Hicran HÜSEYNOVA, AYB-nin üzvü, ”Ulduz” jurnalında publisistika şöbəsinin redaktoru - “Ədəbiyyat və incəsənət” üçün
Deyirlər, haqsızlığı görüb susan kəs özü də bu haqsızlığın iştirakçısına çevrilmiş olur. Bəli, bu bir həqiqətdir, əlbəttə. Çünki ən azı ictimai varlıq kimi hər birimiz yaşadığımız cəmiyyətin bir parçasıyıq. O səbəbdən də bəzən “moya xata s krayu” deyib (çoxumuz rusdilliyik axı) yaxamızı kənara çəkməyə çalışsaq da, bu mümkün olmur. Məndən ötdü, qardaşıma dəydi misalı...
Uzun girişlə oxucumu yormadan mətləbə keçim. Söhbət son günlər AYB ətrafında cərəyan edən və birliyin sədlərini aşıb az qala bütün ölkə əhalisinin söhbət mövzusuna çevrilən ev qalmaqalından gedir.
AYB-də 21 nəfərə order verildi. Necə bölgü olursa-olsun, narazı qalanlar həmişə olub və olacaq, söhbət bundan getmir heç də. Söhbət narazı tərəfləri efirlərə dəvət edib alçaldanlardan, onsuz da sınmış adamları (bunlar qələm əhlidi və qadındı) bir daha sındırıb, insanların faciəsi üzərində şou düzəldib reytinq qazanmağa çalışanlardan gedir. Amma yox! Onlar reytinq əvəzinə bütöv bir xalqın nifrətini qazandı. Məlumatı olmayanlarçün bildirim ki, ARB kanalının “Günə son” verilişində bizim Yazıçılar Birliyinin üzvləri Sevil Gültənlə Aləmzər Sadıqqızı qonaq idi. Verilişin aparıcısı Ülvira və telejurnalist Rövşanə Ağasəfqızı bu ümidləri kəsilmiş, əlləri hər yerdən üzülmüş xanımları yerdən yerə vurdu. Aparıcıların istehza dolu yersiz ittihamları, qaraqışqırıqla qonaqları sıxışdırmağı onları sanki nokauta saldı. Ən sarsıdıcı isə bilirsiz, nə oldu? Aparıcı qonaqlarına “həyatı başa saldı”: “Gördüz ki, ədəbiyyatda pul yoxdu, başqa iş tapardız özünüzə!” Necə deyərlər, bu yerdə Qəribi ağlamaq tutdu. Burda nitqi kəsildi, burda sözü qurtardı qonaqların (düzdü, buna qədər də onlara ağzını açmağa imkan vermirdilər).
Onu deyim ki, ekranın bu başında məni və az məvaciblə dolanıb təkcə yazdığı SÖZlə ovunan mənim kimi yüzlərlə qələm sahibini də ağlamaq tutdu. Əcəba, onlara kim haqq verib ki, söz adamlarını bu cür ələ salıb təhqir etsinlər?
Aparıcıların yazar və tərcüməçi xanıma (bir növ zərərçəkmişlərə) ünvanladığı bir neçə suala cavab verim:
Siz müharibə, Qarabağ, vətən, zəfər mövzusunda yazılan şeirləri, hekayə və povestləri, romanları oxumamısızsa, bu mövzularda çəkilən onlarla sənədli, bədii filmdən xəbərsizsinizsə, günahı özünüzdə axtarın. Təkcə “Ulduz”da yüzlərlə belə yazı çap olunub. “Azərbaycan”da, “Qobustan”da, “Ədəbiyyat qəzeti”ndə də həmçinin. Şəxsən mən, bu yazının müəllifi, bir vaxtlar “Qaçqınçılıq” adlı hekayəmi tənqidçilərin ixtiyarına verərək bu sözlərlə onlara müraciət eləmişdim: “İndi tənqidçi istəyirəm ki, bu yazını analiz etsin”.
Rəhmətlik Etibar Etibarlıdan başqa heç kimdən səs çıxmadı. O, “Bir hekayə haqqında bir hekayəlik söz” adlı yazı yazdı. Nə isə. Mətləbdən uzaqlaşmayaq. Rövşanə Ağasəfqızı, nəyə görə biz yazdıqlarımızın dəyərini məhz dünyaya çıxmaq, “Biləcəridən o yana keçmək” kimi şablon kriteriyalarla müəyyən etməliyik? Dünyanın verdiyi dəyərləri, qoyduğu tələbləri görmürükmü?! Görürük axı! Çox köhnəlib bu çeynənmiş ifadələr, dəyəri özümüz verməliyik özümüzə! Hər kəs də öz dəyərini yaxşı bilir.
“Kitabın satılmırsa, niyə yazırsan, niyə ev istəyirsən?” deyirsiz, az qala “Niyə yaşayırsan?” deyəcəkdiz. Adamlara, özü də qələm əhlinə bu cür yanaşmaq, heç bir məlumatın olmadan onların çoxillik zəhmətini heçə endirib xalq qarşısında susdurmaq mənəvi ziyan deməkdi! Onların sizi məhkəməyə vermək haqqı da var. Amma heç halal ev növbələrini tələb edə bilmirlər... Belədə ilahi ədalətə sığınırıq, nə etməli?..
P.S.Mənim evim var, ona görə ev təmənnasında deyiləm qətiyyən, amma 24 il bir müəssisədə çalışan işçi kimi, Azərbaycan dilinin hər an qayğısına qalan, hər sözün, şəkilçinin üstündə əsən redaktor kimi, insanlara deyiləsi ən gözəl və ən gərəkli sözlərin müəllifi kimi evlə mükafatlandırılsaydım, onu ehtiyacı olan iş yoldaşlarıma hədiyyə edərdim - Təranəyə, Nərgizə, Talehə.
Mal-mülküylə, evi, maşını, geyimiylə özünü söz adamlarından üstün sayan qlamur aparıcılar, belə bir deyim də var, qoy xatırladım:
Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi?..
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)