Kiyevdə Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanın paytaxtı Kiyev şəhərində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

 

AzərTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları Kiyevdə Müslüm Maqomayev adına parka gələrək onun abidəsi önünə tər çiçəklər düzüblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev abidə önündə çıxış edərək bildirib ki, Ukraynada Müslüm Maqomayevin xatirəsi ehtiramla anılır. O nəinki azərbaycanlıların, bütün dünya xalqlarının qəlbində elə sevgi abidəsi ucaldıb ki, bu gün də sevilir, anılır. “Azərbaycan musiqi mədəniyyəti tarixində onun öz yeri, öz çəkisi var. Zaman keçir, illər dəyişir, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi nəinki azalmır, əksinə daha da artır. Bu gün Müslüm Maqomayev təkcə azərbaycanlı kimi yox, həm də bəşəri sənətkar kimi qəbul edilir, tanınır, öyrənilir”, - deyə səfir əlavə edib.

Qeyd edək ki, ötən gün dahi sənətkarın vəfatından 15 il ötdü.

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.