”Kitab bizdən, oxumaq sizdən” devizi altında kampaniyaya start verilir


Cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların reinteqrasiyası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən innovativ tədbirlər maraq doğurur. Azadlıqdan məhrum edilmiş şəxslərin islah prosesinin və asudə vaxtının səmərəli təşkili, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı nəzərə alınaraq təlim-tədris proqramlarının keçirilməsi onların hüquqlarının etibarlı təminatına xidmət edir. Azərtac “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılmasıdır.
Nazirliyin bu sahədə vətəndaş cəmiyyəti institutları ilə sıx işgüzar fəaliyyəti, cəzaçəkmə müəssisələrində məhkumların islah prosesinə, çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlərə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının yaxından cəlb olunması xüsusilə diqqətəlayiqdir.
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün Ədliyyə Nazirliyi ilə birgə “Nizami Gəncəvi İli” çərçivəsində “Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasına start verir.
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.
Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 325-18-38 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.