Gənclər Kitabxanasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
Bəli, qeyd etdik ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür. Və bu əlamətdar gün münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar - videomaterial, virtual və ənənəvi kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalının Kitabxanadan aldığı məlumata görə, hazırlanan materiallarda Azərbaycan dövlətçiliyinin müstəqillik tarixi, qurucuları haqqında məlumat verilib.
Burada müstəqilliyin ilk illərində respublikanın ictimai-siyasi fəaliyyətini əks etdirən məlumatlar, maraqlı faktlar, sənədlər, foto və videogörüntülər də təqdim edilib.
Virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, müstəqillik, onun mahiyyəti, insan həyatında daşıdığı müstəsna əhəmiyyət haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr yer alıb. Materiallarda Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyini qoruyub saxlayan, günü-gündən daha da güclənən, beynəlxalq siyasi arenada müstəsna nüfuza malik olan Azərbaycan dövlətinin Şanlı qələbəsini, Zəfər tarixini əks etdirən məlumatlar da təqdim edilib. Virtual kitab sərgisində Ali Baş Komandan İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi şəhərində söylədiyi tarixi çıxışın görüntüləri də yer alıb.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisində “İlham Əliyev. İnkişaf - məqsədimizdir”, “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir”, “Müstəqillik yollarında: liderlik missiyası”, “Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri”, “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kimi 20-ə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilib.
18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Müstəqilliyimiz dönməzdir, əbədidir!
“Ədəbiyyat və incəsənət”
(18.10.2023)