Beynəlxalq Afrika yazıçısı günü, Parad günü və 145 milyon yaşlı goreşən

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günün əlamətdar hadisələrini diqqətinizə çatdırırıq.

7 noyabr. Parad günü

Sovetlər dönəmində ildə iki parad günü var idi, 1 may və 7 noyabr. Orta və ali məktəblər, fabrik və zavodlar, idarə və müəssisələr öz canlı qüvvələrini payızın soyuğunda əyni nazik küçələrə tökürdü ki, Lenin meydanından, rəhbərin önündən keçsinlər və ura qışqırsınlar. Bu günün adı Böyük Oktyabr Sosialist İnqilabının filanıncı ildönümü adlanırdı, Lenin adlı bir şəxs çarı devirib fəhlə-kəndli hökuməti qurmuşdu. Amma kökündə ədalətsizlik və haramlıq dayanan bir quruluş idi. Ən əsası da allahsız bir quruluş idi. Hər bir mədəniyyət xadimi bu günü tərənnüm eləməsə irəli gedə bilməzdi, rifah, mükafat, nüfuz – hamısı Oktyabrdan, Lenindən bəhs edən roman və poemalardan, filmlərdən, tamaşalardan, tablolardan, simfoniyalardan keçirdi. Getsin o günlər, bir də gəlməsin.

 

7 noyabr. Beynəlxalq Afrika yazıçısı günü

Ədəbiyyatsevərlər üçün xüsusi önəmi olan bir gündür. 1992-ci ildən Panafrika Yazıçılar Assosiasiyasının təklifi ilə təqvimə salınıb. Afrika ədəbiyyatı barədə əlbəttə ki məlumatlıyıq. Bir baxın, statistik azərbaycanlı oxucu bu gün Nobel mükafatçısı Con Maksvel Kutzeeni yaxşı tanıyır, onun “Rüsvayçılıq” romanını az adam oxumayıb. Eləcə də “Səhra çiçəyi”ni yazan Varis Direanı. Bu il ədəbiyyat üzrə Nobel mükafatını alan Abdulrazak Qurna da afrikalıdır, Zənzibarda dünyaya gəlib. Ötən il Qonkur mükafatını alan Məhəmməd Mqubar Sarr da afrikalıdır, seneqallıdır. Demək, Afrika ədəbiyyatı zəngindir, çoxşaxəlidir, oxunaqlıdır. Gəlin qara qitənin yazarları üçün bir tuş deyək.

 

7 noyabra təsadüf edən digər əlamətdar hadisələr

Razılaşma və barışıq günü. Bir də rus döyüşçüsünün şərəf günü. Hazırda ruslar Oktyabr inqilabını bu iki ad altında qeyd edirlər. Halbuki özləri barışdan dəm vurduqları halda Ukraynanı işğal etməyə çalışırlar.

Macarıstanda opera günüdür. Argentinada idman mətbuatı, Lüksemburqda Müqəddəs Villibrod günüdür. Hindistanda yeni bir festivalın -Toxu Emonqun başlaması, ABŞ-da isə badamlı acı şokolad günüdür.

2017-ci ilin bu günündə İngiltərədə qazıntı zamanı yereşənə bənzər xırda canlı qalıqları aşkarlanıb, müəyyənləşdirilib ki, onun 145 milyon yaşı var və o, ən qədim məməli sinfi nümayəndəsidir. 2000-ci ildə Corc Buş ABŞ prezidenti seçilib. 1941-ci ildə Sevastopolda almanlar sovetin “Armeniya” adlı teploxodunu batırıblar, 5 min adam ölüb. 1913-cü ildə Alber Kamyu – məşhur fransız romançısı və filosofu, Nobel mükafatı laureatı dünyaya gəlib. 1879-cu ildə tanınmış inqilabçı, Qırmızı ordunun ilk rəhbəri Lev Trotski doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(07.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.