20 ildə keçilən azı iki o qədərlik yol Featured

İLHAM ƏLİYEVİN PREZİDENTLİYİNİN 20 İLLİYİNDƏ MƏDƏNİYYƏTİMİZƏ BAXIŞ

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu il ölkəmizdə dalbadal kino, teatr, ədəbiyyat, musiqi forumları keçirildi. Elə bu gün türk xalqlarının teatr festivalına start verilib. Əvvəlki illərdə də mədəniyyət tədbirlərində bir kasadlıq duyulmayıb. 

 

Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği Ulu Öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu və bu ənənə indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, milli mədəniyyətin təbliği beynəlxalq münasibətlərin tənzimlənməsinə, diplomatiyaya da xidmət edir.

İndi milli-mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına və onun xarici ölkələrdə təbliğinə, tarixi abidələrimizin bərpasına hər zaman böyük diqqətlə yanaşan Prezident İlham Əliyevin bu sahədə gördüyü bənzərsiz işlərin bəzi məqamlarını müasir dünyamızın böyük siyasi liderinin öz fikirləri ilə oxucuya çatdıracağıq.

Xüsusi olaraq qeyd etməliyik ki, 2003-cü ildən Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası sahəsində əhəmiyyətli layihələr həyata keçirilməyə başlanıldı. Son iyirmi ildəki mədəniyyət salnaməsini vərəqləyəndə ürəkaçan mənzərə ilə qarşılaşırıq. Mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan xəbər verir.

Bu illər ərzində Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 700-dən çox fərman və sərəncam imzalanıb. Dövlət başçısının qeyd etdiyi kimi, mədəniyyət sahəsində böyük investisiya proqramları reallaşdırılıb, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, sərgi salonları, rəsm qalereyaları istifadəyə verilib, habelə, mövcud mədəniyyət obyektlərinin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində bir sıra irihəcmli layihələr həyata keçirilib.

Bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə, incəsənətinə və bu sahədə çalışanlara verdiyi yüksək dəyərin göstəricisidir. Bu sevgi Prezident İlham Əliyevin fikirlərində bir daha öz təsdiqini tapıb: “Azərbaycan xalqının çox zəngin mədəniyyəti, tarixi vardır. Biz haqlı olaraq öz mədəniyyətimizlə fəxr edirik. Bu gün Azərbaycan dünyada öz mədəniyyəti, musiqisi, tarixi ilə tanınan bir ölkədir”.

 

TEATR

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.

Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.

Ötən illər ərzində Azərbaycan teatrları dünyanın bir çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Həmçinin Azərbaycana xarici ölkələrdən teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub. Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.

Prezidentin 14 fevral 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul verdi.

Ölkədə teatr sənətinin inkişafına hər zaman diqqətlə yanaşan Azərbaycan Prezidenti İlham Əliyev V Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına ünvanlandığı təbrik məktubunda deyib: “Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur”.

 

KİNOTEATRLAR

Mədəniyyətin önəmli qolu olan kinonun inkişafı da dövlətin və dövlət başçısının diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanda kino sənəti əlamətdar hadisələrlə zəngin böyük inkişaf yolu keçmiş və ciddi sənət uğurları qazanmışdır. Ötən əsrin xüsusən 50–80-ci illərində yaradılmış və milli özünəməxsusluğu ilə seçilərək mədəniyyətimizin qızıl fonduna daxil olmuş ekran əsərləri kino salnaməmizin parlaq səhifələridir.

Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb. Kino tariximiz üçün əhəmiyyəti baxımından ilk genişmiqyaslı mühüm sənəd olan həmin proqram çərçivəsində ötən dövr ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib, o cümlədən Bakı şəhərində Dövlət Film Fondu üçün ən müasir texnoloji avadanlıqlara malik yeni bina inşa edilib və Nizami Kino Mərkəzi dünya standartları səviyyəsində yenidən qurulub. Ölkə başçısının “Kinoteatrların yaradılması, özəl kinoteatrların fəaliyyətə başlaması sevindirici haldır” fikri bir daha göstərir ki, bu sahənin inkişafı hər zaman diqqətdə saxlanılıb.

Yeri gəlmişkən qeyd edək ki, kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 300-ə yaxın sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 70-dən çox ekran əsəri 70-ə yaxın ölkədə keçirilən 250-yə yaxın beynəlxalq film festivalında iştirak edərək 150 müxtəlif mükafat qazanıb.

Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur.

 

ƏDƏBİYYAT

Bu bir danılmaz həqiqətdir ki, kitabxana hər bir xalqın mənəvi varidatı, xəzinəsi, maarif işığıdır. Azərbaycanda tarixən kitaba, kitabxana işinə böyük maraq olub. Qeyd etdiyimiz kimi, Azərbaycanda kitabxana sahəsində bir neçə sənəd imzalanıb. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" kitabxana işinə yeni baxış formalaşdırdı.

Bu məqamda İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Həmin Sərəncama əsasən, artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalara göndərilib və bu gün onlar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Prezidentin müvafiq sərəncamları ilə nəşrə başlanan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan kitablar respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnib.

Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bu barədə deyib: “İlk qərarlarımdan biri də o idi ki, Azərbaycan klassiklərinin əsərlərini latın qrafikası ilə çap etdirək. Çünki bir qədər anlaşılmayan vəziyyət yaranmışdı. Biz tam olaraq latın qrafikasına keçmişdik və təhsil də latın qrafikası ilə aparılırdı. Ancaq bizim bütün klassiklərimizin kitabları vaxtilə kiril qrafikası ilə çap olunmuşdu. Ona görə şagirdlər, tələbələr onları oxuya bilmirdilər. O vaxt bizim o qədər də maddi imkanlarımız yox idi. 2004-cü ildə biz bu qərara gəldik. Baxmayaraq ki, maddi vəziyyətimiz çox məhdud idi, biz qısa müddət ərzində bunu da etdik. Nəinki Azərbaycan klassiklərinin, dünya ədəbiyyatının klassiklərinin kitabları latın qrafikası ilə çap olundu”.

 

MUSİQİ

Muğam öz yaşından ulu, mənəvi-ruhi duyğuların simsarı olan, fəlsəfi təməl üzərində qərar tutmuş möhtəşəm sənət növüdür. Əksər türk-müsəlman dövlətlərində muğam sənəti intişar tapsa da, hər ölkənin muğamı ifa manevrinə, boğaz tərzinə görə fərqlənir. Amma dünyada ilk dəfə məhz Azərbaycanda muğam ifaçılarının və tədqiqatının təbliğini ehtiva edən ilk rəsmi mərkəz – muğam ocağı yaradıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyuldu. 2008-ci il dekabrın 27-də qədim musiqi alətimiz olan tarın quruluşunda, eyni zamanda modern memarlıq üslubunda tikilmiş Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirildi.

Mərkəzin açılışında çıxış edən Prezident İlham Əliyevin dediyi: “Muğam bizim milli sərvətimizdir, çox böyük dəyərimizdir. Azərbaycan xalqı əsrlər boyu bu sənəti yaşatmışdır və bu gün çox vacibdir ki, bu gözəl sənət, Azərbaycan xalqının milli dəyəri olan muğam nəsildən-nəslə keçir.

Azərbaycan xalqını onilliklər, əsrlər boyu bir millət kimi qoruyan milli mənəvi dəyərlərimiz, ənənələrimiz olubdur, musiqimiz, ədəbiyyatımız, ana dilimiz, incəsənətimiz olubdur. Bütün bunları muğam sənəti ehtiva edir. Muğam sənəti vətənpərvərlik sənətidir, muğam sənəti sevgi, məhəbbət sənətidir. Vətənə sevgi, ailəyə sevgi Azərbaycan xalqına xas olan xüsusiyyətlərdir” fikirlər yaşı minillikləri adlayan muğam sənətimizə verilən ən böyük qiymətdir.

 

XALÇAÇILIQ

Xalçalarımız Azərbaycan xalqının məişətinə, həyat tərzinə o qədər yaxından daxil olub ki, müxtəlif zamanlarda onlarla bağlı miflər, əsatirlər də formalaşıb. Nağıllarımızda qədim dövrlərdə insanların uzaq səyahətlərə məhz xalçaların üzərində çıxmalarından söhbət açılır. Sonradan əcdadlarımızın mifik təsəvvürləri reallığa çevrildi, uçaqlar, minik vasitələri icad olundu.

Bu gün isə xalçalarımız dünyanı gəzir, həm özlərini, həm də Azərbaycanı tanıdırlar. Azərbaycan xalçalarının ölkə hüdudlarından kənarda sərgilərinin keçirilməsi və milli brendimizlə satışının təşkil edilməsi onların tanıdılmasının ən effektiv yoludur.

Yaxşı haldır ki, respublikamızda xalqımızın milli kimliyini təsdiqləyən sənət növlərindən olan xalçaçılıq ənənələrinin davam etdirilməsinə böyük diqqət göstərilir. Prezident İlham Əliyev Bakıda Xalça Muzeyinin açılışındakı çıxışında bu böyük sənət növünün qorunmasının zəruriliyinə diqqət çəkərək bildirib: “Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə, çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil”.

Ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ötən beş il ərzində ölkəmizdə bu sahənin inkişafı istiqamətində çoxsaylı layihələr reallaşdırılıb.

 

YEKUN

Prezident İlham Əliyevin mədəniyyətimizin inkişafına, onun təbliğinə və gələcək nəsillərə ötürülməsinə hədəflənmiş çoxsaylı yorulmaz fəaliyyətinin hamısını əhatə etmək mümkün olmasa da, bir daha qeyd etməyə dəyər ki, bu gün Azərbaycan incəsənəti ölkəmizi dünyada daha geniş miqyasda tanıtmaqdadır. UNESCO və ISESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı yüksək sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun maddi və mənəvi irs siyahısına salınıb. Xüsusilə görkəmli sənət adamlarının -şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Dövlət başçımızın mədəniyyətimizə göstərdiyi qayğının bir nümunəsi də görkəmli sənət adamlarının yubileyləri ilə bağlı xüsusi sərəncamlar imzalaması və onların abidələrinin ucaldılması ilə bağlıdır.

Bir məqamı isə xüsusi olaraq vurğulamalıyıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbə mədəniyyət xadimlərimizi daha yeni yaradıcılıq ruhuna kökləyib və hazırda ölkəmizdə qələbə ruhlu yeni əsərlər yaranır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa ili" elan edilməsi də əlamətdar hadisə oldu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər təşkil edildi. 

Həmçinin bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya çevrilib.

Ölkəmizdə mədəniyyət sahəsinin ahəngdar inkişafının təmin edilməsi, heç şübhəsiz, dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısının nəticəsi, eyni zamanda, milli-mədəni intibah amalının əbədi yaşayacağının təminatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.