Deyl Karnegi, abortlara içazə və “Otello” Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri təqdim edirik:

1 noyabr. Beynəlxalq Veqan Günü

Olduqca maraqlı bir təqvim günüdür. Veqanlar - ən ciddi vegetarianlardır, onlar öz rasionlarından təkcə ət, quş  və balıq ətini çıxarmırlar, həm də canlı mənşəli bütün ərzaqlardan – yumurtadan, süddən, baldan və s.-dən belə imtina edirlər. Onlar dəridən, xəzdən, ipək və yundan olan paltarlar belə geymirlər. Vegetarianlıq qədim Hindistanda yarandığından bu gün dünya vegetarianlarının 70 faizindən çoxu hindusdur, həmçinin veqanların da böyük əksəriyyəti hindusdur. 87 ildir ki mövcud olan veqanlıq hərəkatına ayrıca təqvim günü həsr etmək, bilin ki,  insanlığı canlı təbiəti bunca çalıb-çapmamağa çağırışdır.

 

1 noyabr. Qranadada Beynəlxalq caz festivalının açılışı

10 gün davam edəcək bu festival kifayət qədər mötəbər sayılır, adətən 27 gün davam edən festivalın formatına pandemiya təbii ki, dəyişiklik edibdir. Burada daha çox etnik musiqi və caz-fyujn səsləndirilir. Müxtəlif illərdə Mayn Devis, Oskar Piterson, Xerbi Henkok, Dayana Kroll kimi ulduzlar festivalda iştirak ediblər. Teatrto İzabel la Katolika səhnəsində düzənlənən festivala maraq o qədər böyükdür ki, bir ay öncədən bütün biletlər satılmış olur, ona tək yerlilər deyil, əcnəbilər də gəlib baxırlar.

Deyirəm, görəsən bizim möhtəşəm cazmenlərimiz var, tək elə birini deyim, İsfar Sarabski, o, Qranadaya getsə öz virtuoz ifası ilə necə də alqışlar qazanardı, bəlkə hətta Qran-priyə də layiq görülərdi...

 

1 noyabr. Samxeyndən Ksinonavroya və Movembəyə qədər

Samxeyn günü. Məhsul yığımının qurtardığını bildirən kelt bayramıdır. Beynəlxalq Ksinonavro günü. Bu bir üzüm növüdür, ondan qırmızı süfrə şərabı istehsal olunur. Yunanıstanın simvollarından biri sayılır. Bütün müqəddəslərin günü. Bu günü katolik kilsəsi ölkələri qeyd edirlər. Şabalıd bayramı. Bu günü Qalisiyada – İspaniyada qeyd edirlər. Koreyada itlər günü, Yaponiyada özünümüdafiə qurbanları günü, Meksikada ölülər günüdür, Uelsdə Qalan Geaf günü – Helloin bayramını xatırladan bir bayram qeyd olunur. Ən maraqlı qeydetmə Avstraliyadadır – Movember günü. Bir aylıq mərasimin başlanğıcından kişilər bığ saxlayır, prostat və digər kişi xəstəliklərinin təhqiqi sahələrinə könüllü ianələr ödəyirlər.

ABŞ-da isə qızardılmış molyuska günüdür. Ardına qulaq asın. ABŞ-da həm də milli paştet günüdür. Davamı da var. ABŞ-da milli sirkə günüdür. Və hətta bu da bəs olmayıb, amerikalılar bu günə həm də ev heyvanları aşpazı gününü salıblar. Bəxtəvər o ev heyvanlarının başına ki, bizimkilər kimi artıq-urtuq yemirlər, xüsusi aşpaz hazırlayan dürlü qidalarla qidalanırlar.

O ki qaldı tarixi hadisələrə, 1991-ci ilin bu günündə Çeçenistan müstəqilliyini elan edib, 1955-ci ildə dünyaşöhrətli Amerika psixoloqu və kouçu Deyl Karnegi dünyaya əlvida deyib. 1955-də həm də SSRİ-də abortlara icazə verilib, 1950-ci ildə Amerika Basketbol Liqasında qaradərililərə iştiraka icazə veriblər, 1927-ci ildə Azərbaycanda da çoxlu azarkeşi olan Kiyevin “Dinamo”  futbol klubu yaranıb, 1800-cü ildə Con Adams Ağ Evdə məskunlaşan ilk ABŞ prezidenti olub. 1604-cü ildə Londonun Uaytholl  Kral sarayının ziyafət zalında Şekspirin “Otello” faciəsinin premyerası keçirilib. 1512-ci ildə Mikellancelonun rəsmlərlə bəzədiyi Sikstin kapellasının açılışı olub. 

1 noyabra aid daha iki hadisə var. 1755-ci ilin 1 noyabrında dəhşətli zəlzələ Lissabon şəhərini tam dağıdıb, on minlərlə insan həlak olub, yüz minlərlə insan yaralanıb.1906-cı ilin 1 noyabrında isə Əli Bəy Hüseynzadənin redaktorluğu ilə “Füyuzat” jurnalının ilk sayı işıq üzü görüb. Bu hadisələr barədə daha geniş Heyran Zöhrabovanın yazısında oxuya biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.