“Füzuli Şəhəri Günü” Gənclər Kitabxanasında

Bir vaxtlar Qaryagin adlandırılan, sonra adı dahi şairimiz Məhəmməd Füzulinin şərəfinə Füzuli olan, sonra isə erməni qəsbkarları tərəfindən işğal edilən Aran Qarabağı rayonu Füzuli 44 günlük müharibədə oktyabrın 17-də azadlığına qovuşdu, indi hər il həmin tarix Füzuli Şəhər Günü kimi qeyd edilir. 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da bu əlamətdar günə öz töhfələrini veriblər, kitabxnanın əməkdaşları tərəfindən dünənki əlamətdar tarix -  “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan daxil olan məlumata görə, materiallarda Füzuli rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik siyasəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Füzuli rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

Videoçarxda Azərbaycanın müasir tarixinin ən şanlı görüntüləri olan Prezident İlham Əliyev tərəfindən Füzulidə Azərbaycan bayrağının qaldırılması, burada inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsi görüntüləri də yer alır. Materiallarda Füzuli rayonunda aparılan yenidənqurma işlərinə, yüzlərlə Füzuli sakininin öz doğma torpaqlarına qayıtmalarına, bu ərazilərin yenidən dirçəlməsinə, çiçəklənməsinə dair görüntülər təqdim edilir.

17 oktyabr – “Füzuli Şəhəri Günü”nə həsr edilən virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Zəfər salnaməsi”, “Qarabulaqdan Füzuliyədək”, “Sevgilim, Vətən”, “Qarabağ Azərbaycandır!”, “Və Nida!”, “Füzuli rayonunun memarlıq abidələri”, “Füzuli rayonu: ensiklopedik məlumat kitabı” kimi 20-dən çox kitabın, “Füzuli regionun gözəl şəhərlərindən birinə çevriləcək”, “İsveçli səyyahlar Füzuli rayonunda”, “Füzuli şəhərində Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməli qoyulub” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb. Eyni zamanda, kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb.

Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Füzuli şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

Zəfərin mübarək, Azərbaycan!

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.