Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:
3 noyabr. Ümumdünya hüquqşunaslara xoş münasibət günüdür
Xahiş edirik, bu gün hamı qaydalara əməl eləsin, hüquqşünaslara xoş münasibət göstərsin. Düzdür, onların sayı normadan xeyli çoxdur, belə ki, Sovetin dönəmində hüquqşunas yetişdirən bircə ocaq var idi, yurfak. BDU-nun hüquq fakültəsi yəni. İndi əksər universitetlər, özəllərin isə demək olar, hamısı bir ucdan konveyerdən hüquqşunas istehsal eləyir, hələ Rusiyanın (Dağıstanın), Ukraynanın, Türkiyənin distant təhsilli universitetlərindən ölkəmizə axın edən hüquqşunas diplomlarını demirəm. Nə etmək olar, olanımız budur, American Lawyers Public Image Association təsisatının təşəbbüsü ilə qeyd edilən bu gündə hüquqşunasların xətrinə dəyə bilmərik.
3 noyabr. Müstəqillik və ayrılıq günü
Bu günü Panama dövləti keçirir. Təzadlı bir gündür. 1903-cü ildə Panama Kolumbiyadan ayrılaraq müstəqil olub. Hər ilin 3 noyabrında panamalılar küçələrə axışır, təmtəraqla bu bayramı qeyd edirlər. Bayraqlarla, transporantlarla, musiqiylə, gül-çiçəklə küçələr boyu irəliləyir, şüarlar səsləndirirlər. Amma hər kəsin bir gözü gülür, biri ağlayır. Müstəqilliyə sevinsələr də panamalılar Kolumbiyadan ayrıldıqlarına üzülürlər. Bu cəhətdən, Panama dünyada yeganə dövlətdir ki, müstəqillik gününün yanına ayrılma sözünü də əlavə edərək yaslı bayram keçirir.
Panamanın qeyri-adilikləri çoxdur. Məsələn, dünyada yeganə yerdir ki, burada iki okeanı görmək mümkündür, Sakit Okeanda günəşi qarşıla, otur maşına, cəmi 80 kilometrdən sonra Atlantik okeanına yetişəcəksən. Burda həmişə isti olur, qasırğa və tufanlar əsla olmur. Panamanın paytaxtı olan Panama şəhəri dünyada yeganə şəhərdir ki, tropik meşə şəhər ərazisinə düşür. Panama flora və fauna müxtəlifliyinə görə də dünyada liderlik mövqeyindədir. Bura 10000 müxtəlif bitkinin evidir, təkcə orxideyanın burada 1400 növü vardır. 1500 müxtəlif ağacın olması Panama təbiətinə xüsusi status verir. 976 cür quş yaşayır burda, digər Amerika ölkələrində cəm halda bu qədər quş növünə rast gəlinmir. Və bir də, Panama – dünyada ərazisinin plyaj sahəsinin nisbətinə görə də lider dövlətdir. Burada plyajların uzunluğu 2490 kilometrə çatır.
Panama – yəni başa qoyulan o qəribə papaq dövlətin adında yer alsa da, əslində panamanı Panamada yox, Ekvadorda kəşf ediblər. Və ən qəribəsi - Panamanın büdcəsini dolduran əsas mənbə bilirsiniz nədir? Panama kanalından keçən əcnəbi gəmilərdən alınan rüsumlar. Məsələn, burdan keçən Norveç kruiz layneri 376 min dollar rüsum ödəyib. Bu rüsumlar üst-üstə dövlət idarə və müəssisələrində əmək haqlarını, sosial xərcləri təmin edir. Bu cəhətdən, zəngin təbii sərvətləri ilə bu sayaq xərcləri ödəməkdə aciz olan dövlətlər Panamadan nümunə götürə bilərlər.
3 noyabr. Laykaya ithafı pisləməli, Bestujev-Marlinskini sevməli
Yaponlar Bunka-no-xi günü keçirirlər, bu günün bir adı da mədəniyyət günüdür. Oğulsan, Bunka-no-xi günündə teatr, konsert salonlarına, kinoteatra, muzeyə getmə, yaxud kitab oxuma. İctimai qınaq filan olan deyil, yox. Yaponlar heç nədən, heç kimdən çəkinməzlər. Amma qanunlardan çəkinərlər. Odur ki, orda hamı qanunlara riayət edir, bu günkü gündə mədəniyyətə sığınmaq da ənənə şəklini alıb artıq.
Dubaya gedib-gəlməyi sevən həmyerlilərimiz, bu gün orda bayraq günü qeyd ediləcək, biləsiniz. Amerikada isə milli sendviç günüdür. Dünyada ən çox fəst-fudu amerikalılar yeyir, özəl günlərdə bu fəst-fudyemə iki dəfə intensiv hal alır. Bir indi təsəvvür edin, bu gün nə qədər sendviç satılacaq orada.
1992-ci ildə Bill Klinton ABŞ prezidenti seçilib, 1988-ci ildə SSRİ-də ivrit dilinin məktəblərdə keçilməsi qadağası aradan götürülüb, 1943-cü ildə Lyublyanada almanlar 17 min polyakı və yəhudini güllələyiblər. 1918-ci ildə Avstriya və Macarıstan bir-birindən ayrılıb. 1905-ci ildə Rusiya İmperiyasında ilk dəfə olaraq Finlandiya muxtariyyat alıb. 1900-cü ildə alman biznesmeni, “Adidas” firmasının qurucusu Dassler Adolf doğulub. 1888-ci ildə Cek Potreşitel sonuncu qətlini həyata keçirib. 1493-cü ildə Kolumb Dominikanı kəşf edib.
3 noyabrda doğulan digər məşhurlardan Mark Tvenin, Samuel Marşakın, Gerd Müllerin, Lotu Hikmətin, hətta Araz Əlizadənin adlarını çəkə bilərəm. O cümlədən də Bestujev-Marlinskinin. Çar tərəfindən Qafqaza sürgün edilən bu rus ədibi Azərbaycan sevdalısı olub, dilimizi öyrənib, Azərbaycanı vəsf edən əsərlər yazıb, xalqımızın çarizm əleyhinə milli azadlıq mübarizəsinə töhfə verib. Beləsinə heykəl qoymaq da azdır. (Amma biz Şaumyanlara, Kirovlara heykəl qoymuşuq təəssüf ki).
3 noyabra təsadüf edən tarixi hadisələrdən biri də var, 1957-ci ildə SSRİ kosmosa Sputnik süni peykini buraxıb, içində də Layka adlı bir it olub. Yadınızdadırsa, bir Azərbaycan Sovet şairi buna dillər əzbəri olan şeir də yazmışdı:
Layka uçur göyə, eyləyir ham-ham. Mən də baxıb ona alıram ilham.
Bəli, o vaxt belə idi, kommunist ideologiyası cəmiyyətdə dominantlıq təşkil edirdi, mədhiyyəçiliyin həddi-hüdudu yox idi. O vaxt bunlar məcburi idi əlbəttə. Bax indi zorən nəyisə təbliğ etmək heç kəsdən tələb olunmur, amma köhnə fikirlə yaşayanlar hələ də az deyil. Bu yaxınlarda prezident bir pişiyin başını sığallamışdı deyə həmin pişiyə azmı şeir ithaf edənlər oldu?
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)