SUAL-CAVAB: Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyasında Azərbaycan necə təmsil olundu?

 

SUAL: Hörmətli “Ədəbiyyat və incəsənət”. Bu günlərdə Malta Respublikasının Valletta şəhərində təşkil olunmuş Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyasında Azərbaycanın iştirakı ilə bağlı qısa xəbər oxudum. Mümkünsə bu barədə daha ətraflı məlumat verərdiniz. 

(İqbal Hüseynov, tələbə)

 

CAVAB:

Öncə ondan başlayaq ki, kompendium (latınca com-birlikdə, pendere-asmaq) - hər hansı bir nəzəriyyənin əsas müddəalarının qısa şərhinə deyilir. 

Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının baş ofisi Almaniyada - Bonn şəhərində yerləşir. Təsisat tərəfindən Maltanın İncəsənət Şurası ilə birgə Malta Respublikasının Valletta şəhərində təşkil olunmuş Kompendium Assosiasiyasının 6-cı Baş Assambleyası,  Kompendium Ekspertlərinin Assambleyası, Beynəlxalq Mədəniyyət Siyasəti Konfransı və Simpoziumu 4-7 oktyabr tarixlərində keçirildi. 

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasını Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının Azərbaycan Respublikası üzrə eksperti Yaşar Hüseynli təmsil etdi.

“Mədəniyyət hüququ” (“Right to Culture”) başlığı altında təşkil olunmuş Beynəlxalq Mədəniyyət Siyasəti Konfransında  Avropa İttifaqının Bərabərlik üzrə Komissarı Helena Dalli, Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin (CDCPP) sədri Terye Hovland, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyası, Maltanın İncəsənət Şurası, İncəsənət Şuralarının və Mədəniyyət Agentliklərinin Beynəlxalq Federasiyası (IFACCA), Avropa Müqayisəli Mədəniyyət Tədqiqatları İnstitutu (ERİCArts), Beynəlxalq Müasir İfaçılıq Sənətləri Şəbəkəsi (IETM), Avropa Mədəniyyət Fəaliyyəti (CAE), mədəniyyət siyasəti sahəsində digər nüfuzlu beynəlxalq təşkilatlar və Avropanın aparıcı mütəxəssisləri iştirak edirdi. Beynəlxalq konfransın “Yaradıcılıq azadlığı”, “Mədəni müxtəliflik və əlçatanlıq” və “Mədəni Demokratiya” mövzulu panel müzakirələrində yaradıcılıq azadlığını təşviq etmək və gücləndirmək üçün hökumətin, vətəndaş cəmiyyətinin və mədəniyyət sektorunun rollarının nədən ibarət olduğu, mədəni müxtəliflik və bərabər imkanların təmin olunması üçün mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti tərəfindən nələr edilməli, fərdlərə və icmalara mədəni fəaliyyətdə, idarəçilikdə və qərar qəbuletmə proseslərinin formalaşdırılmasında fəal iştirak etməyin yolları müzakirə edildi.

Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 6-cı Baş Assambleyası və Kompendium Ekspertlərinin Assambleyasında Albaniya, Almaniya, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Böyük Britaniya,  Çexiya, Ermənistan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İsveçrə, Litva, Lüksemburq, Macarıstan, Malta, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqal, Rumıniya, Rusiya, Serbiya üzrə ekspertlər, Kompendium Assosiasiyasının Avropa Şurası və ERİCArts kimi təsisçi və daimi üzvləri, təşkilatçı-üzv olan ölkələrin təmsilçiləri iştirak edirdilər. Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 2022-2023-cü illər üçün illik fəaliyyət hesabatı, maliyyə hesabatları, layihənin auditoriyası, yeni sosial media formatlar, digər təşkilati məsələlər və gələcək perspektivlər müzakirə olundu. Tədbir zamanı Ermənistan nümayəndəsi təxribata əl ataraq, Azərbaycan tərəfinin 24 saatlıq antiterror əməliyyatı nəticəsində Ermənistana köç edən əhalinin yerləşdirilməsində çətinliklərlə üzləşdiklərini qeyd edərək, beynəlxalq tədbirin auditoriyasını çaşdırmağa çalışdı. Azərbaycan eksperti tərəfindən bu təxribat cəhdinin qarşısı qətiyyətlə alındı və tədbir iştirakçılarının diqqətinə məsələnin əsl mahiyyəti çatdırıldı.

Maltanın mədəni ictimaiyyətinin görkəmli nümayəndələri və Kompendium ekspertlərinin iştirakı ilə baş tutmuş «İncəsənətin mövcud vəziyyəti” adlı II Malta Milli Beynəlxalq Simpozium çərçivəsində “Maltada mədəniyyət hüququnun kontekstuallaşdırılması” adlı panel müzakirələri aparıldı, “Maltanın İncəsənət Şurası”, “Autizm Məsləhət Şurası”, “Tamamlanmamış İncəsənət Məkanı” və Maltanın digər təşkilatlarının əlaqəli layihələri təqdim olundu. Malta Universitetinin ziyarəti zamanı mədəniyyət sahəsinə dair “Sağlamlıq və rifah üçün incəsənət”, «Ekspressiv incəsənətə və icmaya geştalt yanaşma», “Mədəniyyət siyasətində və mədəni iştirakda süni intellektin istifadə olunması” və bu kimi mövzulara dair təqdimatlar aparıldı.

Məlumat üçün bildirilir ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Kompendium metodologiyasına əsasən Avropa ölkələri tərəfindən mütəmadi olaraq hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir və mədəniyyət siyasətçiləri, tədqiqatçılar və mədəniyyət ictimaiyyəti tərəfindən nüfuzlu istinad mənbəyi kimi geniş istifadə olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu platformaya 1999-cu ildən etibarən qoşularaq fəal iştirak edir və hal-hazırda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür.

 

“Ədəbiyyat və incəsənət”

(12.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.