Statistiklərin və aşpazların günü Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

 

20 oktyabr. Ümumdünya statistika günü

Statistika hamı üçün ən ümdə mövzudur. Üstəlik, Bakıda statistika idarəsinin adını hamı “Sataistikanın kruqu” deyilən ərazi ilə tanıyır. Amma statistiklərimiz düzgün statistika aparırlarmı? Əksər hallarda yox. Statistika bəzən pripiskaya qurban gedir. Sifarişli statistika cəmiyyətin ən böyük bəlasıdır. Bu sovetdənqalma bir ənənədir, digər MDB dövlətlərinə də xasdır.

 

20 oktyabr. Beynəlxalq aşpaz və kulinar günü

Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.Azərbaycan mətbəxi ənənələri xalqımızın dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan RespublikasıGüney Azərbaycanİrəvan xanlığıZəngəzur və Göyçə mahallarının torpaqlarında, GürcüstanınBorçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılıb. Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxi maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi mətbəx mədəniyyəti tarixini, onun fəlsəfəsi, süfrə psixologiyası, adət-ənənələri, mətbəxin fiziologiyası, gigiyenası, avadanlığı, etikası, estetikası və s. cəhətləri, eləcə də təcrübi amilləri özündə birləşdirir. Gəlin xatırlayaq: İrəvan kətəsi, Quba paxlavası, Bakı düşbərəsi, Şəki pitisi, Naxçıvan qovurması, Gəncə dovğası, Corat qutabı, Qax sürhüllüsü, Qazax xəngəli, talış ləvəngisi, ləzgi çörəyi... və daha nələr, daha nələr...

Bu gün mətbəximizin ənənələrini şərəflə daşıyan bütün aşpaz və kulinarları təbrik edək, xüsusi təbrik isə Tahir Əmiraslanova düşür, mətbəximizin dünyada bir nömrəli təmsilçisinə və təbliğatçısına.

 

20 oktyabr. Rey Bredberi və Səttarxan

Beynəlxalq aviadispeçer günü. Bu sahədə çalışanları təbrik edirik. Beynəlxalq pediatriya günü. Bu sahədə çalışanları da həmçinin.  Bəhailər Bab gününü qeyd edəcəklər. CAR Daun sindromlularının gününü. Qvatemala inqilab, Çexiya ağacəkmə, Keniya qəhrəmanlar, Vyetnam qadınlar gününü qeyd edəcək. ABŞ isə vədinə xilaf çıxmadan mətbəx bayramlarını bu gün də bir-birinə calayacaq. Milli ofis şokoladı günü. Üstəlik, milli meyvəli brendi günü.

2011-ci ilin bu günündə Liviya lideri Müəmmər Kaddafi dünyasını dəyişib. 1978-ci ilin bu günündə “Kim, nə, harada” oyununun tarixə düşmüş məşhur iştirakçılarından biri, İctimai Televiziyanın rəhbəri Balakişi Qasımov dünyaya gəlib. 1953-cü ilin bu günündə dünyada ən çox oxunan kitablar cərgəsində yer almış Rey Bredberinin “Farenqeyt üzrə 451 dərəcə” kitabı – bir antiutopiya nümunəsi işıq üzü görüb. 1945-ci ildə Fransada qadınlara seçki hüququ verilib. 1924-cü ildə Xarkovda Ukraynanın ilk radiosu işə başlayıb. 1868-ci ildə ən böyük azərbaycanlılar sırasında yer alan Səttarxan – İranda Azərbaycan hərəkatının görkəmli lideri, Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı dünyaya gəlib. 1854-cü ildə fransız simvolist şairi Artyür Rembo doğulub.

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.