cı ildə Portuqaliya karalı Manuel yəhudilərin ölkədən qovulması barədə fərman imzalayıb.

 

5 dekabr. İnkvizisiya tonqalları

Ən nəhayət, 1484-cü ilin 5 dekabrında Roma Papası əcinnə ovuna çıxanlara inkvizisiya tonqallarını daha gur yandırmağı əmr edib. Hardasa bizlərin 37-ci il repressiyasına bənzər bir azadfikirliliyin təqibi və cəzalandırılması ən işıqlı insanların məhvi ilə sonuclanıb. Bəlkə də tale işidir ki, repressiya qurbanı Hüseyn Cavid də məhz 5 dekabrda dünyadan köçüb.

Çox təəssüf ki, əsrlər ötsə belə cəmiyyətlər yenə də azad ola bilməyiblər. İnkvizisiya tonqallarına insanların cisimləri atılırdısa indi arzuları atılır, repressiya edamlarına insanların cisimləri tuş gəlirdisə, indi arzuları tuş gəlir.

Çox təəssüf!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.