“Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir." - HÜSEYN CAVİDİN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət" 

 

Qadın! Еy sеvgili, şəfqətli mələk!

Bu qədər səbrü təhəmmül nə dеmək?

O lətafət, o nəcabətlə sana

Bu əsarət, bu həqarət nə rəva!? 

 

Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi. XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, eyni zamanda 1937-ci il represiyası qurbanlarından olan və dünyaya gözlərini həbsdə soyuq Sibirdə yuman qocaman ədibimiz Hüseyn Cavidin doğum günü, 141 illiyidir. 

 

Bu gün sizlər üçün onun avtobioqrafik məlumatlarını deyildə,  şairin ömür gün yoldaşı Mişkinaz Cavidin və dövrünün ziyalılarının onunla bağlı olan maraqlı xatirələrini və onun haqqında söyləmiş olduqları fikirləri bir araya topılamaq istədim. 

 

Şairin ömür gün yoldaşı Mişkinaz xanım, Hüseyn Cavid haqqındakı xatirələrinin  birində belə yazır:

Cavid yerlipərəstliyi heç sevməzdi, həmişə deyərdi ki, adama onun hansı yerdən olduğuna görə deyil, əməllərinə, vətənə, xalqa xidmətinə görə qiymət vermək lazımdır. 

Yadımdadır... 1927-ci ildə biz Şüvəlanda bir bağ tutmuşduq.

Cavid Abşeron bağlarını çox sevərdi. O, isti günlərdə belə bağda bir tərəfə çəkilib işlərdi.

Bir gün bağ sahibi yeniyetmə oğluna ağzına gələn nalayiq sözləri deyib, onu söydü: 

Ədə, o maştağalı balasıydı, biqeyrət, onu vurub niyə öldürmədin? Hələ utanmaz buzovnalı da ona kömək edirmiş.

O vaxt Cavid bağ evinin səkisində oturub işləyirdi. O, səhərdən bir dəfə də olsun başını qaldırmamışdı. İş onu elə cəlb etmişdi ki, səhərdən bir neçə dəfə dəyişdirdiyim çayların heç birini içməmişdi. Belə hallarda onu danışdırmaz, işdən ayırmazdım. Lakin bağ sahibinin sözü onu dərhal işdən ayırdı. Elə bil onu kimsə bərk silkələdi.

Cavid yerindən əsəbi qalxıb zahirən çox təmkinli, soyuqqanlı bir halda, ora-bura var-gǝl etdi və asta bir səslə: "Bədbəxt xalq! Zavallı gənclik! Bəh-bəh!.. Ağsaqqal atanın oğluna verdiyi tərbiyəyə bax!" - Öz-özünə danışırmış kimi deyib, yenə də yerində oturdu. Lakin işləyə bilmədi. Yenidən durub gəzişdikdən sonra yazdığı vərəqləri nəzərdən keçirdi. Onların bəzi yerlərini ucadan oxudu. Lakin işləyə bilmədi ki, bilmədi. Mən ona çay gətirdim. Çayını da içmədi. Mən çayı geri aparmaq istərkən, o öz-özünə danışırmış kimi: 

- Bu dərd-bəlanın içiidə işləməkmi olar? - dedi.

Belə hallarda biz onu danışdırmazdıq. Sonra mən onun əsəblərini sakitləşdirməyə çalışardım. 

Adətən, Cavid çox nadir hallarda əsəbiləşərdi. Əsəbiləşəndə isə çox qəzəbli olardı. Qəzəbi də gec soyuyardı. Bu gün də elə oldu. Həmin gün axşamçağı hava xeyli sərinləşdi. Biz hamımız onun ətrafına yığılıb çay içməyə hazırlaşırdıq. Mən ortalığa bir nimçə ağ şanı qoyub dedim:

- Sən Allah, darıxma, bunlar hamısı birdən düzəlməyəcək ki!... Cavid bir salxım üzüm götürüb diqqətlə baxdı. Üzümün gilələri sapsarı kəhrəbanı xatırladırdı. Mən elə bildim ki, o nə isə bir şey axtarır, bəlkə də üzümü yaxşı yumamışam. Ona danışmağa macal verməyib dedim:

- İndicə yumuşam, təmizdir, gilələr adamın üzünə gülür.

Cavid bir də salxıma diqqətlə baxıb dedi:

- Ax, Mişkinaz! Gör bir bağban nə gözəl üzüm yetişdirib, heyhat!.. Bu zəhmətkeş adam gör nə pis övlad tərbiyə edir. Olmazmı bu namuslu kişi tərbiyəli, xalqını sevən bir övlad yetirǝydi? Üzümdənsə kaş əsl bir vətəndaş, əsl bir insan, əsl bir övlad yetirəydi. Elə bilirsən dünyagörmüş, ağsaqqal kişi bu çətin işin öhdəsindən gələ bilməzdi? O bunun öhdəsindən gələ bilərdi. Günah bizdə, biz ziyalılardadır. Əgər bizlər bu zəhmət adamlarına vətənini, xalqını sevməyi öyrətsəydik, o da övladını bu nəcib hisslərlə tərbiyə edərdi. Biz ki, yerlipərəstliyi təbliğ edirik, bu yazıq qocadan nə tələb edə bilərik?

O, bu sözləri deyib üzümü yerinə qoydu, yemədi. O gündən o, heç bağa gəzməyə də çıxmırdı. Halbuki hər səhər və ya axşamçağı bağı həvəslə gəzərdi. Elə bil şair bağdan da, bağbandan da küsmüşdü.

Bu hadisədən bir neçə gün sonra Cavid yenə səkidə oturub işləyirdi. Bu vaxt bağ sahibi əlində bir nimçə dolu kişmişi üzüm gətirib Cavidin qabağına qoydu. Cavid sakitcə başını qaldıraraq bağ sahibinə baxdı.

Qoca: "Mirzə, (o Cavidə belə müraciət edirdi) gör nə üzüm yetişdirmişəm. Bir neçə gündür gözümə yaman bikef görünürsən. Allah eləməmiş xəstə-zad deyilsən ki?" - deyə sözə başladı.

Cavid qələmi yerinə qoyub, qocaya, buyur otur, deyə yer göstərdi. Mən iki stəkan pürrəng çay gətirib onların qarşısına qoydum. Cavid səhərdən işlədiyinə görə çay da içməmişdi. Düşündüm ki, fürsətdən istifadə edib o da Kərbəlayı ilə çay içər. Sonra sözünə davam eləyib dedi:

- Xeyr, xəstə deyiləm. Kərbəlayı, səndən yaman inciyəm.

Ona görə də bikef görünürəm. Kişi birdən-birə yaman pərt oldu. O belə bir sözü Caviddən heç gözləmirdi.

Kərbəlayı:

- Mirzə! Allah eləməsin, mən sizi incidən bir iş görmüşəmmi?

Cavid ayağa durdu, əlini mehribanlıqla kişinin çiyninə qoydu: - Kərbəlayı, tək məni incitsən bu elə böyük dərd deyil. Mən səni bağışlayaram. Ancaq elə bir iş görürsən ki, səni bağışlamaq çətindir. Sən oğluna elə tərbiyə verirsən ki, bu yalnız məni yox, xalqı da incidir.

Kişi lap pərtləşdi, o qıpqırmızı qızarmışdı.

- Mirzə, sən allah, tez de, axı, mənim günahım nədir? Cavid yenə sakit, mehriban səslə dedi:

- Eh, Kərbəlayı! Kaş etdiyin günahı bilərdin. Elə fəlakət ondadır ki, nə etdiyini özün də bilmirsən.

O, bir neçə gün bundan qabaq Kərbəlayı ilə oğlu arasında olan söhbəti kişiyə xatırlatdı.

- Ay Kərbəlayı, bir mənə de görüm maştağalı kimdir, sən kimsən? Məgər biz bir vətənin, bir xalqın övladları deyilikmi? Axı buradan çağırsan, Maştağada səni eşidərlər. Axı, bizi bu torpaq yetirməyibmi? Görürsənmi, zəhmətinin bar verməsinə, kişmişi tənəklərin iri salxım verməsinə necə də sevinirsən. Ancaq ən böyük barın olan övladına verdiyin tərbiyəyə bax. Qardaşı qardaşa düşmən edirsən.

Cavid danışdıqca kişi elə bil yerin tərkinə keçirdi. Bir az bundan qabaq əlində üzüm sevinə-sevinə səkiyə çıxan Kərbəlayı Cavidə günahkar kimi baxırdı. O, dərindən ah çəkib:

- Mirzə, sən məni yuxudan ayıltdın, sən nə qəribə söz dedin! Gör bir, bizi bir-birimizə qarşı qoyublar. Bu çər dəymişlər nə özləri qanıblar, nə də bizi qandırıblar. Eh Mirzə, bu sözün yadıma bir əhvalatı saldı. Rəhmətlik nənəm həmişə dərdli-dərdli deyərdi ki, yazıq əmin Maştağadan bir qız sevmişdi. Onunla evlənmək istəyirdi. Qız Maştağadan olduğuna görə atası razı olmadı ki, olmadı. Əmin evlənmədi, qız da ərə getmədi. Bir neçə aydan sonra qız ayrılığa dözməyib öldü. Sevdiyi qızın ölümü əminin belini qırdı. O, bu gen dünyada özünə yer tapmadı. Nə yeyir, nə içirdi. Bir gün əmin Maştağaya dostugilə qonaq gedir və orada xəstələnir. Əmin görür son günləridir, ev sahibinə deyir: "Əzizim, məni Maştağada, mümkün etsən, həmin qızın yanında basdırın".

Bu xəbəri atasına çatdırırlar. O da adam göndərib ağır xəstə olmasına baxmayaraq əmini Şüvəlana gətirtdi. Acıqlı-acıqlı: ölürsən, burada öl. Maştağada yox! - dedi. Əminin günləri sayılırdı. Ölməyə yaxın sirdaşı olan bacısını yanına çağırıb dedi: Sənə bir vəsiyyətim var: Mən öləndən sonra qızın qəbrindən bir ovuc torpaq gətirib üstümə tökərsən. Əmin öldü, bacısı da onun vəsiyyətinə əməl etdi.

Kərbəlayı bu hadisəni danışdıqca Cavid bulud kimi tutulub açılırdı, gah qaşlarını çatır, gah da gözlərini uzaqlara zilləyir, yumruqlarını sıxır, dodaqaltı nə isə deyirdi. Elə bil Cavid bu hadisəni nə vaxtsa, bəlkə elə bu günlərdə qələmə alacaqdır. Hadisə onu yaman tutmuşdu.

Kövrəlmiş Kərbəlayı söhbətini dayandırıb, yaşarmış gözlərini sildi. Üzünü Cavidə tutub dedi:

- Mirzə, yaman başağrısı verdim. Səni də, bacını da kədər- ləndirdim. Eh, nə qədər istəsən belə-belə dərdlərimiz var, biz qanmadan bəzən dədə-baba yolu ilə gedirik. Mirzə, iki oğlum var, vallah, elə buradaca söz verirəm ki, onların analarına tapşıracağam ki, birinə buzovnalı, birinə də lap maştağalı qızı alsın. Neylǝyək, bir bizə belə dur, belə otur deyən olmayıb, elə bil biz yuxuda olmuşuq, - deyə əlini stəkana apardı. - Savad da yoxdur ki, oxuyub adam olasan. - Bu sözlərdən sonra Cavid az qalırdı ki, qoca Kərbəlayını bağrına bassın.

Kərbəlayı, kaş elə yatanlarımız sənin kimi tez ayılaydı, onda dərdlərimiz də tez sağalardı, - dedi. 

 

Belə ki, araşdırmalar zamanı Ayna Sultanovanın xatirələrində rast gəlinmiş bir qeyddə yazıldığına görə Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova onu yanına çağırıb deyir ki: "Biz artıq Hüseyn Cavidi itiririk, onu həbs eləyəcəklər. Əgər sən onun əleyhinə bir neçə yazı yazsan, biz səni represiya və həbsdən qurtara bilərik."  Mikayıl Müşfiq isə Ayna Sultanovanın bu təklifinə belə bir cavab verir:

"Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram." 

 

Abdulla Şaiq öz xatirələrində Hüseyn Cavid haqda belə yazırdı:

Orta və ali məktəb dərsliklərinə daxil etmək üçün Hüseyn Cavidin geniş tərcümeyi-halını öyrənmək istəyirdim. Odur ki, bir gün bizə gəlməsindən istifadə edib məsələni ona açdım. Cavid gülə-gülə:

- Yaz ki, "dimdiyinin sarısı getməmiş sərçə balasıdır", - dedi.

Onda mən ciddi şəkildə:

- Elə isə, bu sözünü dərsliklərə yazacağam, - dedim.

O:

- Yaxşı, dur qələm, kağız gətir, mən deyim, sən yaz, - deyə razılaşdı. 

Qələm, kağız gətirib oturdum. O, tərümeyi-halını söyləməyə başladı. Onun dediklərini qeydə götürdüm.

Rasizadə Hüseyn Cavid 1882-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdi. İlk təhsilini ibtidai şəhər məktəbində al- mışdır. Çox gənc ikən şeirə həvəs göstərmiş, "Gülçin" təxəl- lüsü ilə Şərq şairlərinə təqlidən bir çox qəzəl yazmışdır.

Cavidin atası Molla Abdulla Qafqazda gözəl səsi olan marsiyəxanlardan sayılırdı. Muğamatı o qədər gözəl bilirmiş ki, məscidlərdə, təkyələrdə mərsiyə oxuduğu zaman xanəndələr muğamatı ondan öyrənməyə gələrmiş. İkinci arvadından olan Hüseynin yaxşı səsi olduğundan Molla Abdulla onu da özü ilə bərabər götürüb şəhər-şəhər dolaşır, cavan Hüseynə öz sənətini öyrətməyə çalışırdı. Hüseyn iki il sevmədiyi bu sənətlə məşğul olduqdan sonra ondan əl çəkmiş və buna görə də ata-anasının gözündən düşmüşdü. Onlar: "Bundan bir şey çıxmaz", - demişdilər.

Mərsiyəxanlıqdan yaxasını qurtardıqdan sonra böyük qardaşının yanına Təbrizə getmiş, orada farsca, ərəbcə oxumağa başlamışdı. Bu arada şiddətli göz ağrısına tutulduğundan təhsildən əl çəkərək xalça, palaz ticarətinə başlamışdı. Təbrizdən qayıtdıqdan sonra bir müddət ticarətlə məşğul olmuş, sonra bundan əl çəkib Gürcüstanda, Kaxetiya tərəflərdə şose yolu çəkən idarədə podratçılıq etmişdi. Bundan sonra atasının yaxın dostlarından ticarət şirkəti sahibi olan bir tacirin xahişi ilə ona şərik olur. Hüseyn həm şirkətin mühasibat işlərini aparmalı, həm də əlində olan sərmayəsi 700 manatı şirkətə verməli idi. Şirkətin Batumda, Təbrizdə və İstanbulda şöbələri var idi. 1905-ci ildə Hüseyn İstanbul şöbəsinə göndərilir. Bundan istifadə edərək o, İstanbulda gözlərini müalicə elətdirir. Çox çəkmir ki, şirkətin Təbriz və Tiflis şöbələri iflas edir. Bunu eşidən Hüseyn sərmayəsi olan 700 manatı geri alıb ticarətdən əl çəkir.

Təxminən bu zamanlarda Gəncəli Abdulla Tofiq İstanbulda darülfünün ədəbiyyat və psixoloji şöbəsinə rəsmən daxil olub oxuyurdu. Hüseyn İstanbulda onunla görüşdü. Bu görüş cavan Hüseyndə təhsilini artırmaq fikrini doğurur. O, məşhur türk filosof və şairi Rza Tofiqdən xüsusi olaraq ədəbiyyat və fəlsəfə dərsləri alır. Elani-hürriyyətdən sonra iki ilə qədər də darülfünunun ədəbiyyat şöbəsinin bütün dərslərinə davam edir.

Hüseyn Cavid İstanbulda təhsilini artırmaqla məşğul olduğu zaman qərb müstəmləkəçilərinin yürütdüyü siyasət nəticəsində Türkiyənin ictimai və iqtisadi vəziyyəti gündən- günə zəifləməyə başlamışdı. Türkiyə cəmiyyəti özünü qərb istismarçılarının əzici pəncəsindən qurtarmaq üçün çalışır, çırpınır və bu vəziyyətdən çıxmaq üçün tədbirlər düşünürdülər. O zamankı ictimai və iqtisadi həyat islamlaşmaq, milliləşmək və müasirləşmək kimi yeni fikirlər ortaya atdı. Ədəbiyyat da bu üç cərəyanı təbliğ etməyə başladı. İslamlaşmaq cərəyanının başında "Siratilmüstəqim" məcmuəsinin naşiri Məhəmməd Akif, milliləşmək cərəyanının başında Məmməd Əmin, müasirləşmək cərəyanının başında "Sərvəti-Fünun" məcmuəsinin naşiri Tofiq Fikrət dururdu. Vaxtilə ədəbiyyatda hakim olan hissiyyun (sentimentalizm) ədəbi məsləkini indi romantizm və realizm məsləki əvəz edirdi. Romantizm ədəbi məsləkini davam etdirən, bir çox mənzum tarixi faciələri ilə şöhrət qazanmış Əbdülhəq Hamid idi. Gənc Hüseyn ən çox Əbdülhəq Hamidi bəyənmiş olduğundan onun əsərlərini daha çox oxuyurdu. Elə bu vaxt "Cavid" təxəllüsü ilə yeni tərzdə bir neçə şeir yazmışdı.

Abdulla Tofiq təhsilini bitirdikdən sonra Gəncəyə qayıtmış, Azərbaycan dilində ruhani məktəbi açmağa müvəffəq olmuşdu. Bakı qəzet və məcmuələrində "Abdulla Sur" imzası ilə tənqidi məqalələr nəşr etdirmişdi. Abdulla Tofiq Azərbaycan ədəbiyyatında tənqidçiliklə məşğul olan ilk alim-münəqqidlərdəndir.

Hüseyn Cavid İstanbuldan Naxçıvana qayıtdıqdan sonra Abdulla Tofiq ilə məktublaşıb Gəncəyə getmiş və Abdulla Tofiqin təşəbbüsü ilə açılmış ruhani məktəbində bir müddət müəllim olmuşdur.

Abdulla Tofiq yazıçılar ilə əlaqə saxlayaraq əsərlərində olan nöqsanları göstərirdi. Mənə yazdığı məktublardan birində "Qardaşım, Məhəmməd Hadi bizim ədəbi dilimizi hara aparır?" - deyə şikayət edirdi. Hamid və Fikrət dilinin ən böyük düşməni idi. Mənə göndərdiyi son məktubunda yazırdı: "Qardaşım, xəstəyəm. Həkimlərin göstərişinə görə Tiflisə gedib əməliyyati-cərrahiyyə yapdırmalıyam. Bıçaq altından salamat qurtarsam yaxşıdır." Əfsus ki, bu gənc istedadlı alim-münəqqidimizi ölüm əlimizdən aldı, əməliyyati- cərrahiyyədən salamat qurtarmadı.

Abdulla Tofiq Cavidin də inkişafına müsbət təsir etmişdi.

Hüseyn Cavid Gəncədən Bakıya gələndən sonra müəllimliklə yanaşı bədii yaradıcılıqla da məşğul olurdu.

Cavid təbiətcə laqeyd, laübali, həyatını şən keçirməyi sevən bir şair idi. Onunla keçirdiyim maraqlı bir günü "Dəyərli bir xatirə" adlı hekayəmdə təsvir etmişəm.

İsti bir yaz axşamı idi. Şəhər bağçasında yan-yana oturub söhbət edir, hər kiçik bir hadisədən qəhqəhələr qopararaq əylənirdik. Hər ikimiz gənc, hər ikimiz subay idik. Dostum bu aralıq qarşımızdan keçən şıq geyimli, üz-gözü boyalı gənc bir qadına işarə edərək: "Mənə bax, nə haldayam, yara bax nə sallanır!" mahnısını kəsik səslə oxudu. Qadın kəklik kimi səkərək önümüzdən sürətlə keçmişdi. İndi hər ikimiz onu arxadan seyr edərək vücudundakı tənasübü təyin etməyə çalışırdıq. Yoldaşım başı ilə onun yapon şəmsiyyələrini təqlid edən iri, olduqca iri şlyapasını göstərərək istehzanı andırır bir qəhqəhə qoparandan sonra:

- İnsanların get-gedə zövqü pozulmağamı başlayır, nədir? Bu iri qazan incə başlara yaraşırmı?

- Nə etsin, zavallı moda əsiri, sıradan qalmaq olmaz, - dedi.

Bu qadın söhbətimizin uzanmasına gözəl bir mövzu oldu. Söz sözü çəkərək bir çox şeydən, hətta həyatın ən mühüm məsələlərindən olan təəhhüldən (evlənmək) bəhs etdik. Nəhayət, modasız, boyasız, riyasız, təbii, saf və sadə gözəlliklərin insanda buraxdığı təsirin bambaşqa olduğundan belə bir həyat yoldaşı tapmağa qərar verdik.

Günəş qürub etmək üzrə idi. Təmiz hava almaq məqsədi ilə dəniz sahilinə çıxdıq. Qayıqlar ötəbəriyə axır, dəniz seyri həvəskarlarını əyləndirici musiqilərlə, istədikləri tərəfə daşıyırdı. Heç sormadan qayığa atıldıq. Qayıq ancaq hərəkət etdikdən sonra onun Qaraşəhərə getdiyini və aldığımız bi- letlə oradakı sinemaya tamaşa etmək yenə həmin biletlə geri dönmək mümkün olduğunu öyrəndik. Bu təsadüfəndən hər ikimiz məmnun qaldıq. Gözlərimiz önündə ağ köpüklər üzərində qalxıb-enən şən qayıqlar qulaqlarımızı dadlı-dadlı oxşayan samturun incə tellərindən qopan munis mahnılar gənc ürəyimizi coşqun sevinclərə qərq etmişdi. Bir az sonra qayığımız Qaraşəhərdəki iskələyə yan aldı. Dişarı çıxdıq, ta- maşa göstərilən binanı tapıb, orta sıralarda oturar-oturmaz işıq söndü. Tamaşa başlandı. Dostum: "Bizi gözləyirmişlər, mərhǝba, qanacaqları var imiş", - dedi.

Birinci lövhə gənc çoban bir italyan qızını təsvir edirdi. Lətif və mütənasib vücudunda ağ bir don, qivirciq saçlı kiçik başında kəpənək qanadlarına bənzər incə bir şlyapa var idi. Şən, oynaq quzularla qarışıq qoyunları seyrək, iri ağaclı və otlu bir obaya yayaraq topladığı çiçəklərdən başına bir çə- ləng hörməyə çalışır, və arabir dodaqlarında uçan lətif tǝbəssümlər qədər şən və şux zərrin kəpənəklərin arxasınca uşaqcasına qoşaraq əylənirdi. Hazırlamış olduğu çələngi şən və şatır uşaqlara məxsus bir tövr və əda ilə başına qoyarkən: "Eşq olsun, eşq olsun, tam bizim istədiyimiz qız", - deyə pı- çıldadı. - Bizim üçün ideal olan gözəlliyə yalnız böylə təmiz havalarda açıq-saçıq gözəl obalarda sərbəst bir quş kimi yaşamış kənd qızlarında təsadüf etmək mümkündür.

O gecə bir-birimizdən çox gec ayrıldıq. Əllərini əllərim içində sıxaraq:

- Cavid bu xatirə sənə dair yazacağım romanın başlanğıcını təşkil edəcək, - dedim.

O gülə-gülə:

- Yox-yox yazma, - dedi.

Cavid ilə ilk tanışlığım 1905-ci ildə oldu. O zaman Bakıya səyahət üçün gəlmişdi. Yaxın dostluğumuz 1910-cu illərdən sonra başlandı. İstanbuldan yenicə dönmüş və hələ böyük şöhrət qazanmış şairin arabir "Tərəqqi" və "Yeni həyat" qəzetlərinin səhifələrində, "Salik" imzası ilə yazdığı mənzumələrini oxuyurdum. 1910-cu ildə yazdığı birpərdəli "Ana" dramı məndə onun həm böyük şair, həm də böyük dramaturq olacağı qənaətini oyatdı. Şair dostlarımın hamısından ziyadə Cavid ilə görüşür və boş vaxtlarımızı əksərən bir yerdə keçirirdik. 1914-cü ildə nəşr etdiyi "Şeyx Sənan" faciəsini böyük bir maraqla oxumuş, görüşürkən onun böyük müvəffəqiyyətini səmimi qəlbdən təbrik etmişdim. Cavidin şah əsərləri, şübhəsiz, "Şeyx Sənan" ilə "İblis" faciələridir. "İblis"i 1919-cu ildə başlamış, 1920-ci ildə bitirmşdir. Şair bu iki qiymətli əsəri ilə yaradıcılığının ən böyük zirvəsinə qalxmış, kamal dövrünü bulmuşdu.

Cavidin "İblis" faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçirdiyi müthiş fəlakəti yazmaq məcburiyyətindəyəm.

Cavid Bakıda köhnə Nikoloyevski küçədə yerləşən "Təbriz" otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı:

"Mart hadisəsinin ikinci günü bir dəstə daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. "Nə edəcəksiniz burada edin!" - dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tin başı üzərimizə yaylım atəşi açılınca hamımız qorxudan yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra "Qalxın!" əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə 60 nəfərdən 2 nəfər qaldıq. Bizi gətirib Mayılov (indiki Akademik Dövlət Opera və Balet teatrının binası) teatrına buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq. Bu hadisədən olduqca mütəəssir oldum. İndi biz Hüseyn Sadiq ilə ənzəliyə qaçmağa qərar vermişik. Bura çox təhlükəlidir. Sənə də burada qalmamağı məsləhət görürəm".

Mənim Bakıdan çıxmaq iqtidarım yox idi. Vəziyyətimi Cavidə anlatdım. Hüseyn Sadiq ilə Cavid iki gün sonra Ənzəliyə getdilər. Cavid oradan Təbrizə, Təbrizdən isə Naxçıvana getmişdi.

Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan "İblis" faciəsini bu acı təsirlər altında yazmışdır.

Cavid öz sənətini çox sevən bir şair idi. O, gözü önündə uçuşan minlərcə mövzulardan yalnız ən çox sevdiyini, ruhuna və sənətinə ən müvafiq gələnini yaxalar və onu bir müddət zehnində yaşatdıqdan sonra səssiz, kimsəyə sezdirmədən yazmağa başlar, ondan soruşmayınca hansı əsərin üzərində çalışdığını söyləməzdi. O, əsərlərini birdən-birə, kamil şəkildə meydana çıxartmaq istərdi.

Həyatında eniş-yoxuşlu yollar keçmiş bir neçə peşədə çalışmış, böyük istedada malik olan Hüseyn Cavid Şərq tarixində bəyəndiyi tarixi mövzuları qələmə alıb romantizm üslubunda "Ana", "Maral", "Şeyx Sənan", "İblis", "Uçurum", "Şeyda", "Afat", "Telli saz", "Peyğəmbər", "Topal Teymur", "Dəli Knyaz", "Siyavuş", "Madrid" və "Xəyyam" kimi mənzum və mənsur faciələr, "Azər" adlı mənzum roman yazmışdır. Cavidin mənzum faciələri Azərbaycan səhnəsində böyük müvəffəqiyyət qazanmışdır. Yazdıqları o qǝdər sevilirdi ki, tamaşaçılar onun əsərlərindəki ayrı-ayrı səhnələri, dialoqları əzbərdən bilirdilər. 

 

Abbas Zamanov Hüseyn Cavid haqqında söyləmişdir:

Hüseyn Cavid nə sələflərinə, nə də xələflərinə bənzəyir. Onun sənətdə öz səsi, öz nəfəsi, öz dəst-xətti vardır. Poeziyada da, dramaturgiyada da o, orijinaldır, heç kəsi təkrar etməmiş, heç kəsin təsirinə qapılmamışdır. Yazıb yaratdıqlarının hamısı öz istedadının məhsuludur. Nə yazmışdırsa öz vicdanının pıçıltısı ilə yazmışdır. Burada mərhum teatrşünas-tənqidçi Cəfər Cəfərovun aşağıdakı sözlərini xatırlamaq yerinə düşərdi: "Hüseyn Cavid heç bir vaxt sənətkar vicdanına xəyanət etməmişdir."

Bütün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş, nəyi axtarmışdır? Qoy bu suala yazıçının özü cavab versin: "Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir."

Şairin zəngin yaradıcılıq yolunun ümumi pafosu göstərir ki, bu etiraf, bu müddəa tamamilə doğrudur. Son dərəcə mürəkkəb bir həyat və yaradıcılıq yolu keçən Cavidin ilham pərisi daim həqiqət eşqi ilə qanad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. Həqiqəti axtarıb tapmaq, ona qovuşmaq yollarında bəzən şübhələr, tərəddüdlər keçirən şairin ilham pərisi bəzən əngin səmalarda, tarixin dərinliklərində qanad çalsa da, o, heç bir vaxt öz idealından həqiqətdən ayrılmamış, bütün yaradıcılığı boyu onu insanlara aşılamağa, həqiqətin çətin yollarını onlarla göstərməyə çalışmışdır.

Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də həqiqətin ancaq bircə mənası vardır ki, bu da öz doğma xalqını azad, xoşbəxt və mədəni görmək, ana Vətənə xidmət etmək arzusudur.

Hələ gəncliyində dostlarından birinə göndərdiyi məktubda Cavid yazırdı: "... İndi əsl məqsəd Vətənə xidmət, həm də layiqincə xidmət etməkdədir." 

 

Məsud Əlioğlu isə onun haqqında belə söyləyirdi:

"Xəyal içində bəşər daima səadət arar"

Hüseyn Cavidin sənəti, görüşləri və yaradıcılıq taleyi haqqında düşünərkən fikrimizin fövqündə çox əzəmətli və məğrur bir sima, incə, həssas, həm də son dərəcə qüdrətli bir istedad canlanır. Hüseyn Cavid bu yüksəlişə çatana qədər mürəkkəb yaradıcılıq yolu keçmiş, ağır və böhranlı bir təkamül dövrü yaşamışdır.

Əgər belə bir sual verilsə ki, Hüseyn Cavid yaradıcılığının başlıca poetik mənası və Cavid sənətinin fəlsəfi-estetik məzmunu nədən ibarətdir? Həmin suala daha dəqiq və doğru cavab bu ola bilər: insanları birləşdirən, yaxın və doğma edən mənəvi amillərin təsdiqi və onları bir-birindən ayıran, yadlaşdıran qorxunc ehtirasların inkarı.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.