18 OKTYABR — MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜDÜR Featured

 

Uzaq tarix bir yana, bəs yaxın tariximizi bilirikmi? 

Bu gün hansı gündür? 

“Ədəbiyyat və incəsənət” portalı sizi 32 il öncəyə bir fikir səyahətinə dəvət edir. 

 

XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyada demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikalarda da mərkəzdən qaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.

(Bu başqa məsələdir ki, həmin bəyannaməyə kimlər qol çəkmədi. Hələ də onların bəzisi siyasi elitada təmsil olunur)

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalq bunu bir bayram kimi qeyd edir.

Yəni, 1918-ci ilin 28 mayını 1991-ci ilin 18 oktyabrı geri qaytarıb. 

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.