Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Görkəmli alim, professor Firidun Ağası oğlu Cəlilov maraqlı fikir irəli sürür. Azərbaycan adının Atropatena adından qaynaqlanmasını heç cür qəbul etmir. Sovet tarixçilərinin fərziyyələrinə görə e.ə. IV əsrdə Makedoniyalı İskəndər işğal etdiyi əraziləri satraplıqlara bölmüş, idarə olunması üçün öz adamlarını qoymuşdu. Atropat da Azərbaycan üzrə satrap idi və müasir Azərbaycan adı da məhz həmin dövrdən gəlir. Bəs bu ənənə Atropatın Vətəni və tabe olduğu Makedoniyada vardımı? Olardısa, ölkəsinin adının İskəndərin şərəfinə dəyişərdilər. Amma İskəndər özü ölkəsinin adını öz adına (Makedoniyalı) qoşmuş, şərafətləndirmiş və məşhurlaşdırmışdı. Deməli, Atropat üçün addəyişmə ənənəsi yox idi. Əgər ölkə hökmdarın və ya sülalənin adı ilə adlanması dəbi vardısa, bəs nədən sonra ölkəni daha uzun müddətə buranın hakimi olmuş daha qüdrətli hökmdarların (Eldəgizlərin, Səfəvilərin, Nadir şahın, A.M.Şah Qacarın və sair) adına verməmişdilər? Söhbət əgər bu xalqın yadellilərə daha böyük ehtiramından gedirsə, hülaki, monqol, ərəb mənşəli hökmdarlar da az olmamışdı. Deməli, ölkənin adının Atropatena ilə bağlanması cəfəngiyyatdır.
Professor Firudin Cəlilov bu sözün Xəzər dənizinin adı ilə bağlı olduğu fikrini irəli sürür. Çünki, ərazisi böyüdükcə və dövrün iqtisadi-siyasi tələblərinə uyğun olaraq regionda dəniz faktoru önə çıxırdı. Bu dəniz gah onların bir qisminin - qədim kas türk tayfalarının adı ilə Kaspi, ya da bütün qərb sahilli toplumlar dənizin adı ilə ("kas"- "xas" səslənişi) "kasarlar"-"xasarlar"- "xazarlar" kimi tanınırdı. Sonradan buna "boy" sözü də əlavə olundu. 1400 illik tarixi olan Dədə Qorqud dastanında "boy" ifadəsini yəqin ki hamımız əzbər bilirik. "Boy" həm də böyük "soy kökü" mənasını verir. Deməli, "xəzərboylar", əslində elə dövlət adımızın kökü sayıla bilər. Ərəblərin əlavə etdiyi "qan" ifadəsi isə məkan anlayışını bildirir və nəticədə "Xazarbayqan" ifadəsi "Xəzər boyunda yaşayanların yeri" anlayışını formalaşdırır. "X" səsinin tədricən sıradan sıxması, sondakı "q" hərfinin isə "c" ilə əvəzlənməsi dilin fonetik xüsusiyyətlərinə görə dəyişə bilir. İndi də türkmən və qazax ellərində bizim ölkə bəzən "Xazarbaycan" adlanır. Burada yaşayan əsas toplumun "xazarbaycanlılar"- azərbaycanlılar, yəni bu yerin sakinləri adlanması anomastika ilə məşğul olan alimlərin nəzərində tam məntiqə uyğun araşdırma kimi qəbul edilə bilər. Bu adın tədricən daha uzaqlara da şamil olunması hakimiyyətdə "xazarbayqanlıların" olması ilə bağlıdır.
“Ədəbiyyat və incəsənət”
(19.10.2023)